ManşetSosial

GDU-da rüşvət qalmaqalı: “Plagiat kitab yazan Nəsibə Hacıyeva 10 min manat verib, hələ də dərs deyir”

Gəncə Dövlət Universitetinin “Coğrafiya” kafedrasının əməkdaşları Seymur Əjdər oğlu Xəlilov və Rəşad Məmməd oğlu Nuriyev sözügedən təhsil ocağında rüşvət qalmaqalı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikası Prezidenti yanında Ali  Attestasiya Komissiyasının sədri Famil Mustafayevə müraciət ediblər. JAMAZ.İNFO-nun elektron poçtuna göndərilən müraciətdə qeyd edilir ki, GDU-nun müəllimlərindən biri rüşvət müqabilində hələ də dərs deməyə davam edir.

Həmin müraciətdə vurğulanır ki, təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin  gücləndirilməsi  haqqında  Azərbaycan  Respublikası Təhsil Nazirinin   05.07.2016-ci  il tarixli 464 saylı əmri mövcuddur. Əmri o vaxtkı təhsil naziri  Mikayıl Cabbarov imzalayıb. “Həmin əmrin 5-ci bəndində deyilir: “Təhsil  müəssisələrinin rəhbərlərinə qrif almaq üçün təqdim olunan tədris  vəsaitlərinin  formal  müzakirəsinin  qarşısının  alınması, müasir yoxlama metodlrının tətbiqi  və plagiat faktı təsdiqləndiyi bütün tədris vəsaitlərinin təhsil müəssisələrində tədris prosessindən, kitabxanalardan və satışdan çıxarılması, onların müəlliflərinin isə əmək müqaviləsinə xitam verilməsi tapşırılsın”.

Sizə bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetinin “Coğrafiya” kafedrasının baş müəllimi, coğrafiya  üzrə fəlsəfə doktoru Nəsibə Niyaz qızı Hacıyevanın  müəllifi olduğu  “Coğrafiyanın ekoloji əsasları” adlı dərs vəsaitinə Təhsil Nazirliyi tərəfindən verilmiş  nəşr  hüququ (22.01.2013-cü il  tarixli  94 saylı  əmr) Təhsil  Nazirliyinin  23.06.2015-ci  il tarixli 698 saylı əmri ilə plagiat faktının aşkarlanması ilə əlaqədar ləğv edilmişdir. Bununla  bağlı  məsələyə  Azərbaycan Respublikası  Prezidenti  yanında  Ali  Attestasiya  Kollegiyasının  09.02.2016-cı il tarixli  (protokol № 04-K)  iclasında baxılmış  və  AAK Kollegiyasının  05.11.2013-cü  il  tarixli  (protokol № 27-K)  iclasında ona verilmiş “Coğrafiya” kafedrası üzrə dosent  elmi adı və attestatından məhrum edilməsi haqqında qərar qəbul edilmişdir”.

GDU-nun müəllimələri bildirirlər ki, Təhsil Nazirliyinin yuxarıda qeyd edilən  05.07.2016-cı il tarixli 464 saylı əmrinin  5-ci  bəndinə  əsasən plagiata görə müəlliflə bağlanmış əmək müqaviləsinə  xitam verilməli olduğu halda Gəncə Dövlət Universitetinin rəhbərliyi  rüşvət  müqabilində  qərarın bu bəndinin icrasını təmin etməyib. “Hal-hazırda isə Gəncə Dövlət Universitetinin  tədris məsələləri  üzrə prorektoru, dosent  Şahin Xurşudov  baş müəllim Nəsibə Hacıyevadan 10000 manat rüşvət alaraq, ona  müvafiq  ixtisas  üzrə dosent elmi adı almaq üçün Elmi Şura  tərəfindən  AAK  qarşısında  vəsatət  qaldırılmasına  çalışır”.

Hər iki müəllim Nəsibə Hacıyevanın GDU-da necə qalıb, işləməsi ilə bağlı məsələnin araşdırılması və qərar verilməsini istəyirlər. “Hörmətli  Famil müəllim,  biz  Sizi  obyektiv adam  kimi tanıyırıq. Ona görə də 10000 manat rüşvət müqabilində Gəncə Dövlət Universitetinin rəhbərliyi tərəfindən AAK  qarşısında vəsatət  qaldırılaraq,  belə bir saxta “alimə” dosent  elmi adının  verilməsinin qarşısının alınmasını kafedra əməkdaşları adından sizdən  xahiş edirik”.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button