AraşdırmaManşet

Benzinin qiyməti qaldırıldı: Marketlərdə məhsullar bahalaşdı

Tarif Şurası ənənəsinə uyğun olaraq, bu dəfə də gecə saatlarında qiymət artımı ilə bağlı qərar verib. JAMAZ.İNFO xəbər verir ki, qiymət artımı bu dəfə benzin və dizel yanacağını əhatə edib. Belə ki, bu gündən etibarən ölkə üzrə 1 litr Aİ 92 markalı benzinin pərakəndə satış qiyməti 10 qəpik (11 faiz) bahalaşaraq 1 manat, dizel yanacağı isə 20 qəpik (32 faiz) bahalaşaraq, 80 qəpik təşkil edib.

Qeyd edək ki, indiki pandemiya dövründə, xüsusən müharibədən çıxmış bir ölkədə belə qiymət artımı heç də xoş qarşılanmayıb. JAMAZ.İNFO bildirir ki, Tarif Şurasının SOCAR-ın təklifinə əsasən yanacaq qiymətlərini bahalaşdırması ciddi narazılıqla qarşılanıb. İqtisadçılar isə bu qərarın heç bir iqtisadi əsasının olmadığını deməklə yanaşı, ölkədə ciddi bahalaşmanın olacağını bildirirlər.

Tanınmış iqtisadçı, ADR Hərəkatının rəhbəri Qubad İibadoğlu bildirir ki, Tarif Şurasının qərarı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq. Onun sözlərinə görə, taksi, ictimai nəqliyyat xidmətlərində, eləcə də nəqliyyatda daşımaların məsrəfi artdığına görə, istehlak mallarından tutmuş tikinti mallarınadək, hər şey bahalaşacaq. “Ən çox bahalaşmaya məruz qalan sahələrdən biri də kənd təsərrüfatı məhsulları olacaq. Çünki, kənd təsərrüfatı istehsalında dizel yanacağı daha çox istifadə olunur”.

Hərəkat rəhbəri deyir ki, ötən  ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 881,3 min ton dizel yanacağı, 1 milyon 66,3 min ton avtomobil benzini istehsal olunub. “İstehsal olunmuş dizel yanacağının 25 faiz kənd təsərrüfatında istehlak olunub”.

İbadoğlunun sözlərinə görə, hazırkı qiymət artımı böyük özəlləşdirmə qabağı həyata keçirilən preventiv addımların bir hissəsidir. “Odur ki, bu son deyil, digər ictimai xidmətlərin nəqliyyatda gediş haqqının, suyun, elektrik enerjisinin, digər kommunal xidmətlərin də qiyməti bahalaşdırılacaq”.

Digər tanınmış iqtisadçı Rövşən Ağayev da hesab edir ki, dizel yanacağının qiymətini daha çox artırmaq ekologiya qayğı ilə əlaqələndirilirsə, hökumət ekologiyaya sədaqətini başqa yolla da sübut edə bilər. “Yanacağın qiymətinin əldə edilməsindən əldə olunan əlavə gəlirlər hesabına ölkəyə elektromobillərin və hibrid maşınlaırn gətirilməsinə subsidiya verilsin. Məsələn, dəyəri 20 000 USD-ə qədər olan maşınlara idxal qiymətinin 25%-i, 20000-30000 USD intervalında olanlara isə 20%-i qədər subsidiya ödənsin. Əlavə olaraq, həm hibrid, həm də elektromobillər 0% rüsum və vergisiz idaxl edilsin”.

Ağayev bildirir ki, fermerlər üçün kompensasiya mütləq olmalıdır. “Aqrar sektorun bütün fəaliyyəti dizel yanacağı üzərində qurulub”.

REAL sədrinin müavini Natiq Cəfərli isə hesab edir ki, yanacağın bahalaşması 2021-ci ilin hələ “çiçəklərdir”. Onun sözlərinə görə, bunun “meyvələr” sonra olacaq. “Benzinin qiymətinin 10%-dən çox, dizelin qiymətinin isə 30%-dən çox artması ərzaqdan, aqrar sektor məhsullarlndan tutun da, nəqliyyata qədər hər şeyin qiymətinə təsir edəcək, logistika bahalaşacaq. Amma hökumət yenə deyəcək ki, yox e, Həzrət Abbas haqqı qiymətlər cəmi 3% artıb, inflyasiya zad yoxdur, kef eləyin”.

JAMAZ.İNFO xəbər verir ki, bu gecə bezinin və dizelin qiymətinin qalxması artıq əksər ərzaq məhsullarının bahalaşmasına səbəb olub. Super marketlərdən daxil olan məlumata görə, hələ Tarif Şurasının qərarı açıqlanmadan onlara ərzaqların yeni qiymətləri təqim olunub.

Yeni siyahıda donmuş məhsullar orta hesabla 15, yağlar 10, yuyucu vasitələr 20 faiz artıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button