ManşetSiyasət

Ermənistanla sərhəddə baş verənlərin kilid nöqtəsi nədir? – Aqşin Kərimov detalları açıqlayır  

Məlum olduğu kimi, Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərgindir. Bir neçə həftədir düşmənin törətdiyi təxribatlar nəticəsində 3 hərbçimiz yaralanıb, bir hərbçimiz isə Şəhid olub.

Qeyd edək ki, dünən axşam saatlarından etibarən sərhəddin Kəlbəcər istiqamətində ermənilər yenidən təxribata əl atıblar. Belə ki, düşmən postlarımızı atəşə tutub və bir əsgərimiz snayper tüfənglə vurularaq Şəhid edilib. Dünən gecə sərhədboyu atışmaların da dayanmadığı rəsmi qaydada təsdiqlənib. Ermənilərin 44 günlük müharibədən gücsüz və məğlub çıxmasına rəğmən, bu qədər aktivləşməsi, hər addımda təxribata əl atması nə ilə bağlıdır?

Siyasi şərhçi Aqşin Kərimov JAMAZ.İNFO-ya verdiyi açıqlamasında deyib ki, postmünaqişə dövründə Azərbaycanın qarşısında digər hərbi hədəflər dayanıb. Onun sözlərinə görə, bu sərhədlərin möhkəmləndirilməsidir. “Azərbaycanın Ermənistanla böyük sərhəd zolağı var, işğal müddətində Bakının Qarabağ zonasındakı sərhəd ərazilərə “əli” çatmırdı deyə, burada möhkəmlənmədən söhbət gedə bilməzdi. Müharibə bitdikdən sonra isə Azərbaycan Qarabağdakı sərhəd zolağının mühafizəsini təşkil etmək üçün buralarda – Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda möhkəmlənmək zərurəti yarandı”.

Siyasi şərhçi qeyd edir ki, eyni zamanda sərhədlərin müəyyənləşməsi də qarşıya məqsəd qoyuldu. “Lakin bu proses insindentlərlə müşahidə olunur. Səbəb isə bəllidir, Ermənistan bunu həzm edə bilmir. Axı, bu zamana qədər miflərlə yaşayıblar, reallığı qəbul etmək istəmirlər”.

Aqşin Kərimov deyir ki, ümumiyyətlə, Azərbaycan zamanla sərhədlərini möhkəmləndirmə siyasətini həyata keçirib. Onun sözlərinə görə, Qazaxda Dövlət Sərhəd Xidməti hələ 2 il öncə mövqeləri 1.5 kilometrə qədər önə çəkmişdi. “İndi Naxçıvanda da sərhəd zolağının təhlükəsizliyini artırmaq üçün Sədərək istiqamətində möhkəmlənmə işləri gedir, sərhədin hər perimetri boyu təhlükəsizlik tədbirlərinin gücləndirilməsi Bakının hərbi prioritetləri sırasındadır”.

Siyasi şərhçi hesab edir ki, Kəlbəcərdəki insidentlər burada da atəşkəsin Ermənistan tərəfindən pozulması və atışmaların getməsi, Azərbaycan Ordusunun layiqli cavab zərbələri sərhədlərin müəyyənləşməsindən doğan proseslərin nəticəsidir. “Sərhədlərin delimitasiya və demarkasiyası Zəngəzur dəhlizinin reallaşması və dəhlizin işinin optimallaşdırılması baxımından da önəmlidir. Ona görə, Azərbaycan Ermənistanın aldadıcı manevrlərinə güvənmir və dəhlizin işləməsi üçün sərhəd zolağı yaratmağı hədəfləyir”.

Kərimov JAMAZ.İNFO-ya deyib ki, Kəlbəcərdəki atışmalar siyasi proseslərlə əlaqələndirəndə iki məqam diqqət çəkir. O birinci məqam kimi, prezident İlham Əliyevin Rusiya səfərindən sonra atışmanın şiddətlənməsini göstərib. İkinci məqam isə Azərbaycan Ordusunda kadr dəyişiklikləri olan zaman baş verməsidir. “İlham Əliyev demişdi ki, Rusiya lideri Vladimir Putinlə danışıqlarının nəticəsi olaraq Azərbaycanla Rusiya arasında bir dənə də mübahisəli məsələ qalmayıb. Bu o deməkdir ki, sərhədlərin delimitasiya və demarkasiyasına Moskva da önəm verir və bu məsələdə Bakını dəstəkləyir. Əslində Ermənistanın dirənmək, mübarizə aparmaq əzmi, resursu, gücü yoxdur. Nikol Paşinyan isə belə olan təqdirdə daxili auditoriyaya işləyən bəyanatlar verməyə və ya sərhəddə xırda insidentlərdə maraqlıdır. Bununla “mən mübarizə apardım, amma gücüm çatmadı” görüntüsü yaradır, ancaq realda gözəl başa düşür ki, Bakı istədiyini edəcək”.

Siyasi şərhçi digər bir məsələyə də diqqət çəkir. O deyir ki, insidentlərin sülh müqaviləsinin imzalanması ərəfəsində baş verməsi təsadüfi deyil. Yəni Azərbaycan Ermənistanı öz istədiyi formada masaya gətirmək üçün sülhə məcburetmə taktikasını seçir, sərhəddə baş verən istənilən təxribata artıqlaması ilə cavab verir. “Düşünürəm ki, proseslərdən sonra üçtərəfli görüş – Əliyev-Putin-Paşinyan görüşü keçiriləcək. Azərbaycan o görüşü mütləq sülhə nail olmaq kimi nəzərdən keçirir, ona görə də, nə qədər gec deyil, lazımi addımlar atır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button