ManşetÖlkə içi

İranlı deputatdan hədə: “Azərbaycan rəsmiləri sərhədlərini keçməməlidir”

“Azərbaycana Tehrandakı səfirliyə hücumla bağlı vəziyyəti gərginləşdirməməyi tövsiyə edirəm”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi İran parlamentinin milli təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Abbas Müqtədayidir.

O bildirib ki, Azərbaycan hakimiyyəti diqqətli olmalıdır. “Azərbaycan hakimiyyəti diqqət etməlidir ki, qonşuluq prinsipi həmişə İranın gündəmində olub. Azərbaycanın İrana etirazı beynəlxalq qurumlarda düşmən davranış kimi qiymətləndirilir və Azərbaycan səlahiyyət sahibləri, rəsmiləri sərhədlərini keçməməlidir. İran Azərbaycanın cənubdakı böyük qonşusudur və vəziyyəti gərginləşdirmək və iki ölkə arasında ümumi atmosferi təhdid edən problemlər yaratmaq Azərbaycanın marağında deyil”.

O, səfirliyə hücumun dövlət tərəfindən təşkil edilmədiyi və şəxsi motivlərin olduğunu vurğulayıb. Deputat onu da əlavə edib ki, İranla münasibətlərin korlanmasından yalnız Azərbaycan zərər çəkəcək. “Azərbaycanla Ermənistan arasındakı mübahisələrdə biz gərginliyi azaltmağa öyrəşmişik. Lakin Azərbaycan fərqli reaksiya verir.  Azərbaycan İranla dostluqdan ilk faydalanan ölkədir, Azərbaycan da İranla düşmənçilikdən ilk zərər çəkəcək”.

Müqtədayinin sözlərinə görə, İsrail Azərbaycanın yaxın gələcəkdə öz nəzarətinə keçməsini istəyir ki, bu da regionda gərginliyə səbəb olacaq.

P.S. Müqtədayi də digərləri kimi, səfirliyimizə hücumu “şəxsi motiv”lə bağlayır. Bəs, bu “şəxsi motivi” ört-basdır etmək üçün İran rejimi niyə hadisəni törədən şəxsi tez-bazar “dəli” elan edib, dispanserə göndərib? Bu necə “şəxsi motiv”dir ki, səhər tezdən səfirliyi hücum edilir və binanı qorumağa məsul olan polis əli silahlı adamın səfirliyə girməsinə heç bir maneçilik törətmir?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button