ManşetSiyasət

Kreml susqunluğunu pozur: “Qarabağın statusu ilə bağlı Bakı və Ankarayla ciddi danışıqlara başlanılmalıdır”

Kremldən qaynaqlanan, daha çox Azərbaycanın əleyhinə yazılarla çıxış edən “Regnum” İnformasiya Agentliyi Moskvanın narahatlığını ifadə edən yazı ilə çıxış edib. Hərçənd yazı agentliyin öz imzası ilə yayımlanıb, lakin aydın məsələdi ki, sifarişçi Kremldir. Bunu elə həmin yazının üslubundan, ruhundan da bilmək mümkündür.

JAMAZ.İNFO xəbər verir ki, Regnum-un yaydığı yazıda qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı erməni icmasının maraqlarını ümumiyyətlə, nəzərə almır və ona əhəmiyyət vermir. “Hazırda Paşinyanın əsas hədəfi Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasdır. Qarabağdakı ermənilər baş verənlərə münasibət bildirmir. Hətta Ermənistan Qarabağdakı erməni icmasının danışıqlar prosesində iştirak imkanlarını tamamilə bağlayıb, onları tərəf belə hesab etmir”.

Agentlik məqalədə yazır ki, Nikol Paşinyan nəinki ikinci Qarabağ müharibəsində uduzdu, həm də hakimiyyətə gəldikdən sonra “tamamilə ədalətli” Madrid prinsiplərini inkar etdi. “Paşinyan faktiki olaraq Azərbaycanı beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpası istiqamətində hərbi əməliyyata başlamağa təhrik edib. İndi də Ermənistanın baş naziri faktiki olaraq Qarabağ erməni icmasının, danışıqlarda iştirak hüququ olmayan subyektivliyini inkar edir”.

“Regnum” daha sonra yazır ki, Nikol Paşinyan Rusiya faktiki olaraq danışıqlar prosesindən kənarlaşdırılmasına çalışır. “Hər gün həyatlarını riskə atan rus sülhməramlılarının statusu sual altına qoyulur, Qarabağdakı ermənilər  öz taleyinin həllində səsvermə hüququndan məhrum edilir”.

Bura qədəri aydındır ki, qeyd olunanlar Kremlin şikayətləri, gördüklər və görə bildikləridir. Amma əsas məqam yazının sonunda diqqəti çəkir. Belə ki, agentlik yazıda “dilinin altındakı paxlavanı” çıxarıb. “Rəsmi İrəvan Bakı və Ankara ilə münasibətləri onların şərtləri əsasında normallaşdırmaqla nəinki Qarabağ əhalisinə xəyanət edir, həm də Ermənistanı Qərb və anti-Rusiya orbitinə sürükləyir.  Əgər regiondan çıxmaq və Transqafqazda təsir imkanlarını itirmək barədə qərar qəbul olunmasa, Rusiya Ankaranın Şərqə pantürkist ekspansiyasını məhdudlaşdırmaq üçün Qarabağın statusu ilə bağlı Bakı və Ankara ilə konkret və ciddi danışıqlara başlamalıdır”.

P.S. Qeyd edək ki, yazıdan aydın görünən odur ki, Rusiya Qafqazda yetərli qədər sıxışdırılır. Daha doğrusu, Ukrayna müharibəsindən sonra dünyadan təcrid edilən Rusiyaya, Ermənistan da arxa çevirməyə başlayıb. Və haqsız da sayılmamalıdırlar. Çünki yüz ildən çoxdur ruslar onları bölgədə hamı ilə düşmən edib, əsasən istifadə olunan vasitəyə çevirib, hər zaman “maşa” kimi yararlanıb. Elə bunun nəticəsidir ki, Ermənistan 4 bir tərəfi ilə düşməndir, blokadaya salıb özünü və bu düşmənçilik hər 20-30 ildən bir minlərlə insanın ölümünə səbəb olur.

“Regnum”a gəldikdə, onların dərdi başqadır. Bir tərəfdən Kremlə bağlılıq, bir tərəfdəfn erməni diasporundan aldıqları “ianə”lər başqa şəkildə yazmaqlarına imkan vermir. Bu yazı da aydın şəkildə həmin mövqeyi nümayiş etdirir. Lakin ruslar anlamırlar ki, Qarabağda məskunlaşmış 25 min erməninin dövlət istəməsinin özü absurddur. Əgər ermənilərə bu qədər canları yanırsa, aparsınlar Rusiyada onlara respublika qursunlar. Bizimsə buna nə ehtiyacımız var, nə də ehtiyacımız olacaq.

Yazının əsas “ağırlığı” isə onu deməyə əsas verir ki, Rusiya Ermənistanın Qərbə meyillənməsindən, Qarabağ məsələsinin əlindən çıxmasından ciddi şəkildə narahatdır.

P.P.S. “Regnum”un yazısında bir cümlə var, onu yazmaq üçün həyasızın ən son modeli olmaq lazımdır. Cümlə belədir: “Hər gün həyatlarını riskə atan rus sülhməramlıları…”. Bəli, onlar həyatlarını riskə ataraq, hər gün Qarabağdakı ermənilərə silah daşıyırlar. Dünən Ağdərədə maşından tapılan silahlar da bunun əyani misalıdır. Və ya ermənilərin səngər qazmasına, silahlanmasına, təxribatçılıq etməsinə ciddi dəstək verib, “həyatlarını riskə atırlar”.

P.P.P.S. Rusdan heç vaxt “sülhməramlı” ola bilməz. Mahiyyəti buna imkan vermir. Ondan ən yaxşı halda “pisməramlı” ola bilər ki, bu da biavasitə xarakterlərindən irəli gəlir.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button