ManşetMedia

GDU-da daha bir narazılıq: “Səidə İsmayılzadə plagiat elmi işinə rəğmən, “dosent” dərəcəsi alıb”

Gəncə Dövlət Universitetinin (GDU) “Ümumi tarix” kafedrasının müəllimləri, dosent Rəşid Məhərrəmov, dosent Hüseyn Bəxtiyarov və dosent Elza Paşayeva təhsil ocağının rəhbərliyindən şikayətçidirlər. JAMAZ.İNFO-un elektron poçtuna ünvanladıqları şikayət məktublarında onlar qeyd edirlər ki, narazılıqları “Ümumi tarix” kafedrasının baş müəllimi İsmayılzadə Saidə Cəfər qızının “dosent” əvəzi keçirilməsidir.

Şikayətçilər bildirirlər ki, Elmi Şurada şura üzvlərinin hamısı Səidə İsmayılzadənin əleyhinə səs verib. “Lakin buna baxmayaraq, universitetin rektoru Yusif Yusibov və prorektor Şahin Xurşudov hesablayıcı komissiya üzvlərini məcbur edərək, səsverməni saxtalaşdırdı və qeyri-qanuni olaraq həmin xanımı “dosent” əvəzi keçirtdi. Bir ildən sonra isə keçən elmi şurada “dosent” elmi adı almaq üçün həmin xanımın sənədlərinin Ali Attestasiya Komissiyasına göndərilməsi haqqında qərar qəbul etdi”.

Sözügedən şəxslər bildirirlər ki, rektor Yusif Yusibov sözügedən şəxsə kifayət qədər elmi əsəri olmadığı halda, hər ay 100 manat əlavə stimullaşdırıcı maaş verdirir. ”Bu adam əsərləri də pul müqabilində başqa adamlar tərəfindən yazılıb. Bu xanımın dissertasiya işi də elmi səhvlərlə dolu və plagiatdır, onun dissertasiya işi də başqa şəxs tərəfindən pul müqabilində yazılıb. Konkret faktlar göstərək. “Qıpçaqlar Qafqazda” adlı dissertasiya işinin planlaşdırılması doğru aparılmayıb. “Qıpçaqların mənşəyi və etnik tarixi” adlandırılmış ilk fəslin üçüncü yarımbaşlığı qıpçaq-rus münasibətlərinə həsr olunmuşdur və burada qıpçaqların Qafqazdakı fəaliyyətlərilə bağlı heç bir məlumat verilməyib. “Qıpçaqların Cənubi Qafqazda fəaliyyətləri. Monqollara qarşı mübarizə” adlandırılmış üçüncü fəslinin ikinci yarımbaşlığında monqolların bütövlükdə Qafqaza hücumları haqda danışılır. Eləcə də, həmin fəslin üçüncü və dördüncü yarımbaşlıqları yalnız Cənubi Qafqazla deyil, bütöv Qafqazla bağlı adlandırılmışdır. Fəslin adında isə qıpçaqları sırf Cənubi Qafqazla bağlı fəaliyyətləri qeyd olunmuşdur. Ümumiyyətlə, üçüncü fəslin “Qafqazın tıcarət əlaqələrində qıpçaqların rolu” adlandırılmış 3-cü yarımbaşlığında qıpçaqların Qafqazdakı deyil, əsasən Mərkəzi Asiyadakı fəaliyyətlərindən bəhs olunur. 139-cu səhifədə həmin yarımbaşlığın ikinci abzasında deyilir: “Bu ticari əlaqələr əkinçilik predmetləri və məhsullarına təlabatı olan çöl sakinləri, həm də mal-qara, ət, yunu yalnız köçəri qonşularından alan şəhər sakinləri üçün zəruri idi”. Burada Mixail Artamonovun “Xəzərlərin tarixi” adlı monoqrafiyasına istinad olunsa da, qeyd olunan həmin əsərin, həmin səhifəsində (səh. 165) yuxarıda qeyd olunanlar yoxdur”.

Şikayətçilər GDU-nun dosentini bundan savayı da, elmi işində çoxlu sayda yanlışların oldğunu sadalaya biləcəklərini bildirirlər. “Müəllim adına belə layiq olmayan bu qadına “dosent” elmi adının verilməsini universitetin bütün dosentlərinə təhqir hesab edirik. Ona görə də, Səidə İsmayılzadəyə dosent adının verilməsinin qarşısını almaq üçün bizə yardım edilməsini xahiş edirik”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button