ManşetSiyasət

İran Azərbaycandakı keçmiş səfirindən etiraf: sərhəddə hərbi təlimlər niyə keçirilib?

Azərbaycanın son zamanlar İranla münasibətlərindəki gərginlik ən yüksək həddə çatıb. JAMAZ.İNFO xəbər verir ki, bu gərginliyin səbəbkarı Tehran olsa da, heç bir vəchlə bunu boynundan atmağa çalışır. Bu azmış kimi, prosesdə Azərbaycanı ittiham etməkdən də çəkinmir.

Qeyd edək ki, iranlı siyasətçilər, xüsusən də molla rejiminin adamları olan keçmiş dilomat və politoloqları son günlər bu gərginliklər bağlı söylədikləri ilə İranın Ermənistanın yanında olmasını bir daha təsdiqləyirlər. Bu gün İRAN Agentliyinə açıqlama verən İranın Azərbaycandakı keçmiş səfiri Möhsen Pakayin də təsdiq edib ki, İranın Azərbaycana qarşı atdığı addımlar birbaşa Ermənistanla bağlıdır.

JAMAZ.İNFO xəbər verir ki, o, açıqlamasında bəzi iddialarla da çıxış edib: “Azərbaycan Türkiyə və Pakistanla birlikdə Naxçıvanda Ermənistanın ərazi bütövlüyünə qarşı təlim keçirmədimi? Bu təlim İranın “Xeybərin fəthi” təlimlərindən əvvəl olub. İranın təlimi region ölkələrinin ərazi bütövlüyünü dəstəkləmək məqsədilə keçirilib. Azərbaycan isə Ermənistanın ərazi bütövlüyünü pozub. Niyə həmin vaxt Azərbaycan bu təlimlərdən şikayət etmədi? Bakı nəinki şikayət etmədi, hətta türkdilli ölkələrin sammitində erməni torpaqları ilə bağlı tarixi iddialar səsləndirdi və Zəngzur dəhlizinin açılması və Ermənistanın bir hissəsinin öz ərazisinə birləşdirilməsi üçün hərbi yoldan istifadə etməyə çalışdığını bildirdi”.

İranlı diplomat onu da iddia edib ki, guya, Azərbaycanın hərbi təlimlər keçirməsi regionun geosiyasətini dəyişmək, coğrafi sərhədləri təhdid etmək, bir ölkənin ərazi bütövlüyünü pozmaq və yeni münaqişələr yaratmaq cəhdidir. “İran isə buna biganə qala bilməz. İranın siyasi və hərbi hakimiyyəti təlimlərin heç bir qonşusu üçün təhlükə olmadığını və region ölkələrinin ərazi bütövlüyünü dəstəkləmək məqsədi ilə keçirildiyini açıqlayıb.İran Qarabağ və 7 rayon məsələsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyi kimi, prinsipial siyasətinə əsaslanaraq Ermənistanın da ərazi bütövlüyünü dəstəkləyir. Çünki regional qarşıdurmanın və təhlükəsizliyin davam etməsi İranın qonşuları ilə iqtisadi əməkdaşlığına maneədir”.

Pakayini narahat edən bir başqa məsələs isə Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquları ilə bağlı dedikləridir. “Azərbaycanın on milyonluq əhalisi iranlıdır və öz vətənindən zorla ayrılıblar. İndi belə tarixi iddialar irəli sürülsə, İranın deyəcək çox şeyi olacaq”.

İranlı siyasətçi İran-Ermənistanla münasibətləri, habelə müharibədə İranın Aazərbaycana mane olması məsələsinə də münasibət bildirib. O iddia edib ki, İranla Ermənistanın münasibətləri Tehranın qonşularla münasibətləri gücləndirmək siyasəti çərçivəsindədir və heç bir başqa ölkəyə qarşı deyil. “İran regional proseslərdə prinsipial mövqe tutur və Ermənistan və Azərbaycan da daxil olmaqla qonşularının ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda, ölkə coğrafi sərhədlərin dəyişdirilməsinin əleyhinədir”.

Pakayin öz diplomatik bacarığından istifadə edib, tutarlı arqument gətirmək əvəzinə digər siyasətçilər və diplomatlar kimi eyni sözü təkrarlayıb. O da iddia edib ki, Azərbaycanın İsraillə münasibətlərinin yaxın olması İranın ürəyincə deyil. O, hətta belə bir iddia da irəli sürüb ki, İsraillə yaxınlıq Azərbaycan üçün yeni problemlər yaradır. “İsrail Amerikanın bölgədəki əməliyyat qoludur. ABŞ həmişə Azərbaycan kimi ölkələrdə məxməri inqilablar etməyə çalışıb. Bunu rəsmi Bakı da təsdiqləyib”.

Maraqlıdır ki, keçmiş səfir İran və Ermənistan arasında münasibətləri “məntiqli”, “qonşuluq siyasətinə əsaslanmış” şəkildə təqdim etməkdən çəkinməyib. Üstəlik, Azərbaycanın İsraillə münasibətlərini qonşu dövlətlər üçün “sui-qəsd” hesab edir. “İsrailin Azərbaycanla münasibətlərinin gələcəyi bu ölkənin maraqlarına xidmət edə bilməz. Ümid edirik ki, Aazərbaycan regionun reallıqlarını qəbul edəcək və qonşu dövlətlərin işlərinə qarışmaqdan çəkinəcək. İran Azərbaycana regionun reallıqlarını tanımağı və sionist rejimin hiylələrini başa düşməyi tövsiyə edir”.

P.S. Istər Pakayin, istərsə də digər iranlı diplomatların bu yanaşması Tehranın Bakıya olan düşmən münasibətindən qaynaqlanır. Əgər bu adamlar həqiqətən də diplomatdırlarsa, o zaman anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir və siyasətini də özü müəyyənləşdirir. Harada və hansı ölkə ilə hərbi təlim keçirməsi, hansı dövlətlər siyasi, diplomatik və ya hərbi sahədə əməkdaşlıq edəcəyinə də özü qərar verir. İran Pakayinin dediyi kimi, həqiqətən də qonşu dövlətlərin ərazi bütövlüyünə hörmət edirsə, niyə 30 illik işğal dövründə bircə dəfə də olsun Ermənistanı qınayan bəyanat vermədi və ya İrəvanı fikrindən daşındırmaq üçün cəhd göstərmədi? Necə oldu ki, müharibədən sonra yaranmış yeni reallıqlardan, işğalın başa çatmasından sonra ərazi bütövlüyü məsələsi yadına düşdü? Özü də Azərbaycanın deyil, Ermənistanın? Bu necə qonşuluq siyasəti, “dostcasına münasibət”dir ki, İran dayanmadan Azərbaycana təxribat qrupları göndərir? Emissarlar, kəşfiyyat, separatizmi qızışdıracaq dəstələr, dini təxribatlar törədəcək, cəmiyyəti məzhəblərə böləcək təxribatçılar göndərməkdən çəkinmir? Bu necə dostluq, qonşuluqdur ki, İran Azərbaycanın haqq işinə dəstək vermir, amma Ermənistanın yeni təxribatlara hazırlaşmasını önləmək üçün atdığımız addımlara düşməncəsinə cavab verir? Bu necə qonşuluqdur ki, İran Azərbaycan ərazisi olan Qarabağa təxribatçılarını yollayır? Bu necə qonşuluq münasibətidir ki, İran hər vəchlə Azərbaycanın daxili işlərinə burun soxur, hər addımda təxribat törətmək üçün cəhdlər edir?

Bu sualları sadalamaqla bitirmək olmaz. Bu regionda İranın qonşuluq, dostluq və yaxşı münasibətdən danışmaq haqqı yoxdur. Necə ki, Ermənistanın belə bir haqqı mövcud deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button