Manşet

“Ermənistan Soçi razılaşmalarının həyata keçirilməsindən qazanacaq”

Soçidə noyabrın 26-da keçirilən üçtərəfli görüşün yekunu olaraq Rusiya, Azərbaycan və Ermənistan liderləri əvvəlki öhdəliklərini və razılaşmalarını təsdiq ediblər. Bu, regional kommunikasiyaların, iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlıdır. 

Bu barədə “Turan” agentliyinə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Soçi görüşünün yekunlarını şərh edərkən bildirib.

“Nəqliyyat kommunikasiyalarının açılması haqqında əvvəlki razılaşmalar Ermənistandakı siyasi vəziyyətlə əlaqədar həyata keçirilməmişdi. Baş nazir Paşinyan siyasi rəqiblərinin, ilk növbədə Qarabağ klanının, daşnakların və ABŞ-ın erməni diasporunun hücumuna məruz qalmışdı”, – deyə Brayza bildirib.

O, həmçinin qeyd edib ki, Soçi görüşü Moskvanın Cənubi Qafqazda əsas oyunçu olduğunu və prosesi sona qədər çatdırmaq niyyətində olduğunu göstərib.

Rusiya prezidentinin Paşinyana ünvanlanmış, iqtisadi əlaqələr və əməkdaşlıq bərpa ediləcəyi təqdirdə Ermənistanın böyük mənfəət əldə edəcəyi haqqında qeydi də əhəmiyyətli idi. “Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edərsə böyük investisiyalar əldə edəcək və təkcə regional layihələrə deyil, həm də beynəlxalq layihələrə inteqrasiya edə biləcək”, – deyə diplomat qeyd edib.

Tərəflərin Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamaq barədə razılığı da çox böyük əhəmiyyət kəsb edir. Bu, sərhəddə çoxsaylı döyüşlərə və insan itkilərinə son qoya bilər.

“Düşünürəm ki, ATƏT-in Minsk Qrupu bunun həyata keçirilməsində böyük rol oynaya bilərdi. Rusiya, ABŞ və Fransa bunda vahid rol oynamalıdır. Dekabrın 15-də Brüsseldə keçiriləcək görüşə gəlincə, Avropa İttifaqı da artıq əldə edilmiş razılaşmaların irəlilədilməsində və həyata keçirilməsində öz müsbət rolunu oynamalıdır. Bu, həmçinin Fransa üçün obyektiv oyunçu olduğunu, birtərəfli, ermənipərəst mövqe tutmadığını sübut etmək şansıdır”, – deyə Brayza qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button