AraşdırmaManşet

Mason lojasının iclası, yoxsa Rusiyanın Bakıda “yumuşaq güc” axtarışı: Boqdanov kimdir? –MARAQLI DETALLAR

Xəbər verildiyi kimi, iyunun 28-də Bakıda Mason Lojasının Məclisi keçirilib. JAMAZ.İNFO xəbər verir ki, həmin toplantıda Mason Lojasının yaradılması barədə qərar qəbul edilib və qeydiyyata alınması üçün rəsmi qurumlara müraciət olunub.

Qeyd edək ki, uzun illərdir masonlar haqqında bir çox əfsanələr dolaşır. Onların kimliyi, müxtəlif məqsədlər həyata keçirdiyi barədə də çeşidli fikirlər mövcuddur. Hətta o da deyilir ki, guya, dünyanı masonlar idarə edirlər. Bu “gizlilik”, “məxfilik” mifi fonunda necə oldu ki, onlar Bakıda açıq iclas keçirdilər?

JAMAZ.İNFO bildirir ki, Bakıda keçirilən tədbirlər bağlı III Respublika Platformasının həmtəsisçilərindən biri Araz Əliyev maraqlı bir araşdırma aparıb. O, özünün sosial şəbəkə hesabında bununla bağlı yazır ki, bu xəbərin istinad nöqtəsi “Rus Böyük Mason Lojası”nın rəsmi səhifəsidir. “Doğrudan da lojanın rəhbəri (ali ustad) Andrey Boqdanov 27 iyunda Bakıya Azərbaycan lojasının görüşündə iştirak üçün gəlib. O, daha əvvəl də 16 iyunda Yerevana, 7 iyulda isə Qazaxıstana eyni məqsəd üçün səfər edib”.

Əliyev yazır ki, Andrey Boqdanovu araşdıranda ilk olaraq Putinin onun haqqındakı təəssüratı qarşımıza çıxır. “Putin hələ 2000-lərin əvvəlində deyirdi ki, “o, mütərəqqi baxışları olan iddialı gəncdir”. Boqdanov 2005-ci ildən “Demokrat” partiyasına rəhbərlik edirdi və əsas iddiası Avropaya inteqrasiya idi. 2008-ci il seçkiləri ərəfəsində isə xarici media Boqdanovu “sağ müxalifəti bölmək məqsədilə Putinlə əməkdaşlıq etməkdə” ittiham edirdi”.

Sözügedən şəxs daha sonra vurğulayır ki, 2012-ci ildə Müasir Rusiya İnstitutu onun 30 yaxın yeni partiya ilə əlaqəsi olduğu ortaya çıxarıb. “Sən demə, Boqdanov onlarla yeni partiyanın yaranmasında bilavasitə və dolayı iştirak edərək, seçki prosesinə təsir göstərib. Media onu açıq şəkildə “müxalifəti bölmək”də, “Putinin qələbə qazanması üçün seçiciləri çaşdırmaq”da, “Kremlin təsir agenti olmaq”da ittiham edirdi”.

Amma Araz Əliyev araşdırmasında bildirir ki, seçkidən sonra Boqdanov partiyasını dəyişib. “Bu dəfə o tərəfdarları ilə birgə liberal görüşlü “Sağ iş” partiyasını yaratdı. 2009-cu ildə Soçi meriası seçkilərində Putinin dəstəklədiyi namizədin xeyrinə seçkidən çəkildiyini bildirdi. 2014-cü ildə isə Boqdanov ideoloji mövqeyini də dəyişdi və Sosial Ədalət Kommunist partiyasının rəhbəri oldu. Avropaya inteqrasiya edərkən, bir anda kommunist-bolşevikə çevrildi”.

Siyasətçi qeyd edir ki, Boqdanov 2007-ci ildən etibarən “Rusiya Böyük Mason Lojası”nın rəhbəridir. “Hələ də həmin postda qalmaqdadır”.

Amma Araz Əliyev onun Bakıya gəlişinin loja ilə əlaqəli olduğuna şübhə ilə yanaşır. O deyir ki, belə adam “ali ustad” ola bilməz. “Olsa olsa xüsusi xidmət əməkdaşı, agent, provakator olar. Hələ mason heç olmaz. İndi bu biografiyaya sahib adam 27 iyunda Bakıya gəlib ki, bəs sizin üçün mason lojasının rəhbərini seçəcəyəm. Sizə inandırıcı gəlirmi? Yəqin ki, bu mason həngaməsinin Rusiya maraqlarına xidmət edən, Rusiya üçün yeni və rəsmi “yumşaq güc” yaratmaq cəhdi olduğunu desəm, mənə haqq verərsiz. İndi maraqlısı odur ki, görəsən müxalif partiyanın qeydiyyatını tanımaq istəməyənlər, mason lojasının qeydiyyatına nə deyəcəklər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button