AraşdırmaManşet

Ermənilərin Lələ Təpə “əməliyyatı”: Düşmən bir döyüşdə 1200 əsgərini necə itirdi? – TƏFƏRRÜAT

44 günlük Vətən Müharibəsindən bir il keçməsinə baxmayaraq, hələ də bir çox hərbi əməliyyatlarla bağı geniş məlumatlar yoxdur. Daha doğrusu, nə Azərbaycan, nə də Ermənistan tərəfi bununla bağlı detallı məlumatlar vermirlər.

Bəzi müşahidəçilər ermənilərin məlumat yaymamasının səbəbi kimi, onların biabırçı məğlubiyyətini göstərirlər. Azərbaycanın açıqlama verməməsi isə hərbi sirr kimi qiymətləndirilir. Lakin bu günlərdə İTV-də yayımlanan və hərbçilərimizin danışdıqlarından qaynaqlansaq, bəzi epizodlar aydın olar. Amma söhbətləşdiyimiz və araşdırdığımız bəzi məqamlar var ki, onlar Azərbaycan Ordusunun çox güclü şəkildə və peşəkarcasına döyüşdüyünü və düşmənin çoxlu itki verdiyini deməyə əsas verir.

JAMAZ.İNFO həmin döyüş əməliyyatlarından ikisini araşdırıb. Onlardan biri Lələ Təpə əməliyyatıdır ki, 28 sentyabr 2020-ci ildə reallaşıb və cəmi 6 saat çəkib. İkincisi isə Cəbrayıl döyüşləridir ki, bu proses də cəmi 8-9 saatdan artıq olmayıb.

Lələ Təpə əməliyyatı ilə bağlı, II korpusun komandanı, general Mais Bərxudarovun epizodik məlumatları var. Cənab General mətbuata verdiyi açıqlamasında qeyd edib ki, ermənilər müharibənin ikinci günü hücuma keçərək, Lələ Təpəni götürməyə cəhd ediblər. Lakin döyüşdə məğlub olaraq, əsas cinahlarından birini itirməklə geri çəkilmk məcburiyyətində qalıblar.

Həmin döyüşdə iştirak etmiş Həmlə Qrupları, Kəşfiyyat Taboru və Xüsusi Təyinatlıların dilindən nəql olunan məqamları ümumiləşdirib, diqqətinizə çatdırmağa çalışacağıq.

Hələ döyüşdən əvvəl Azərbaycan Ordusunun komandanlığında ermənilərin Lələ Təpəni ələ keçirmək üçün hazırlaşdıqlarına dair məlumat olub. Ermənilər Lələ Təpəni niyə ələ keçirmək istəyiblər? Birinci məqam o olub ki, Azərbaycan Ordusu gözləniləndən fərqli olaraq, birbaşa Füzuli istiqamətindən hücuma keçməyib. Araz qırağından dar bir koridor açaraq, oradan hücum əməliyyatlarına başlayıb.

İkincisi, Lələ Təpə mühüm strateji əhəmiyyətə malik olub. Belə ki, bu yüksəklik ermənilərdə olsaydı, Azərbaycan Ordusuna dəstək üçün göndərilən qüvvələr tam nəzarət altına düşəcəkdi və onları qısa müddətdə məhv etmək mümkün olacaqdı. Lələ Təpənin əldən getməsi təkcə, Cocuq Mərcanlının deyil, ümumilikdə Horadizin nəzarət altına düşməsi demək idi ki, bu da Ordumuzun daha çox itki verməsi və əməliyyatların axsaması demək olacaqdı. Bir növ, müharibənin müqəddəratını təyin edən bir yüksəklik idi Lələ Təpə.

Üçüncüsü, sözügedən yüksəkliyin əldə edilməsi Azərbaycan Ordusunda ruh düşkünlüyü yaratmaqla yanaşı, aprel döyüşlərinin də əhəmiyyətini azaldacaqdı. Ki, buna qətiyyən yol vermək olmazdı.

Dördüncüsü, Lələ Təpə Azərbaycan Ordusuna düşmənin 25 km dərinlikdəki bütün hərəkətlərini müşahidə etməyə, təminat yollarını nəzarət altına almağa imkan verirdi. Belə bir strateji yüksəkliyin hansı əhəmiyyət daşıdığını yəqin ki, izah etməyə gərək qalmır.

Keçək əməliyyatın detallarına. Söhbət etdiyimiz, araşdırdığımız və əldə etdiyimiz məlumatlardan belə başa düşülür ki, düşmən Lələ Təpə yüksəkliyini ələ keçirmək üçün 28 sentyabr 2020-ci il səhər saat 6:00-da əməliyyata başlayıb. 45 dəqiqəlik artilleriya atəşindən sonra hücuma başlayan ermənilərin əsas hədəfi Lələ Təpənin sağ və sol istiqamətlərində yerləşən təpələri ələ keçirmək olub. Amma diqqəti yayındırmaq üçün birbaşa, düz xətt üzrə təpəyə hücum etməyə başlayıblar. Ki, bununla izi azdırmaq istəyiblər.

Azərbaycan hərbçiləri düşmənin planından xəbərdar olduqlarından dərhal həmin sağ və sol təpələri tam nəzarətə alaraq, ermənilərin əsas dayaq nöqtələr və cəməlşmə məntəqələrini götürüblər. Düşmən bu əks əməliyyatı gözləmədiyindən nə edəcəyini bilməyib. Yəni, əks hücum əməliyyatı erməni ordusunu hilal formasında mühasirəyə alıb. Lakin bunun üçün hərbçilərimizin böyük əzmi, cəsarəti və rəşadəti yerə-göyə sığmaz səviyyədə olub.

Təsəvvür edin ki, hər qarış üçün gedən döyüşlərdə vurulan tankımızın komandiri yaralı halda meydandan çəkilməyib, birbaşa döyüş əmrləri verib. Bir neçə saat vəziyyət o qədər kritik olub ki, hətta komandanlıq taktiki gediş, bir az nəfəs almaq üçün manevr etməyi, təpələrdən birindən geri çəkilməyi düşünüb. Lakin döyüşdə olan komandirlər geri çəkilməkdən qəti imtina ediblər. Və nə yaxşı ki, imtina ediblər. Çünki düşmən bu müqavimətin qarşısında cəmi 2 saat dayana bilib.

Öncə Həmlə Qrupları, paralel olaraq Kəşfiyyat Taborları, ardınca isə mexanikiləşdirilmiş birləşmələr ardıcıl zərbələr endirərək, düşmənin xeyli sayda həbi texnika və canlı qüvvəsini məhv edərək, müqaviməti sındırıb.

Məsələnin ən maraqlı tərəfi odur ki, aypara şəklində mühasirəyə düşən düşmənin aradan çıxmaması üçün maraqlı bir taktika işlənilib. Belə ki, Həmlə Qrupları, Kəşfiyyat Tabrorları, XTQ və piyada qoşunumuz “aypara”nın içində olan erməni əsgərləri kiçik qruplara bölərək, mühasirəyə salmaqla məhv edib. Peşəkar hərbçilər bildirir ki, böyük bir ərazidə belə bir əməliyyatı keçirmək riskli olub. Çünki həmin “halqalar” yaratmaq öz əsgərlərimizin də mühasirəyə düşməsinə və itkilərə səbəb ola bilərdi. Amma hərbçilərimizin bacarığı nəticəsində bunların heç biri baş verməyib.

Azərbaycan tərəfi Lələ Təpə uğrunda gedən döyüşlərdə düşmənin 852 əsgərinin öldüyünü qeyri-rəsmi olaraq qeyd edir. Daha doğrusu, həmin döyüşdə olan şahidlərin dediklərinə görə, ermənilərin məlum əməliyyatda itirdikləri canlı qüvvənin statistikası aparılıb və döyüş meydanındakı meyitlər sayılıb. Komandanlıq döyüş meydanında 852 erməni əsgərinin cəsədini olduğunu müəyyənləşdirib.

Amma erməni tərəfi bu rəqəmləri təsdiqləmir. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan parlamentinin üzvləri hökumət qarşısında məsələ qaldıraraq, Lələ Təpə əməliyyatının araşdırılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb ediblər. Hətta Ermənistan Müdafiə Nazirliyinin hazırda istefada olan yüksək çinli zabitləri bildiriblər ki, onlar sözügedən əməliyyatda 1200 əsgər və zabitin xidmət etdiyi bir briqadanı itiriblər. Həmin briqdadan 30-40 nəfərlik bir qrupun sağ qaldığını qeyd ediblər.

Bəzi erməni qaynaqları isə həmin döyüşdə 700 əsgər və zabit itirdiklərini iddia ediblər. Lakin onların açıqladığı rəqəmlər Azərbaycan tərəfinin rəsmi məlumatı ilə üst-üstə düşmür. Və bu səbəbdən də etibarlı məlumat kimi qəbul olunmur.

Qeyd edək ki, Lələ Təpə döyüşündə ermənilər təkcə canlı qüvvə deyil, həm də xeyli sayda döyüş texnikasından məhrum olub. Belə ki, 6-8 saat davam edən döyüşlərdə düşmənin 22 tankı, 10-dan çox BMP-2 döyüş maşını, 8 BTR döyüş maşını, 10-dan çox müxtəlif təyinatlı avtomobilləri məhv olunub. Qeyd edək ki, düşmənin hərbi texnikasının məhv edilməsində artilleriyaçılarımızla yanaşı, TƏİR qruplarının, yəni Tank Əleyhinə İdarəolunan Raket atanların rolu böyük olub. Əsasən də “Spike NLOS” tank əleyhinə raketlər geniş tətbiq edilib.

Qənimət olaraq düşmənin 4 tankı, 5 BTR və BMP-si, 4 topu, 10-dan çox minatanı və 3 maşını Azərbaycan Ordusu ələ keçirib. Onu da bildirək ki, düşəminin bu döyüşdə məğlub olması və ağır itkilərə məruz qalmasından sonra Azərbaycan Ordusu böyük üstünlük əldə edib. Nəticədə, döyüş arealının miqyasın həddindən artıq genişlənib. Bəzi hərbçilərin yanaşmasına görə, Lələ Təpə döyüşü müharibənin qırılma nöqtəsi sayıla bilər. Çünki bu döyüşdən sonra düşmən bütün qüvvələrini Cəbrayıla qədər geri çəkmək məcburiyyətində qalıb.

P.S. Növbəti araşdırmamız hərb tarixinə düşən və hazırda bir çox ölkələr tərəfindən ciddi şəkildə araşdırılan, habelə dərsliklərə salınması nəzərdə tutulan Cəbrayıl döyüşü ilə bağlı olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button