ManşetSiyasət

Fikrət Fəraməzoğlu: “İranın Bakı ilə əlaqəli üç başlıca hədəfi var”

İran rəsmilərinin ard-arda verdikləri açıqlamalardan belə anlaşılır ki, Tehran Bakı ilə əlaqələrinə yenidən baxmaq və onların yenidən qurmaq fikrindədir.  İranda səfərdə olan Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə keçirilən görüşlərdən çıxarılan nəticələr də bunu deməyə əsas verir.

Belə ki, İran prezidenti Məsud Pezeşkian görüş zamanı bildirib ki, Azərbaycan qardaş ölkədir və Bakı ilə əlaqələri genişləndirmək başlıca prioritetdir.

Bununla yanaşı, Pezeşkian Azərbaycanla hansı sahədə əməkdaşlıq edilməsini də konkretləşdirdiklərini dilə gətirib. O, dəmiryolu, neft sənayesi, kənd təsrrüfatı və daha bir neçə sahədə əməkdalıqları dərinləşdirməyi təklif edib.

İran prezidenti ötən gün dini lideri Əli Xamineyi ilə görüşdə isə daha maraqlı bir açıqlama verib. O bildirib ki, qonşu ölkələrlə əlaqələri genişləndirmək üçün yaxşı proqramları var. “Hökumət üçün prioritet təşkil edən və görüş zamanı müzakirə olunan məsələ qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi, o cümlədən tranzit, qaz şəbəkəsi, dəmir yolu yolları, ikitərəfli ticarətin təşviqi sahələrində əməkdaşlıqla bağlıdır”.

Dünən isə İranın iqtisadiyyat və maliyyə naziri Əbdül Naser Himməti deyib ki, İranın Azərbaycanla hazırkı ticarət həcmi 400 milyon dollara yaxındır. “Buz bizi qane etmir. Bu rəqəm artırılmalıdır. Azərbaycan bizim üçün xüsusi əhəmiyyət kəsb edir”.

Siyasi şərhçi Fikrət Fəraməzoğlu Tribunainfo.az-a bildirib ki, İranın burada üç başlıca hədəfi var. Onun sözlərinə görə, birinci hədəf Azərbaycanın etimadını qazanmaqdır. “Pezeşkian hələ seçki kampaniyası zamanı bildirmişdi ki, Azərbaycanla bağlı siyasət dəyişməlidir. Səfirliyə hücum, “Hüseyniyyun” təşkilatı yaratmaq, Azərbaycana davamlı agentlər göndərmək və burada şəbəkə qrumaq cəhdləri Bakının Tehrana etimadının ən minimuma enməsinə səbəb olub. İndi İran həmin etimadı bərpa edib, yenidən əlaqələr qurmağa çalışır”.

Ekspert ikinci hədəf kimi, İranın sanksiyalardan dolayı ciddi böhranla üzləşməsini göstərib. “Sanksiyalar getdikcə İrana daha çox ziyan vurmağa başlayıb. Devalivasiya və bahalaşmanın qarşısını ala bilmirlər. Eyni zamanda, iqtisadiyyatın əsas qolları da sıradan çıxmağa başlayıb. Bu səbəbdən İrana qonşu ölkələrlə ticarət əlaqələrini dərinləşdirmək və dövriyyəni artırmaq lazımdır. Bu, həm də İrana valyuta ehtiyacını qarşılıamaq üçün əhəmiyyətlidir”.

Fəraməzoğlu hesab edir ki, Azərbaycan bu sırada birinci olmasa da, ticarət üçün ikinci əsas partnyor kimi görünür. “İranın ən çox ticarət əlaqəsi olan iki ölkə İraq və Türkiyədir. Bağdala 6 milyard, Türkiyə ilə isə 3 milyard dollar ticarət dövriyyəsi olan İran, analoji sistemi Azərbaycan və Ermənistanla da qurmağa çalışır. Xüsusən indiki məqamda bu, onlara hava və su kimi lazımdır. Əks təqdirdə, valyuta qıtlığı, sanksiyaların təsiri altında yaşanan böhranlı vəziyyət İranı geri dönüşü olmayan proseslərə gətirib, çıxara bilər”.

Ekspet üçüncü hədəf kimi isə Zəngəzur dəhlizinin alternativi olan Araz dəhlizi olduğunu qeyd edib. “İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Bunu gizlətmir. Lakin alternativ olaraq, Araz dəhlizini təklif edir. Bununla da Orta dəhliz layihəsinin bölgədək kilid nöqtəsi olmağı hədəfləyir. Tehran hətta bu istəyinə çatmaq üçün Azərbaycana ciddi gömrük və tranzit güzəştləri etməyə də hazır olduğunu bəyan edib. Yəni, İran Azərbaycanın etimadını qazanmaqla yanaşı, öz maraqlarını da gözardı etmir”.

Fəraməzoğlu qeyd edir ki, Azərbaycan şübhəsiz, qonşusu İranla münasibətlərin yaxşı olmasında maraqlıdır. “Lakin İran zaman içində elə addımlar atıb ki, birdən birə onlara etimad göstərmək mümkün deyil. Ona görə də, Bakı Tehrandan müəyyən təminatlar istəyəcək. Elə Şahin Mustafayevin Tehrana səfəri də, Bakının istəklərini çatdırmaq məqəsdi daşıyıb. Bu səfərin ardından İran mediasının Azərbaycana qarşı münasibətindəki müsbət dəyişiklik də belə deməyə əsas verir ki, Tehran Bakıya həmin zəmanətləri verməyə hazırdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button