AraşdırmaManşet

Kremlin Qarabağla bağlı planı: erməni jurnalist detalları açıqladı

Erməni jurnalist Nairi Hohikyan bu gün “Hraparak” qəzetində qəribə, həm də maraqlı məlumatla çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, o, əldə etdiyi məlumatın Qarabağdakı separatçılardan aldığını iddia edib.

Məlumatın maraqlı tərəfi odur ki, uzun müddət dost olan Arayik Harutyunyanla Ruben Vardanyanın münasibətləri kəskin şəkildə pisləşib. Məsələnin digər maraqlı tərəfi isə yaxın günlərdə Qarabağda bəzi dəyişikliklərin olacağı və bunun da Rusiyadan idarə edildiyidir. “Əldə etdiyim bu məlumatı Ruben Vardanyan, Araik Arutyunyan yaxın, eləcə də Rusiyanın daxili mənbələri yayıb. Həmin məlumata görə, Ruben Vardanyan və Araik Arutyunyan əvvəldən yaxın dost olublar. Lakin “dövlət naziri” Vardanyanın ictimai çıxışları səbəbindən onların münasibətləri korlanmağa başlayıb. Harutyunyan təkid edir ki, mümkün qədər təmkinli olmaq və təxribata imkan verməmək lazımdır. Vardanyan isə Azərbaycanın nə deməsinə baxmamaq, xalqı ruhlandırmaq lazımdır”.

Hohikyan yazır ki, Rusiya tərəfi dəfələrlə hər iki tərəfə (Arayik və Rubenə- red.) xəbərdarlıq edib ki, indiki məqamda sakitliyi qorumaq lazımdır. “Onlar Ukraynada müharibə bitirənə qədər sakitliyi qorusunlar, vəziyyəti gərginləşdirməsinlər. Bundan sonra onlar Qarabağ məsələləri ilə də fəal məşğul ola biləcəklər”.

Erməni jurnalist qeyd edir ki, Vardanyan Qarabağda ciddi uğur qazanmağa çalışır. “Məqsədi Ermənistanda hakimiyyətə gələ bilməkdir. Bu da Nikol Paşinyanı ciddi şəkildə qorxudur. Arayik Harutyunyan isə deyir ki, Qarabağ indi elə bir vəziyyətdədir ki, Azərbaycanla qarşıdurmaya getmək və ya kəskin addımlar atmaq iqtidarında deyil. Ona görə də populizm olmadan sakit hərəkət etmək lazımdır”.

O daha sonra yazır: “Ruben Vardanyan Ermənistan mediasından fəal istifadə edir. Müxtəlif ölkələrdə müntəzəm müsahibələr verir. O hesab edir ki, Qarabağ haqqında nə qədər çox adam danışsa, problem bir o qədər asan həll olunacaq və beynəlxalq səviyyədə tanınacaq. Araik Harutyunyan isə deyir ki, Azərbaycanla bağlı neft və digər böyük maraqlar olduğu müddətdə beynəlxalq tanınma olmayacaq. Ona görə də indi gərginlik olsa, heç kim bizim tərəfimizdə dayanmayacaq”.

Hohikyan bildirir ki, Azərbaycanın yolu bağlamasından sonra Vardanyanın mövqeyi daha sərtləşib. Lakin Harutyunyan buna baxmayaraq, danışıqların tərəfdarıdır. “Hər ikisi güzəştin əleyhinədir, güzəştdən söhbət gedə bilməz. Amma məsələnin həllinə yanaşmalar baxımından fərqliliklər var”.

Onun sözlərinə görə, Vardanyanla Harutunyan tərəfdarları bir birilərini ərzaq satmaqda ittiham edirlər. “Vardanyanın adamları deyir ki, Qarabağa gətirilən ərzaqları Harutunyan adamları vasitəsi ilə satdırır. Arayikin adamları da eyni ittihamla Vardanyanın ərzaq satdığını deyirlər”.

Erməni media mənsubu Qarabağdan gələn bir başqa xəbərə də diqqət çəkib. O deyir ki, Vardanyan Harutyunın Nikol Paşinyanın adamı kimi təqdim edir. “Hərçənd Arayik və tərəfdarları bunu inkar edirlər. Əvəzində isə Vardanyanın Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın yaxını olduğunu vurğulayırlar. Fakt odur ki, Qarabağda yaşayan ermənilər iki yerə parçalanıblar. Bu da fəlakətli nəticələrə səbəb ola bilər”.

Hohikyan vurğulayır ki, əldə etdiyi məlumatlarda Ruben Vardanyanın Rusiyanın dəstəyi ilə gəldiyi və vəzifə başında olduğu müddətdə Qarabağdakı ermənilərə hədə-qorxu gəlməyəcək. “Onun missiyası  Qarabağın türklərə veriləcəyi barədə rəy yaratmaqdır. İddialara görə, onun bir məqsədi də Qarabağda insanları indiki hakimiyyətə qarşı səfərbər etməkdir. Başqa bir açıqlamaya görə, Qarabağda simasız və təcrübəsiz insanlardan hökumət qurmağa çalışırlar ki, kənardan idarə etmək daha asan olsun”.

Bundan başqa jurnalistin dərc etdiyi məqalədə həmin məlumatlara əsasən qeyd edilir ki,Kreml Ruben Vardanyanı Qarabağa gətirməyib. “Amma buna qarşı da çıxmayıb. O heç vaxt rusların qeyd-şərtsiz dəstəyini almayıb, sadəcə olaraq, onlar Ukraynada müharibə bitənə qədər təmkinli və sakit hərəkət etməyi dəfələrlə təklif ediblər”.

Hohikyan daha sonra bildirir ki, Harutyunyan və Vardanyanın Moskva səfərindən sonra ikincinin işdən çıxarılması barədə qərar qəbul olunub. “Vardanyan artıq rəsmilərlə vida görüşü keçirib və deyib ki, o, Qarabağı tərk etməyəcək. Siyasi sahədə qalacaq. Bəziləri isə hesab edir ki, Ruben Vardanyan işdən çıxarıldıqdan bir neçə həftə sonra Qarabağdan səsiscə gedəcək”.

Erməni jurnalist iddia edir ki, fevralın 22-25-i və ya fevralın sonuna qədər Ruben Vardanyan istefaya göndəriləcək. “Bundan sonra Azərbaycanın öz məqsədinə çatdığını göstərmək üçün yol açacağı istisna deyil”.

P.S. Qeyd edək ki, Nairi Hohikyan Nikol Paşinyan hakimiyyətinə kəskin müxalif mövqedə dayanır. Bundan başqa, onun Qarabağdakı separatçılara münasibəti də birmənalı deyil. Yəni, onları da sərt tənqid etməkdən çəkinmir. Lakin onun məlumatlı biri olması da inkar olunan deyil. Çünki indiyə qədər Hohikyan erməni mediasında çox ciddi məlumatlar və iddialarla çıxış edib.

Aydın məsələdir ki, Rusiya Qarabağda vəziyyətinb gərgin qalmasında maraqlıdır. Onun Ruben Vardanyan üzərində qurduğu plan isə artıq işə yaramır. Buna səbəb bir tərəfdən Azərbaycanın kəskin mövqeyi və atdığı addımlardırsa, digər tərəfdən, Ermənistan hökuməti də Vardanyanın Qarabağda olmasının ciddi fəsadlar yarada biləcəyindən ehtiyatlanırlar. Bu fəsadların Qarabağa yox, məhz İrəvan hakimiyyətinə bağlı olması isə çoxdan məlumdur. Belə ki, Vardanyanın niyyəti Qarabağdan tramplin kimi istifadə edərək, Ermənistanda hakimiyyətə gəlməkdir. Bunu Paşinyan və komandası da yaxşı bilir. Belə olan halda, onun Qarabağda uğur qazanmasına da imkan verməmək üçün mümkün addımları atırlar.

Azərbaycan isə Vardanyan planını sıradan çıxarmaq üçün demək olar ki, az qala Rusiya ilə üz-üzə gəlib. Laçın dəhlizinin bağlanması, orada aksiyanın keçirilməsi, habelə Moskvanın tələblərinin yerinə yetirilməməsi də bunu deməyə əsas verir. Üstəlik, Bakının addımları rus sülhməramlı missiyasının da nüfuzdan düşməsinə səbəb olub. Artıq Qarabağın özündə də belə bir rəy yaranıb ki, ruslar onların təminatçıları deyil.

Amma bütün bunlara baxmayaraq, Nairi Hohikyanın yazdıqlarının da hamısının həqiqət olduğunu demək doğru olmaz. Burada erməni bicliyinin, Azərbaycan auditoriyası üçün hesablanmış mesajlar da var. Yəni, diqqəti yayındırmaq, yolu azdırmaqda ermənilər çox pərgardırlar. O səbəbdən də bu məlumatı oxumaq, nəticə çıxarmaqla yanaşı, onun üzərində hesab aparmamaq da lazımdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button