GündəmManşet

Ekoterror davam edir: Ermənistanın yeni zavodunun hansı fəsadları olacaq?

Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə – Arazdəyən kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikir.
Bu barədə Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobyan sosial media hesabında bildirib. Faktı təsdiq edən videogörüntülər də yayılıb. Bu, Ermənistanın növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud surətdə pozması deməkdir.
Hündürlüyü 30 m olacaq zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarındadır. Zavoddan çıxan tullantılar, sözsüz ki, Araz çayına axıdılacaq. Bu da Naxçıvanda, o cümlədən sərhəddə yerləşən Sədərəkdə mal-qaranın və əkinin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn “Şir arxı”nın suyundan istifadə edilir.
Araz çayı, sözün əsl mənasında, Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib. Hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir.
“Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, akademik Adil Qəribov bildirib ki, yüksək temperatura malik olduğu üçün metallurgiya zavodunun ekologiyaya mənfi təsiri olduqca çoxdur. Çünki zavoddan atılan zəhərli tullantılar ilk növbədə atmosferi çirkləndirəcək. Zavodun Araz çayı kənarında tikiləcəyini nəzərə alsaq, bunun çaya vuracağı ziyanın miqyası daha böyük olacaq:
“Ermənistan bunu yaxşı bildiyi üçün zavodu bilərəkdən məhz Naxçıvan sərhəddində tikmək istəyir. Bu aspekdən zavodla bağlı toplanan bütün faktlar və sənədlər beynəlxalq təşkilatlara göndərilməli və rəsmi şəkildə məsələ qaldırılmaldır ki, bu zavodun işə salınması həm Azərbaycanın və bölgənin ekologiyasına ziyan vuracaq, həm də transsərhəd suların çirklənməsinə səbəb olacaq”.
A.Qəribov vurğulayıb ki, Azərbaycan Naxçıvan-Ermənistan sərhəddində, yaxud işğaldan azad olunan Qarabağ ərazisində molimetal zavodları və müəssisələri tikməlidir. Çünki Naxçıvanda və Qarabağda zəngin yeraltı filiz yataqlarımız var və indi biz bu zənginliklərdən rahat şəkildə istifadə edə bilərik:
“Ermənilərin bu zavodun tikilməsi ilə kifayətlənəcəklərini düşünmürəm. Çünki bizdə onların Naxçıvan sərhəddində uran yataqlarının axtarışı ilə məşğul olduqları barədə məlumatlar var. Hətta bu yataqlardan birgə istifadə ilə bağlı Rusiyaya müraciət də ediblər. Ancaq bu yataqların potensialı çox az olduğu üçün ruslar onlarla razılaşmamışdılar. Bununla belə, ermənilər Azərbaycana ziyan vurmaq üçün həmin sərvətlərdən istifadə olunması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıracaqlar”.
Ekologiya və Təbii Sərvərlər nazirinin müşaviri Rasim Səttarzadə deyir ki, beynəlxalq hüquqa görə, hər bir ölkə öz ərazisində təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər. Lakin həmin fəaliyyət digər ölkənin ərazisinə təsir edirsə, o zaman bu fəaliyyət mütləq razılaşma yolu ilə aparılmalıdır:
““Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfinin öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyəti digər ölkələrin ərazisinə mənfi ekoloji təsir göstəririsə, bu fəaliyyət qarşı tərəfin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir. Hazırkı vəziyyətdə çoxtərəfli ekoloji saziş olan Espo Konvensiyası çərçivəsinə bizim hüquqlarımız qorunmalı, məsələyə ciddi nəzarət olunmaldır”.
Millət vəkili Razi Nurullayev bildirib ki, Ermənistanın sözügedən layihəsi Naxçıvan üçün müəyyən ekoloji fəlakətlər törədə bilər. Zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxara bilər. Əgər Ermənistan bizimlə sərhəddə zavod tikmək istəyirsə, bunu Azərbaycanla razılaşdırmalıdır:
“Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Ermənistan bu tikintini Azərbaycanla razılaşdırmayıb. Üstəlik, ötən 30 il ərzində (elə indi də) Ermənistan hər vasitə ilə Azərbaycana qarşı ekoloji terror həyata keçirib, torpaqlarımızı, suyumuzu zəhərləyib”.
R.Nurullayev qeyd edib ki, Azərbaycanın Ermənistandan bu layihəni dayandırmağı tələb etməyə haqqı var:
“Ümid edirəm ki, həm BMT, həm də digər beynəlxalq platformalarda Azərbaycan Ermənistanı bu layihəni dayandırmaq, ya da ekoloji tərsirlər, texniki təhlükəsizliklə bağlı hesabat təqdim etməyə vadar edəcək. Əgər metallurgiya zavodunun tikintisi Naxçıvanın ekologiyasına, insanların sağlamlığına zərbə vuracaqsa, o zaman təzədən etiraz aksiyaları bərpa edilə bilər və edilməlidir”.
Millət vəkili Musa Quliyevin sözlərinə hazırda ekoloji tarazlığın, təbiətin qorunması, atmosferin çirklənməsinin qarşısının alınması, su və torpağın müxtəlif radioaktiv qüvvələrlə çirklənməsinə mane olmaq dünyanın bir nömrəli problemlərindəndir. İllər keçdikcə bu istiqamətdə müxtəlif proqramlar qəbul olunur:
“Ekologiyanın qorunması ilə bağlı beynəlxalq çağırışlar hər zaman gündəmdə olur. Hazırda təbiəti çirkləndirən böyük zavodların tikintisinə beynəlxalq səviyyədə məhdudiyyətlər qoyulur. Belə bir zamanda Ermənistanın Naxçıvanla həmsərhəd olan Arazdəyən kəndində 180 min tonluq metallurgiya zavodu layihəsi hazırlaması birbaşa ekologiyaya qəsddir. Bu mənada hesab edirəm ki, ekoloqlar, mütəxəssilər haqlı olaraq həyəcan təbili çalırlar. Bu prosesi dayandırmaq üçün dünyada ekologiyanın qorunması ilə əlaqədar bütün qurumlar hərəkətə keçməlidir. Məhz bu zavodun təhlükəsizliyi sübut olunduqdan sonra onlar öz işlərini davam etdirə bilərlər. Hazırda isə mövzu ilə bağlı beynəlxalq təşkilatların rəyi yoxdur. Digər tərəfdən, Ermənistan öz mövcudluğu dövründə hər zaman ekoloji təhlükə yayan dövlət kimi tanınıb. Ermənistanın bu addımlarından əl çəkməsi üçün müvafiq işlər görülməlidir”.
Millət vəkili Naqif Həmzəyevin dediyinə görə, Ermənistanən Naxçıvanla həmsərhəd bölgədə, Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyəndə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməsi ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Ekoloji xətt əsas götürülməklə, bu ərazilər məhv olacaq:
“Nəzərə almaq lazımdır ki, Naxçıvan və Türkiyənin Ermənistanla sərhəd olan ərazisində ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal olunur . Bu ərazilərdə kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edib. Ancaq metallurgiya zavodunun tikintisi ilə bu ərazilərdə ekosistem məhv olacaq, eyni zamanda əhalinin məşğulluq problemi daha da gərginləşək, burada kənd təəsrrüfatını inkişaf etdirmək hansısa müsbət nəticə verməyək. Bu baxımdan həm Azərbaycanın, həm də Türkiyənin QHT-ləri və ictimai fəalları bu problemin həllini beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdır. Bacardığımız qədər çalışmalıyıq ki, belə bir metallurgiya zavodu tikiləcəyi təqdirdə ən müasir avadanlıqlar tətbiq edilsin, zəhərli maddə və tullantıların təbiətə axıdılması, yaxud havaya tüstü buraxılması zamanı xüsusi müasir filterlər quraşdırılsın. Əks təqdirdə zavodun tikintisinə qətiyyən icazə vermək olmaz. Ümumiyyətlə, belə bir zavodun tikintisi bu ərazinin ekosisteminin məhvinə gətirib çıxara bilər. ABŞ-ın bu layihəyə sərmayə qoyacaq şirkətini inandırmalıyıq ki burada belə bir metallurgiya zavodunun tikintisinə ehtiyac yoxdur “.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıblar.
Bildirilib ki, bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl etməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.
Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları olaraq biz, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq. Amerika Birləşmiş Ştatları (ABŞ) hökumətinə müraciət edirik ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. ABŞ rəsmiləri, o cümlədən Azərbaycandakı və Ermənistandakı ABŞ səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər. Biz buradan Ermənistandakı ekofəallara da müraciət edirik. Bu, ilk növbədə, Ermənistanın özünün ekoloji vəziyyətinə mənfi təsir edəcək. Bölgəni təhlükəyə sürükləyən bu prosesi durdurmaq üçün hərəkət zamanıdır”.
“Səma və EKO” İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənovanın dediyinə görə, bölgədə ağır sənaye zavodunun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Həmin zavodun tikilməsi həm Türkiyə, həm də Azərbaycan üçün çox böyük bir təhlükə olacaq. Hətta Ermənistan özü də bundan ziyan görəcək:
“Regionun ən böyük təhlükə mənbəyi olan Metsamor Atom Elektrik Stansiyasının bağlanması tələbi ilə bağlı dəfələrlə müzakirələr aparılıb. Həmin AES-in tullantılarının Araz çayına axıdılması balıqların zəhərlənməsinə səbəb olur. Araz çayı da Kür çayına birləşir. Araz və Kür çaylarından tutulan balıqlar süfrəmizə qədər gəlib çıxır. Hələ Metsamor AES-in mənfi təsirlərindən qurtulmadan ikinci bir zərərli müəssisənin – metallurgiya zavodunun tikilməsi təhlükəni bir az da artıracaq. Belə ki, həmin zavodun tikilməsi ilə ekoloji və qida təhlükəsizliyinə mənfi təsir daha da böyüyəcək. Bunun qarşısını almaq üçün beynəlxalq səviyyədə çağırışlar edilməlidir. Təkcə Azərbaycan deyil, Türkiyə də bu məsələdə öz sözünü deməlidir. Ekoloji təşkilatları toplayıb, bəyannamə hazırlayıb təqdim etmək lazımdır”.(bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button