AraşdırmaManşet

DTX-nın saxladığı 19 adam, “Mehdi ordusu”nun Azərbaycan qolu: İzlər hara aparır?

Xəbər verildiyi kimi, bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməliyyat keçirərək, Azərbaycanda təxribat və pozuculuq fəaliyyəti göstərmək üçün xüsusi hazırlıq görmüş dəstəni saxlayıb. JAMAZ.İNFO rəsmi məlumata istinadən xəbər verir ki, həmin şəxslərin sayı 19 nəfər olub və onlar İran xüsusi xidmət orqanlarının nəzarəti altında Suriyada xüsusi təlim görüblər.

Qeyd edək ki, DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərin böyük qismi heç də ciddi ictimai-siyasi nüfuza malik deyillər. Həmçinin konkret olaraq İrandakı hansı kəşfiyyat qurumuna işlədikləri barədə də rəsmi məlumatda hər hansı bir qeyd diqqəti çəkmir. Yalnız o qeyd olunur ki, həmin şəxslər Suriyada təlim görüblər və bunu da İran xüsusi xidmət orqanları həyata keçirib.

Bildirək ki, İran Azərbaycana qarşı bir neçə istiqamətdə fəaliyyət göstərir. Bunlardan biri həmin ölkənin xüsusi xidmət orqanı olan ETTELAT-dır ki, onların əsas missiyası Azərbaycanın strateji obyektləri və digər vacib sahələri barədə məlumat toplamaqdır. Son həbs edilən 5 nəfərin də həmin qurumla bağlı olduqları şübhəsizdir.

Digəri SEPAH-dır ki, bu silahlı birliyin tərkibində bir neçə kəşfiyyat qurumu var. Məsələn, SEPAH-ın özünün baş kəşfiyyat idarəsi olduğu kimi, onun tərkibində fəaliyyət göstərən Sərhəd Xidmətinin də ayrıca bir kəşfiyyat idarəsi mövcuddur. İSX-nin əsas missiyası qonşu ölkələrlə sərhəd ərazilərdə kəşfiyyat və agent şəbəkəsi qurmaq, sərhədyanı ərazilərin əhalisi arasından müxtəlif məqsədələr üçün adamların təsir altına alınmasıdır. Hazırda Azərbaycana qarşı SEPAH-ın Sərhəd Qoşunları çox fəaldırlar, xüsusən də sərhədyanı ərazilərdə indiyə qədər Azərbaycan əleyhinə bir sıra işlər görüblər.

Üçüncü istiqamət isə BƏSİC milis dəstələridir. Bəsic əsasən SEPAH-ın tabeliyində olan milis dəstəsidir ki,onun üzvlərinin hərbçi olması elə də əhəmiyyət daşımır. Bu təşkilatın yaradılma səbəbi həm İran daxilində guya, dini təbliğat aparmaqla yanaşı, həm də ali dini liderin təlimatları və tapşırıqlarını icra etmək, onu əhali arasında yaymaqdır. Məsələn, “Əxlaq Polisi” kimi tanınan qurumun əslində BƏSİC-dən təşkil olunduğu sirr deyil. Adətən Qumda təhsil alan xarici ölkə vətəndaşlarını kəşfiyyat qurumlarına cəlb etmək üçün Bəsic-in imkanlarından istifadə olunur. Yəni, əvvəlcə BƏSİC-ə üzv edilir, daha sonra isə “hazır xammal” şəkilində kəşfiyyat qurumlarına ötürülür.

Bir maraqlı məqamı da diqqətinizə çatdıraq ki, İranda fəaliyyət göstərən BƏSİC-in üzvləri arasında, xüsusən qadın üzvlərinin böyük əksəriyyəti vaxtıyla əxlaqsızlıq səbəbindən həbs olunmuş şəxslərdir. İran cəmiyyətində onlarla bağlı yanaşma belədir ki, həmin qadınlar tələyə düşdükdən sonra canlarını qurtarmaq üçün molla rejimi ilə əməkdaşlıq etmək məcburiyyətində qalırlar. Elə digərlərinə, yəni dinc insanlara aqressiyaları da aldıqları bu travmadan dolayı yaranır.

Xaricdəki missiyaları isə üzdə dini təbliğat aparmaq və dini yamaqdırsa, arxa planda daha çox tərəfdar toplamaq, daha çox “yuyulmuş beyinə” hakim olmaqdır. Daha sonra isə verilən təlimatlara uyğun olaraq, həmin “yuyulmuş beyinlər” istiqamətləndirilir, müəyyən addımlar atmaları istənilir. Onu da qeyd edək ki, bu qurum “könüllülərdən” təşkil olunmuş kimi, təqdim edilsə də, İran daxilində böyük imtiyazlara və geniş maliyyə imkanlarına malikdirlər. Məsələn, Xamineyinin ofisindən “beytül mal” adı ilə onlara böyük məbləğdə pul ayrılır. Və ya ölkəyə xaricdən gətirilən bahalı maşınlar üçün tələb olunan yükək göşrük rüsumundan azaddırlar.

Lakin İranda mövcud olan kəşfiyyat sistemləri içərisində daha biri də var ki, onlar nə BƏSİC-ə, nə SEPAH-a, nə də ETTELATA tabedirlər. Bu kəşfiyyat qurumu birbaşa ali dini liderə bağlıdırlar, bütün təlimatları ondan alırlar və əldə etdikləri məlumatları da birbaşa onun ofisinə ötürürlər. Uzun illərdən bəri yaradılmış bu kəşfiyyat qrupu müstəqil olmaqla yanaşı, həm də xüsusi təlim görmüş şəxslərdən ibarətdir. Onlar İranın bütün şəhərlərində mövcuddurlar və kimliklərini də müəyyən etmək asan deyil.

Öncəliklə bildirək ki, birbaşa İranın ali dini liderinə tabe olan bu kəşfiyyat və xüsusi təyinatlı qrup “Mehdi ordusu” və ya “Mehdinin əsgərləri” adlanırlar. Onlar istər ölkə daxilində, istərsə də ölkə xaricində zəruri xüsusi əməliyyatların keçirilməsinə cəlb edilirlər. Onlar Suriya, Livan, İraq və digər ölkələrdə xüsusi təlimlər keçdikdən sonra ölkəyə qayıdır, xüsusi vəsiqə ilə təmin olunurlar. Lakin həmin şəxslərin hansı işlərdəçalışdığına diqqət edərsək,o zaman “Mehdi ordusu” adı altında fəaliyyət göstərən bu qrupun necə təhlükəli olduğunu görə bilərik. Adətən onlar pinəçi, fəhlə, dərzi və bu kimi, diqqət çəkməyən işlərdə çalışırmışlar kimi kamflyuaj olunurlar. Olduqca dindar görkəmə malik, həm də xeyirxah imici olan bu adamlar əslində özlərini gizlətmək üçün belə bir vasitəyə baş vururlar. Yəni, hər hansı bir məhəllədə “Hacı Həsən” adlı bir pinəçinin xüsusi təyinatlı və Xamineyiyə bağlı kəşfiyyatçı olduğu təəssüratı yarana bilməz. Heç bu şübhələnməyə də imkan vermir ki, hansısa dərzi “Mir Məmməd” belə bir missiyaya qoşulub.

Bütün bunları sadalamağımızın başlıca məqsədi odur ki, oxucularımızda aydın təəssürat yaransın. İndi isə keçək DTX-nın yaxaladığı 19 nəfərlik qrupun məsələsinə. İlk olaraq qeyd edək ki, rəsmi dövlət qurumunun yaydığı informasiyada onlar barəsində ümumi və konkret fikirlər səsləndirilir. Bu da normaldır. Çünki DTX bununla bağlı şübhəsiz əməliyyat-axtarış tədbirlərini davam etdirir ki, indidən məsələnin bütün detallarını ictimaiyyətə çatdırmaq yersiz olardı.

Lakin həbs olunan 19 nəfər barəsində verilən ümumi məlumatda belə qənaətə gəlmək olar ki, onlar məhz İranın ali dini lideri olan Əli Xamineyinin ofisinə bağlı olan kəşfiyyat qrupudur. Onların “Mehdi əsgərləri” qrupunun Azərbaycan qolu olması istisna deyil. Çünki həmin şəxslər üçüncü dövlətin ərazisindən İrana aparılır, oradan pasportları alınaraq, bütün konispiroloji qaydalara əməl edilməklə Suriyaya xüsusi təlim keçmələri üçün göndərilir. Orada həmin təlimləri keçdikdən sonra isə yenə eyni marşrut üzrə Azərbaycana göndərilirlər.

Saxlanılan şəxslərin kimliklərini də azca araşdırdıqda, onların elə də ciddi ictimai-siyasi şəxs olmadıqları aydın görünür. Hətta aralarında pinəçi, dərzi və ya buna bənzər peşə sahiblərinin olması da diqqətçəkən məqamlardandır. Bu taktika birbaşa “Mehdi əsgərləri” təşkilatının taktikası ilə üst-üstə düşür ki, bu da saxlanılan 19 nəfərin də məhz onların Azərbaycan qolu olmasını deməyə ciddi əsaslar verir.

Xatırladaq ki, İranda fəaliyyət göstərən və xarici ölkələrə də transfer edilən “Mehdi əsgərləri” təkcə, atəş açmaq vəya kəşfiyyat məlumatları toplamaq  kimi təlimlərə sahib deyillər. Onlar həmçinin təxribat törətmək, terror aktları təşkil etmək, partlayıcı qurğulardan istifadə etmək, habelə buna bənzər təlimlər də gördüklərindən olduqca təhlükəli sayılırlar.

Fikrət Fəraməzoğlu,

Jurnalist Araşdırma Mərkəzinin rəhbəri     

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button