ManşetSiyasət

Ekspert: “Pezeşkiyan ilk səfərini Bakıya yox, Rusiyaya edəcək”

“Məsud Pezeşkianın ilk rəsmi səfərini Bakıya edə biləcəyi istisna edilməsə də, real görünmür”. JAMAZ.İNFO xəbər verir ki, bunu araşdırmaçı-yazar, siyasi ekspert Fikrət Fəraməzoğlu “Yeni Müsavat”a açıqlamasında deyib.

O bildirib ki, Pezeşkian seçildikdən sonra Azərbaycan Prezidenti tərəfindən Bakıya dəvət olunub. “Bundan başqa, Pezeşkian həmçinin COP29 tədbirlərində iştirak üçün də ayrıca dəvət alıb. Lakin bu, hələ onun ilk səfərini Azərbaycana etməsi anlamına gəlməz. Əvvəla ona görə ki, indiyə qədər Tehranda heç bir yeni prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməyib. İkincisi, Pezeşkianın Azərbaycan əsilli olması onun Bakıya ilk səfər etməsini də şərtləndirmir. Bu, onun haqqında ”etnik təəssübkeşlik” deyimlərinin çoxalmasına səbəb ola bilər”.

Siyasi təhlilçinin sözlərinə görə, üçüncüsü, hazırda İran Azərbaycanla çox ciddi problemlər yaşamır və əvvəlki gərginlik geridə qalıb: “Düzdür, SEPAH-a bağlı media mütəmadi olaraq rəsmi Bakını ittiham etməkdən çəkinmir. Lakin bütün bunlar hələ ki, ümumi fonda elə də ciddi qarşılanmır. Ona görə də, Bakı ilə Tehran arasında həll edilməmiş məsələlər azdır və bu problemləri aradan qaldırmaq üçün Pezeşkianın ilk olaraq Bakıya səfər etməsinə də zərurət görünmür. Zənnimcə, Pezeşkianın Azərbaycana səfəri ən yaxşı halda gələn ilin ortalarında baş tuta bilər. Buna kimi isə onun Braziliya, Çin, Venesuela və digər bu qəbildən olan ölkələrə səfər edəcəyi daha inandırıcıdır. Böyük ehtimalla Pezeşkianın ilk rəsmi səfəri Rusiyaya olacaq”.

F.Fəraməzoğlu bunu yaxın vaxtlarda Rusiya və İran arasında bütün sahələrdə əməkdaşlığa dair sazişin imzalanmasının nəzərdə tutulması ilə əlaqələndirir: “İki ildir üzərində iş gedən və bütün vacib sahələri əhatə edən bu sənədin imzalanması hər iki tərəf üçün vacibdir. Ona görə ki, bu sənəddən sonra İran təkcə Rusiya ilə deyil, eyni zamanda Avrasiya İqtisadi İttifaqında da xüsusi yer alacaq. Bu sənəd, həm də İranla Rusiya arasında strateji müttəfiqliyin təsdiqlənməsi olacaq”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button