CəmiyyətManşet

İki oğlu Şəhid olmuş ANA: “İki bayraq hazırlamışam, birini Xankəndiyə, o birini də Talışa sancacam”

Naftalan şəhərindən olan iki qardaş – Mehman və Vaqif Bayramovlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olublar. Mehman 1992-ci ildə, Vaqif  isə 2016-cı ildə şəhidlik zirvəsinə yüksəlib.

Fərqli illərdə və fərqli günlərdə şəhid olsalar da, eyni ruhda böyümüşdülər. Mehman 1992-cı ildə Ağcakənd bölgəsində şəhid olanda 21, Vaqif isə 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərə qatılarkən 35 yaşında idi.

Hələ Qarbağ müharibəsi başlayanda Mehman hərbi xidmətdən yenicə qayıtmasına baxmayaraq, ön cəbhəyə üz tutur. Vaqif isə uşaq yaşlarından ön cəbhəyə gedib-gəlir, yardımlar aparırdı. Daha sonra o da hərb məktəbində oxuyur və xidmət zamanı arxa cəbhəyə düşsə də, imtina edərək ön cəbhə sıralarına qoşulur. JAMAZ.İNFO xəbər verir ki, Modern.az-ın  əməkdaşı şəhid qardaşların anası Zeynəb Bayramova ilə həmsöhbət olub.

“Universitetə hazırlaşırdı, müharibə başladı”


“Böyük oğlum Mehman 1971-ci il aprelin 1-də Naftalan şəhərində anadan olub. O uşaq yaşlarından idmanla məşğul olub. Karateçi idi.1990-cı ildə  20 Yanvar hadisələri baş verən zaman o, Rusiyada əsgərlikdə idi. 20 Yanvar hadisəsinə görə əsgərlikdə ermənilərlə dava etmişdi, orada iki ermənini bıçaqlamışdı. Buna görə onu tutmuşdular. Mehman əsgərliyini aviasiya hərbi hissəsində keçirib. Döyüş vertalyotlarını hansı hissədən vurmaq lazım olduğunu öyrənmişdi. Bir vertolyot vurub, onun yanında da şəkil çəkdirmişdi…

1991-ci ilin dekabrında hərbi xidmətdən qayıtdı. Universitetə hazırlaşırdı, müharibə başlayanda dedi ki,birinci döyüşmək sonra oxumaq lazımdır: “Bu dəqiqə Vətən öndədir, oxumaq qaçmır”. Mehman oxuya bilmədi, gələn kimi adını könüllü batalyonuna yazdırdı. Əsgərlikdə gəldiyi üçün qonaqlıq etmişdik. Həmin vaxt hazırlanan yemək qazanını götürüb döyüş bölgəsinə apardı. Elə həmin vaxtdan getdi, geri qayıtmadı. 6 ay vuruşdu. 1992-ci il iyulun 1-də Ağcakənd bölgəsində gedən döyüşlərdə şəhid oldu”.


“Polad Həşimov Vaqifin nəşi üçün ermənilərə iki dəqiqə vaxt verdi…”


“Vaqif 
1979-cu ilin dekabrın 25-də Naftalan şəhərində anadan olub. Qardaşı şəhid olanda Vaqifin12 yaşı var idi. O, uşaq vaxtından elə velosipedini götürüb, təpənin başında olan topçuların yanına gedirdi. Bir gün topçulara yemək aparanda, velosipedi başqa uşaqlar tərəfindən oğurlanmışdı. Daha sonra velosiped almağımızı istəmişdi. Getməsin deyə, almamışdıq. Lakin o bizim ona verdiyimiz pulları qəpik-qəpik yığıb, 200 manat pul düzəltmişdi. Pulu aparıb Müdafiə Fonduna köçürmüşdü. Vaqif demək olar ki, 12-13 yaşlarından döyüşə başlamışdı.
Qardaşı şəhid olandan sonra 8-ci sinifdə Naxçıvanski adına hərbi liseydə təhsil almağa başaldı.  Daha sonra Bakı Ali Hərbi Məktəbinə qəbul olundu. Hərbi xidmətini “Salyanski kazarması”nda davam etdirdi.
Ondan sonra təyinatını Lənkərana verdilər. Özü könüllü ərizə verərək, döyüş bölgəsində olmaq istədiyini bildirmişdi. 2002-2003-cü illərdə Ağdamın Yusifcanlı kəndinə – ön cəbhəyə gəlmişdi. Həmin yerdə başından vurulmuşdu. Mərmi kaskanı deşib keçmişdi.

Müdafiə Nazirliyinə teleqrama vurdum ki, oğlumu arxaya cəbhəyə keçirin. Bunun üstündə mənimlə küsülü qaldı, uşaq olmadığını, cəbhə bölgəsinə könüllü gəldiyini bildirdi.

Vaqif Lənkərandan sonra ömürünün qalan bütün ilini ön cəbhədə keçirdi. Murov dağında xidmətə davam edirdi.
2016-cı ildə Talış istiqamətində gedən Aprel döyüşlərində şəhid oldu. Nəşini bizə ölümündən 6 gün sonra – aprelin 11 təhvil verə bildirlər.

General Polad Həşimov Vaqif ilə dost idi. Onun nəşinin geri alınması üçün ermənilərə 2 dəqiqə vaxt vermişdi. Polad Həşimov haqqında çəkilən filmdə Eldəniz Sadıqov həmin hadisə haqqında danışmışdı. O, ermənilərə demişdi ki, “verməsəniz, atəşkəsi pozacağıq”.


“Hərbi forma hər ikisinə də çox gözəl yaraşırdı…”

“Vaqifin üzünü axırıncı dəfə Mehmanın doğum günündə – yəni aprelində 1-də görmüşəm. Mehmanın qəbrini ziyarət edib qayıtdıq. Nə qədər etsəm də, evə gələ bilməyəcəyini, tələsdiyini dedi. Həmin gün gecə döyüşə girəcəklərmiş, lakin biz onu da bilmirdik.

Mehman o vaxtlar bizimlə hərbi hissənin telelfonu ilə əlaqə saxlaya bilirdi. Vaqifin dövründə isə artıq cib telefonu var idi.
Vaqif döyüşə girməzdən öncə bizə bildirmişdi ki, “mənə zəng etməyin, elə yerdə olacam ki, telefon tutmayacaq. Telefonu söndürəcəm, narahat qalmayın”.

Hərbçi olmaq onun arzusu idi. Mən Allaha yalvarırdım ki, hərbi məktəbə qəbul olunmasın. Lakin onun arzusuna qarşı çıxa bilmədim. Onlarla fəxr edirdim. Hərbi forma hər ikisinə o qədər gözəl yaraşırdı ki…”.


“Allaha yalvardım, hətta “Allaha yalvarış” adlı şeirim də var…”

“Mehmanın çox gözəl əl qabiliyyəti var idi. O qədər gözəl şəkillər çəkirdi ki… Döyüş vertalyotlarını elə çəkirdi ki, elə bil dahi rəssamlar çəkib. Mehmanın fikri polis olmaq idi.
Vaqif uşaq olanda böyük qardaşı şəhid oldu, böyüməyi döyüş vaxtına düşdü. Onun arzusu ancaq hərbçi olmaq idi. Sırf hərbi kadr kimi yetişdi. Mən Vaqifi aprelin 11-ə qədər sağ gözlədim. 6 gün dizimi qatlayıb, Allaha yalvardım, hətta “Allaha yalvarış” adlı şeirim də var:

Mən sənə heç zaman şübhə etmədim,

İlahi sən mənim balama dəymə.

Nə qədər yandırdın, asi düşmədim,

Sən də insaf elə, balama dəymə.

 

Vaqif həyatımdı, həm də nəfəsim,

Nəfəssiz yaşamaq çətindir, çətin.

Belimi sındırdın, qəddimi əydin,

Ey qadir Allahım balama dəymə.

 

Sənə qurban dedim, dövlət-varımı,

Demədim, balamın gəl al canını.

Sənə can gərəksə, gəl al canımı,

Amandı, amandı balama dəymə.

 

Üç körpə balalı, Vaqifə dəymə.

Mehmanın dərdinə dözə bilmirdim,

Vaqifin dərdini mən necə çəkim?

İki ala gözlü bala itirdim,

Sən də insaflı ol, balama dəymə.

Budəfəki müharibə zamanı yoldaşımla mən də könüllü yazılmaq istədik. Dedilər ki, bu yaşda gedib nə edəcəksən? Dedim ki, 3 il tibb bacılığı oxumuşam. Gedim, kiminsə yarasını sarıyaram, kimsə su istəyəndə su verərəm, yeməklərini bişirərəm.
Döyüş bölgəsinə əlimdən gəldiyi qədər yardımlar edirdim. Hətta çəkiliş də etmişdilər. Mənə sual vermişdilər ki, qorxmursuz döyüş bölgəsinə gəlmisiz? Dedim ki, iki şəhid anasıyam, nədən qorxacam?”.

“Oğlanlarımın qisası alındı…”

“Vətən Müharibəsinin Qələbə xəbərini eşidən günü qurban kəsdim. Oğlanlarımın qisasının aldığını bildim. Qürur hissi duydum. Sevindiyimdən ağladım. Bu dəqiqə Qarabağa – işğaldan azad olunmuş yerlərə getmək istəyirəm. Bunun üçün bir neçə yerə müraciət etmişəm. Minalara görə giriş-çıxış qadağan olunub. Lakin mən qorxmuram. Oğlanlarımdan artıq deyiləm ki… Vaqif sonuncu dəfə dostu ilə danışanda deyib ki, “torpaqlarımızı geri ala-ala gedirik. İnşallah, Xankəndiyə də bayraq sancarıq”.

Buna görə də iki bayraq hazırlamışam. Birini Xankəndiyə, digərini Talışa sancmağı arzu edirəm”.


“Kimsə Mehmanın məzarı üstünə qızılgül əkmişdi…”

“Mehman subay idi. Heç nə bildirmədi. Onun məzarı üstünə kimsə qızılgül gətirib, əkmişdi. Hər cümə axşamı mən gedənə görürdüm ki, kimsə onu məndən öncə gedib sulayıb.
Vaqif isə evli idi. 2 qızı, 1 oğlu var. Böyük qızı 7-ci sinifdə, balacası isə 4-də oxuyur. Oğlu da bu il hazırlığa gedir. Onun 7 yaşı var.

Bu yaxınlarda – 2 gün bundan öncə Vaqifi yuxuda gördüm. Mehmanı əvvələr daha çox görürdüm. İndi demək olar ki, görmürəm. Vaqifdən sonra mənim yuxum yoxdu. Yata da bilmirəm. Düşünürəm ki, onun nəşi 6 gün düşmən tərəfdə qalanda balama görən nələr ediblər…”.

“Oğlum yuxuma gəldi, işlərim düzəldi…”

“Kərbəlaya gedəndə çətinlik çəkirdim. Yuxuma gəldi, dedi ki, “mama qorxma, mən sənin sənədlərini düzəldəcəm”. O yuxudan sonra hər şey düzəldi. Çox rahatlıqla səfər gedib gəldim. Kərbəlada İmam Hüseynlə İmam Həsənin qəbrinə gedib ziyarət etdim. Orada yalvardım, dedim ki, “analar həmişə ən əziz tikələrini balasına yedirir, lakin mən onlara heç nə verə bilmirəm. Mənim də balamı süfrənizə qonaq edin…”.

Şəhid analarına səbr diləyirəm. Axır qəmləri olsun. Övladlarımızla qürur duymalıyıq. Onlar bizim fəxrimizdir!”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button