AraşdırmaManşet

Cahangir Əsgərovun Batumidə 31 milyon dollarlıq oteli – 100 işçisi var

Azərbaycanda iri məmurların çoxdan oliqarxlaşdıqları, büdcə vəsaitləri hesabına varlandıqları və əldə etdikləri maliyyəni xaricə axıtdıqları sirr deyil. Uzun müddətdir tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli və blogger Həbib Müntəzir xaricə daşınmış sərvətlərin sənədli-sübutlu siyahılarını paylaşır, geniş araşırmalarını təqdim edirlər. Lakin indiyə qədər sübut olunmuş bu məsələlərlə bağlı hər hansı ciddi tədbirin görülmədi də göz qabağındadır.

JAMAZ.İNFO bildirir ki, ölkədə oliqarx məmurlardan biri də AZAL prezidenti Cahangir Əsgərovdur. Onun nəinki Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində böyük biznesə malik olduğu məlumdur. Həmin sırada daha bir böyük layihənin xəbəri isə Gürcüstanın Batumi şəhərindən gəlib.

Bu barədə məlumat yayan blogger Həbib Müntəzir bildirir ki, Əsgərovun otelinin adı “Grand Gloria”, yəni “Böyük Qələbə”dir. Onun sözlərinə görə, Gürcüstan Ədliyyə Nazirliyindən əldə olunmuş reyestr çıxarışına görə 31 milyon dollar investisiya dəyəri olan “GRAND GLORİA” oteli 2010-cu fevralın 16-da Tiflisin Krtsanisi rayonu, Gorgasali küçəsi 3 hüquqi ünvanında qeydiyyatdan keçmiş GLORİA LLC-nin mülkiyyətindədir. “168 otaqlı otelin 100-dən artıq personalı var. Gürcüstan hökumətinin ilk başdan Əsgərovlar ailəsi qarşısında qoyduğu şərtə görə, otelin tikintisi (200 nəfər işçi çalışıb) və idarəçiliyində işçilərin 90 faizi Gürcistan vətəndaşları olmalıdır”.

Həbib Müntəzir qeyd edir ki, Əsgərovun Gürcüstandakı otelləri “Grand Gloria” ilə yekunlaşmır. Onun araşdırmasına görə, AZAL prezidentinin Tiflisin mərkəzində də daha 2 iri oteli mövcuddur.

Xatırladaq ki, AZAL dövlət şirkətidir və dünyanın ən bahalı aviaşirkətlərindən biri hesab olunur. Üstəlik, hər il dövlət büdcəsindən heç də kiçik olmayan məbləğdə dotasiyalar alır. Məsələn, AZAL 2018-ci ildə 208 milyon manat “zərər” etdiyini açıqlayıb. Həmin pulu da təbii ki, büdcədən alıb.

Zərələr işləyən şirkətin rəhbərinin Gürcüstan və Şərqi Avropada milyonlarla dollar dəyərində mülkləri və biznesi varsa, o zaman gəlirlə işləyən Azərbaycan nazirliklərinin rəhbərlərinin nələrə malik ola biləcəkləri olduqca maraqlıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button