GündəmManşet

“Hraparak”: “Rusiya Qarabağda sülhməramlı yox, işğalçıdır”

“Etiraf etməliyik ki, 2020-ci il noyabrın 10-da Ermənistan ermənilərin yaşadığı əraziləri Rusiyaya verdi. Rusiya silahlı qüvvələri əslində sülhməramlılar deyil, işğalçı qüvvələrdir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər Ermənistanda nəşr olunan “Hraparak” qəzetində dərc olunmuş məqalədəndir.

Yazının müəllifi Avetis Babacanyan qeyd edir ki, Rusiya Azərbaycandan fərqli olaraq, Ermənistan hökumətinin ona tabe olduğu, nəzarəti altında olan ərazidə erməni əhalisinin qalmasında maraqlıdır. “Bütün dövrlərdə işğalçı hakimiyyətlər işğal etdikləri ərazilərdə yerli hakimiyyət orqanları ilə həmişə razılığa gəlib, müəyyən əməkdaşlıq formalaşdırırlar”.

Müəllif bildirir ki, Ruben Vardanyanın Rusiya tərəfindən təyin olunması mümkündür. “Ola bilsin ki, bu təyinat Rusiya ilə razılaşdırılıb. Lakin məsələ ondadır ki, Qqarabağ indi Rusiyanın nəzarəti altında olan ərazidir və Ermənistan hakimiyyəti və oradakı hakimiyyət nümayəndələri buna məhəl qoymurlar. Onlar bundan sonra “Qarabağ Ermənistandır” deyə bilməzlər”.

Babacanyan iddia edir ki, Ermənistanın Qarabağa pul ayırması da qəribə hal deyil. Onun sözlərinə görə, İrəvan əslində Qarabağdan qazandığı pulları Qarabağa xərcləyir. “Sual edilə bilər ki, əgər Qarabağ Rusiya ərazisidirsə, o zaman Ermənistan niyə bu bölgəyə pul ayırır? Qoy, həmin xərcləri də Rusiya çəksin. Bunun izahı da çox sadədir. Qarabağ erməniləri  Ermənistanla eyni iqtisadi ərazini bölüşürlər. Dünən də, bu gün də Qarabağdakı ermənilər bütün vergilərini Ermənistan büdcəsinə ödəyirlər. Ödəniş çox sadədir. Bir qarabağlı ABŞ-dan maşın alıb Qarabağa aparanda həmin avtomobil Qarabağda yox, Ermənistanda gömrükdən keçirilir. Yaxud Qarabağda istifadə üçün un, yağ və şəkər gətiriləndə onların gömrük rəsmiləşdirilməsi Ermənistanda aparılır və vergilər Ermənistanın büdcəsinə daxil olur. Qarabağın nə gömrük xidməti, nə də gömrük məntəqələri yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button