ManşetSiyasət

İşğaldan azad edilmiş kəndlərin bərpasına başlanılıb

Dünən Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolunun təməlinin qoyulması mərasimi keçirilib. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

“Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır”, deyə Əliyev mərasimdə bildirib.

Qonşu Zəngilan rayonunda dövlət başçısının iştirakı ilə birinci “ağıllı kənd” layihəsinə start verilib. Layihə Üçüncü Ağalı kəndində icra olunacaq. kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Laçın rayonunun Güləbrid kəndində 8 meqavatlıq SES-in işə salınması mərasimi keçirilib. Bu, azad edilmiş ərazilərdə bərpa edilmiş ilk elektrik stansiyası olub.

Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək, deyə İ.Əliyev SES-i işə salarkən bildirib.

Prezidentin sözlərinə görə, təkcə Laçın və Kəlbəcər rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaq.

İranla sərhəddə Araz çayı üzərində yerləşən “Xudafərin” və “Qız qalası” SES-lərin tikintisi başa çatdıqdan sonra onların da generasiya gücü 120 meqavat olacaq.

Dövlət başçısı həmçinin Zəngilan rayonunda Bəsitçay Dövlət Qoruğu ərazisində olub. Ermənilər işğal altında saxladıqları dövrdə qoruğun meşəlik ərazisinin, demək olar ki, yarısını məhv edib. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.

Hakimiyyət azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası üzrə tədbirlər görür.

“Biz qısa müddət ərzində bütün imkanlarımızı, texnikanı, işçi qüvvəsini səfərbər etmişik və 7 min hektarda əkin işləri aparılmışdır. O əkin sahələrinə də baxacağam. Builki mövsümdə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq. Azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək”, deyə Əliyev bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button