AraşdırmaManşet

Kritik gün: Soçi görüşündən nələr gözlənilir?

Bu gün Azərbaycan Prezidenti İlhamƏliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə görüş keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, həmin görüşdə Qarabağ və sərhəd məsələləri, habelə rabitə-kommunikasiya əlaqələrinin bərpası mövzuları müzakirə ediləcək.

Qeyd edək ki, görüşə qədər bir sıra hadisələr baş verib və bəzi açıqlamalar verilib. İlk olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın dediklərinə diqqət yetirək. O bildirib ki, Rusiya tərəfi 15 bənddən ibarət sülh sazişi hazırlayıb və sentyabr ayında İrəvana təqdim edib. Həmin 15 bənddə konkret olaraq nələrdən bəhs edildiyi barədə danışmasa da, onlardan bəzilərini dilə gətirib. Məsələn, Paşinyan həmin sazişlə razı olduqlarını bildirib. Eyni zamanda, orada rus sülhmərmlılarının Qarabadğa daha 15-20 il qalmasının əks olunduğunu və Ermənistanın buna razılıq verdiyini deyib.

Paşinyanın açıqlamalarından belə başa düşülür ki, Rusiyanın hazırladığı sülh sazişi layihəsi Bakıya da təqdim olunub. Lakin Azərbaycan hakimiyyəti bununla bağlı hər hansı açıqlama verməyib.

Görüşə qədər digər bir hadisə isə dünən Xankəndi şəhərində ermənilərin aksiya keçirməsi və orada Azərbaycanın tərkibində qalmaq istmədəiklərini deməsidir. JAMAZ.İNFO xəbər verir ki, erməni mənbələri aksiyada 60 min erməninin iştirak etdiyini iddia ediblər. Lakin real rəqəmlər bundan ən azı 3 dəfə azdır. Əvvəla, Qarabağda faktiki olaraq 60 min adam yaşamır. Bu say ən maksimum 25 mindən yuxarı deyil. Həmin 25 min erməninin də yarısı uşaqlar və qocalar təşkil edir ki, onların da aksiya çıxması real görünmür. Deməli, ermənilər bunu qabaqcadan planlaşdırıb, Gorus, Sisyan və Sünikdən adamlar gətirməklə 60 min rəqəmini düzəldə bilərdilər.

İndi isə Soçi görüşünün gözləntiləri barədə. Böyük əksəriyyət o fikirdədir ki, Soçidə keçiriləcək 3 tərəfli görüşdə hansısa sülh sazişi imzalanacaq. Lakin bu real deyil. Ən azından ona görə ki, belə bir hadisə olsaydı, öncədən ən azı erməni və ya rus tərəfi məlumat yaymış olardı. Soçi görüşü təbii ki, digər görüşlərdən daha gərgin keçəcək. Çünki ortada saziş layihəsi varsa, tərəflər bunu müzakirə edəcəklər, öz mövqelərini ortaya qoyacaqlar.

Digər tərəfdən, Vaşinqton və Praqa görüşlərindən sonra Rusiya Qafqazda təşəbbüslərin əlindən çıxdığını açıq-aydın görürdü. İstər Putinin, istərsə də Zaxarovanın açıqlamalarından da aydın görünürdü ki, Kreml ciddi narahatdır və təşəbbüsü yenidən özünə qaytarmaq üçün addımlar atacaq. Praqa görüşündən sonra, paralel olaraq Vaşinqtonda əldə olunmuş ilikin razılaşma sənədinin üzə çıxmasının ardından Putin Əliyev və Paşinyanla görüşmək istədiyini açıqladı. Elə məsələyə bu konteksdən yanaşsaq, belə anlamaq olar ki, Soçidə hər hansı saziş imzalanmayacaq. Bu Rusiyanın özünü Qərbə göstərməsindən başqa bir şey olmayacaq. Ən yaxşı halda indiyə qədər Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 11 sentyabr sənədinə bənzər bir kağıza qol çəkiləcək. Yəni , tərəflərin görəcəyi işlərə dair.

Başlayaq ermənilərin iddia etdiyi “həmin sənəddə Qarabağ münaqişəsinin bitmədiyi qeyd olunacaq və statusu məsələsi sonraya saxlanılacaq” sözlərinə. Birmənalı olaraq bildirimək mümkündür ki, Azərbaycan bu məsələyə qətiyyən razılıq verməyəcək. Əvvəla ona görə ki, rəsmi Bakı ən üst səviyyədə bəyan edib ki, Qarabağ münaqişəsi bitib, orada yaşayan ermənilərə heç bir status verilməyəcək. Bu Praqa görüşündə də qəti səsləndirilmiş fikirdir. Belə olan təqdirdə, Azərbaycan nəyi əsas gətirib, hansı arqumenti ortaya qoyaraq, “Qarabağ münaqişəsi davam edir” deyəcək? Bu hakimiyyətin özü özünü inkar etməsi, cəmiyyəti iki ildir aldatması mənası daşıyacaq. Ki, hakimiyyət qətiyyən buna getməz.

Digər tərəfdən, Qarabağla bağlı planını təxmini açıqlayıb. Birbaşa Prezident İlham Əliyevin dilindən səsləndirilib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, onlara hər hansı ayrıca imtiyaz verilməyəcək, digər vətəndaşlar kimi, ölkə daxilində yaşayacaqlar. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün isə heç bir dövlətlə müzakirə aparmayacaqlar. Bütün bunların ardından rəsmi Bakı nə deyib “Qarabağa status veriləcək” sözünü işlədə bilər? Bu nə dərəcədə məntiqli görünür?

Xankəndidə keçirilən aksiya, Soçi görüşü və bundan sonra gözlənilən digər görüşlərdən də hələlik ciddi nəticə gözləməyə dəyməz. Proses faktiki olaraq müzakirə müstəvisindədir və tərəflərin bir xeyli məsələdə ortaq məxrəcə gəlməsi mümkün olmadan, saziş imzalanmayacaq. Bunu Azərbaycan daha çox istəyir, çünki daha ciddi üstünlüklər əldə etməyi qərarlaşıdırıb.

Fərda Uğur  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button