GündəmManşet

Kasıb Ermənistan, varlı Azərbaycan: Müharibədən sonrakı statistika

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan hökuməti hələ də döyüşlərdə iştirak etmiş şəxslərin statusunu müəyyənləşdirə bilməyib. JAMAZ.İNFO xəbər verir ki, döyüşlərdə yaralanan və bədən üzvlərini itirən hərbçilərə də münasibətdə ciddi dəyişiklik yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Qazilərə yanaşması isə daha çox düşmənçiliyə bənzəyir. Məsələn, nazirlik bir ayağını dizdən aşağı itirmiş döyüşçüyə I deyil, II qrup əlillik verməklə kifayətlənir. Üstəlik, bildirir ki, bu, Nazirlər Kabinetinin qərarına əsasən müəyyən olunur.

Yeni qəbul edilmiş qanunda isə əlillik dərəcəsi faizlə hesablanacaq. Lakin bunu necə, hansı kriteriyalarla hesablayacaqlar, məlum deyil.

Qeyd edək ki, Azərbaycanda Müharibə Veteranı statusu almış şəxslərə 80 manat aylıq müavinət verilir. Düzdür, həmin veteranlara dövlət ev inşa edir, onlara avtomobillər verir. Lakin bu heç də hamıya şamil olunmur. Əksinə, mütəxəssislər hesab edirlər ki, hökumətin Qazilərlə bağlı siyasəti daha çox “candərdi” xarakter daşıyır. Yəni, “bu qədər edim, bəsdir” kimi yanaşma sərgiləyir. Halbuki Ermənistan maddi imkanları baxımından Azərbaycandan qat-qat geridə olsa da, müharibədən qısa müddət sonra bu istiqamətdə xeyli işlər görməyi bacarıb.

JAMAZ.İNFO xəbər verir ki, müharibədə həyatını itirmiş Şəhidlərimizin ailələrinə dövlət 11 min manat birdəfəlik yardım edir. Bundan başqa, Şəhid ailələrinə hər ay 500 manat təqaüd verilir. Ermənistanda isə müharibədə ölən əsgərin ailəsinə 11 min dollar birdəfəlik ödəniş edilir. Birinci qrup əlil olanlara (buraya hərbçi və mülki şəxs daxildir) isə ödənilən birdəfəlik yardımın məbləği 6500 dollara yaxındır. II qrup əlil olan şəxslər dövlətdən 4200 dollar, III qrup əlillər isə 2100 dollar birdəfəlik yardım alıblar.

Azərbaycanda müharibə zamanı əlil olmuş şəxslərə ödənilən birdəfəlik sığortanın məbləği isə Ermənistandakından xeyli fərqlənir. Məsələn, birinci qrup əlilin aldığı sığorta haqqı 6000 manata yaxındır ki, bu da təxminən 3800 dollara bərabərdir. II qrup üçün bu rəqəm 2000 dollar, üçüncü qrup üçün isə 1000 dollar təşkil edir.

Maraqlı məqamlardan biri odur ki, Ermənistanda müharibədə yüngül yaralanmış şəxslərə birdəfəlik 1100 dollar yardım edildiyi halda, Azərbaycanda bu rəqəm 550 manat təşkil edir.

Başqa bir maraqlı məqamı diqqətə çatdıraq. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan müharibə zamanı əlil olmuş uşaqlara birdəfəlik yardım olaraq 6000 dollar ödəyib. Əsir və itkin düşənlərin ailələrinə isə 2200 dollara yaxın pul ödənilib.

Qeyd edək ki, Azərbaycanda müharibə zamanı əsir götürülmüş hərbçilərimizin hamısı geri qaytarılıb. İtkinlərimizin sayı isə 10 nəfərdən bir qədər çoxdur. Onların tapılması istiqamətində isə ciddi tədbirlərin görüldüyü də şübhəsizdir. Lakin bütün bunlara baxmayaraq, hökumət indiyə qədər adı itkinlər siyahısında olan hərbçilərimizin ailəsinə birdəfəlik ödəniş etməyib.

Eyni zamanda, erməni vəhşiliyi nəticəsində Gəncədə, Tərtərdə, Beyləqanda, habelə Bərdə şəhərində əlil və yaralanan uşaqların olduğu sirr deyil. Hökumətin onlara birdəfəlik və aylıq nə qədər pul ödədiyi barədə isə indiyə qədər heç bir məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycan hökuməti Ermənistandan fərqli olaraq, istər Vətən Müharibəsi iştirakçılarına, istər əlil olmuş hərbçilərə, istərsə də digər kateqoriyadan olan insanlara ödəniş və yardımları belə aşağı səviyyədə etməklə ciddi yanlışlığa yol verdiyinin fərqində deyil. Həmçinin hökumətin bu siyasəti maddi çatışmazlıqla deyil, səriştəsizliklə bağlıdır ki, bunun da ciddi fəsadının olacağı şübhəsizdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button