AraşdırmaManşet

İran parlamenti sədrinin Bakı səfəri niyə baş tutmadı?

Bir müddət əvvəl İran parlamentinin spikeri Məhəmməd Baqerinin Azərbayacan səfər edəcəyi barədə məlumat yayılmışdı. Səfərin bu günə, yəni noyabrın 4-nə təyin edildiyi bildirilirdi. Lakin bu gün həmin səfər baş tutmayıb.

JAMAZ.İNFO APA-ya istinadən xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqirinin Azərbaycana səfəri ləğv edilib. Həmin məlumatı İranın Azərbaycandakı səfirliyi də təsdiqləyib. Səfrin təxirə salınmasının səbəbləri barədə səfirlik heç bir fikir bildirməyib. Yalnız onu qeyd ediblər ki, bu, daha münasib vaxtda baş tutacaq.

Qeyd edək ki, Baqeri Bakı səfərini təxirə salsa da, İrəvana getməkdən imtina etməyib. Ona görə də, bu gün Ermənistana yola düşüb.

Bəs, iranlı spikerin Bakıya səfərini təxirə salmasının hansı səbəbləri ola bilər? Son zamanlar İranla Azərbaycan arasında ciddi siyasi gərginliyin olması sirr deyil. Ermənistanı aktiv dəstəkləməsi, Zəngəzur dəhlizi məsələsində hədələyici fikirlərdən çəkinməməsi, Qafanda konssuluğun açılması və qarşılıq olaraq Təbrizdə də Ermənistan konsulluğunun açılmasında razılığa gəlinməsi, habelə Araz çayının sahilində təhdid dili ilə hərbi təlimələr keçirməsi İranın açıq anti-Azərbaycan mövqeyindən xəbər verir. 44 günlük Vətən Müharibəsindən sonra yaranmış bu gərginliyin hazırda ən pik həddə olması da gizlin deyil. Rəsmi Bakının dəfələrlə xəbərdarlıqlarına, müsbət görüşlərin keçirilməsinə cəhd etməsinə baxmayaraq, Tehranın Ermənistana qahmar çıxması artıq siyasi anlamda yeni toqquşmanın zəmini kimi də qəbul edilir.

Qeyd edək ki, Məhəmməd Baqirinin Azərbaycana səfərini təxirə salmasının yuxarıda sadaladığımız proseslərdən başqa, digər “arqument”ləri də var. Belə ki, bir neçə gün əvvəl DTX İranın Azərbaycandakı cəsus şəbəkəsini ifşa edərək, onları həbs edib. Suriya və digər ölkələrdə hərbi təlimlər keçmiş və silahlı dəstə yaradaraq, ölkəmizdə bir sıra terror aktlarına imza atmaq üçün hazırlanmış dəstənin ifşa olunması İran üçün xoşagəlməz haldır. Çünki uzun illərdən bəri həm vaxt, həm də maliyyə sərf edib yetişdirdiyi dəstənin ifşa olunması onların planlarının sıradan çıxması anlamı daşıyır. Üstəlik, İran bu addımı ilə Azərbaycanın ona “meydan oxuduğunu” düşünür.

Bir başqa məsələ isə bu yaxınlarda İRNA Agentliyinin yaydığı xəbərdən qaynaqlana bilər. Həmin agentliyin məlumatında iddia olunur ki, İran prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevi Tehrana rəsmi səfərə dəvət etsə də, Bakı buna müsbət yanaşmayıb. Əksinə, belə bir səfərin olmayacağı barədə xəbər göndərib. Həmçinin Azərbaycan tərəfi İranın Ermənistana son zamanlar verdiyi dəstəkdən dolayı sərt etirazını da bildirib.

Güman ki, İran parlamentinin spikeri və Tehran rəhbərliyi buna qarşılıq olaraq, Baqerini Bakıya deyil, İrəvana göndəriblər.

Ancaq Baqerinin səfərinin təxirə salınmasında Azərbaycanın da rolununola biləcəyi istisna deyil. Mümkündür ki, Azərbaycan XİN-i İran tərəfinə çatdırıb ki, hazırda görüş qrafikləri gərgindir və indiki durumda Baqerinin səfərinin təşkil edilməsi üçün uyğun vaxt deyil. Bu da yenə iki ölkə arasında yaranmış gərginlikdən dolayıdır. Yəni, Bakı Tehranın fitnəkarlıqlarını görüb, onunla bu səpkili təmaslarını azaltmaq, hətta dayandırmaq fikrindədir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button