ManşetMedia

İranlı ekspert: “Azərbaycan Zəngəzura addım atarsa, İran hərbi vasitədən istifadə edəcək”

Uzun zamandır İran Azərbaycanın Zəngəzur Dəhlizini açmaq üçün Ermənistana hücum edəcəyi barədə heç bir əsası olmayan xəbərlər paylaşır. JAMAZ.İNFO xəbər verir ki, hətta bununla əlaqədar olaraq iki il öncə Araz çayının sahilində hərbi təlimlər də keçirmişdi.

Bundan başqa, Tehran molla rejimi mütəmadi olaraq “qırmızı xətt”dən, “sərhədlərin dəyişdirləcəyinə qarşı çıxacağıq”dan bəhs edir.

Bununla bağlı “Donyae Eqtesad” qəzetinə müsahibə verən iranlı ekspert Həsən Beheştipur iddia edib ki, bu, başqa ölkənin ərazisinin pozulması kimi qiymətləndiriləcək. “Çünki Azərbaycan uzun illərdir bu bölgəni Ermənistanın tərkibində qəbul edib. Lakin son illər Prezident İlham Əliyev həmin ərazi ilə bağlı “tarixi” bəyanatlar verir”.

O daha sonra iddi edib ki, tarixə əsasən Naxçıvan və Qafqazın 17 şəhəri ilə bağlı çoxlu tarixi iddialar var. “Bu ərazilər əvvəllər İranın tərkibində olub. Ona görə də yaxşı olar ki, Bakı qonşu ölkəni təhdid etməyi dayandırsın”.

Azərbaycanın Sünikə hücum edib-etməyəcəyi sualına Beheştipur belə cavab verib: “Bakı hücum etmək istəyir, amma bacarmır. Azərbaycan İranın, hətta Rusiyanın bu məsələyə ciddi etirazını anlayıb. Əgər hücum olarsa, Cənubi Qafqazda bütün tarazlıqlar pozulacaq”.

Beheştpur həmçinin hücum zamanı İranın mümkün reaksiyalarına da toxunub. “İranın portfelində həm diplomatik, həm beynəlxalq hüquq, həm də hərbi əməliyyatlar var. İki il əvvəl keçirilən hərbi təlimlər zamanı İran Araz çayı üzərində üzən körpü tikib, oradan İrəvanın razılığı ilə tanklar və hərbi maşınlar çayın Ermənistan ərazisi olan o biri sahilindən keçib. Bu hərbi təlimlər Azərbaycan tərəfinə İranın bu məsələyə ciddi yanaşdığını göstərmək məqsədi ilə keçirilib”.

Sonda o deyib ki, hücum ehtimalı çox azdır. “Lakin bu baş verərsə, Bakı İranın diplomatik, hüquqi və hərbi addımları ilə mütləq üzləşəcək”.

Qeyd edək ki, İranda bu ağılda, bu düşüncədə olanların sayı çoxdur. Onlar hesab edirlər ki, guya, Azərbaycan Ermənistana hücum edəcək. Halbuki rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur. İranın bu təlaşı və hədə dilində danışması isə daha çox “qarğa, qarğa, məndə qoz var” atalar misalına dönüb. Və ya İran yenə “şirin quyruiğunu” fələyin güdazına verməyə hazırlaşır. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button