AraşdırmaManşet

Erməni politoloq: “Qarabağ Azərbaycan ərazisidir, ora girmək üçün Bakıdan icazə alınmalıdır”

“Laçın dəhlizi ilə Qarabağa humanitar yüklərin göndərilməsinin bir neçə siyasi aspekti var və Ermənistan hakimiyyəti bu addımı atarkən yəqin ki, bunların hamısını nəzərdə tutub”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri politoloq Qarik Keryan “Haykakan Jamanak” qəzetinə açıqlamasında deyib.

O iddia edib ki, Ermənistan bu addımı ilə Azərbaycanın “Laçın dəhlizi açıqdır” fikrini yalan çıxara bilər. “Bu, Ermənistanın faktiki olaraq beynəlxalq platformalarda Azərbaycanın mövqeyini ifşa etmək üçün istifadə edə biləcəyi bir fürsətdir. Həmçinin Ermənistan-Azərbaycan danışıqlarında maraqlı olan və ya moderator olan ölkələr Laçın dəhlizinin son nəticədə açıq və ya qapalı olduğunu öz gözləri ilə görə bilərlər”.

Amma Keryan durumun heç də Ermənistanın xeyrinə olmadığını da vurğulayır. “İkincisi, Ermənistanın baş naziri açıq şəkildə bəyan edəndə ki, beynəlxalq hüquq normalarına əsasən, Qarabağ Azərbaycanın ərazisi kimi tanınır, o zaman Azərbaycan deyə bilər ki, siz düz deyirsiniz, əgər Qarabağ Azərbaycanın ərazisidirsə, təbii ki, o əraziyə girmək üçün gərək Azərbaycan hakimiyyətinin, belə deyək, razılığını almalısan. Lakin Azərbaycan İrəvana o imkan və razılığı verməyib. Bu, bir daha sübut edir ki, artıq Azərbaycan bütün əraziyə sahibdir”.

Erməni politoloq üçüncü məqamdan da bəhs edir. O deyir ki, baş verənlər bölgəyə müvəqqəti yerləşmiş Rusiya sülhməramlı missiyasını nüfuzdan salacaq. “Bu, Rusiyanın sülhməramlı missiyasının hansısa formada nüfuzdan düşməsidir. Noyabrın 10-da əldə olunan razılaşmaya görə, Rusiya sülhməramlıları Laçın dəhlizinin istismarının təminatçısıdır. İndi orada durublarsa və Qarabağa humanitar yüklərin daşınmasını təmin edə bilmirlərsə, bu o deməkdir ki, onlar öz reputasiyalarını itirirlər və ya erməni cəmiyyətinin gözündə Azərbaycanın mövqeyini müdafiə edən tərəf kimi görünürlər”.

Keryan Avropa İttifaqı müşahidəçilərinin də missiyasına toxunub. “Müşahidəçilərin sərhədə çamadanları ilə gəlib-getməsi heç də Avropa İttifaqı ölkələrinin məlumat almasın demək deyil. Onların güclü peyk vasitələri var və bununla da erməni və ya azərbaycanlıların hərəkəti, hadisələri haqqında məlumat alırlar. Nəzərə almalıyıq ki, Avropa İttifaqı müşahidəçilərinin Laçın dəhlizi və Ermənistan-Azərbaycan, Ermənistan-Qarabağ kanalları ilə bağlı səlahiyyətləri yoxdur. Onlar yalnız Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələri müşahidə edirlər”.

Politoloq qeyd edir ki, Paşinyanı da, Əliyevi də həm Brüsselə, həm də Vaşinqtona aparan, bu qədər vaxt və resurs sərf edərək məsələnin həllinə nail olmağa çalışan Qərb, bunu erməni xalqının qara gözünə, qara qaşına aşiq olaraq etmir. “Onların əsas məqsədi Qarabağ məsələsini həll etmək və ya necə deyərlər, insan haqları azadlıqlarına nail olmaq deyil. Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır”.

Erməni ekspert hesab edir ki, Xankəndi-Bakı danışıqları ideyasını o qədər də real deyil. “30 ildir ki, biz buna nail ola bilməmişik. Çünki Azərbaycan dövlətdir və dövlət özəl adamlarla danışıqlar masasına oturmur. Tutaq ki, indi Azərbaycan danışıqlara oturur, bir tərəfdə Azərbaycan Bayrağı, o biri tərəfdə isə öz “bayrağı” ilə Qarabağ təmsilçiləri oturub. O zaman, Azərbaycan dövlətdir, bəs, Qarabağ kimdir? Bu, Azərbaycan tərəfindən Qarabağın statusunun tanınması deməkdir və o, heç vaxt bu addımı atmayacaq. Azərbaycan danışıqlara getdiyi an Qarabağı tanıması demək olacaq. Bunu Bakıda çox gözəl bilirlər. Bakının mövqeyi budur ki, ermənilər Azərbaycan vətəndaşı pasportu alırlar və digər milli azlıqların sahib olduğu hüquq və vəzifələrdən istifadə edirlər”.

Keryan misal olaraq maraqlı bir məqama toxunub. “Heç görmüsüz ki, Azərbaycan nə vaxtsa talışlarla və ya yəhudilərlə danışıqlar aparıb? Bu mümkün də deyil, axı. Əgər mən səhv eləsəm və Bakı Xankəndi ilə danışıqlara otursa, bu, bizim üçün böyük qələbə olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button