ManşetSiyasət

Bayram Məmmədovun işində yenilik: Hadisə “şübhəli ölüm” kimi qeydə alınıb, kamera görüntülərinin əldə edilməsinə başlanılıb  

Mayın 2-də İstanbulda müəmmalı şəkildə dünyasını dəyişən keçmiş siyasi məhbus Bayram Məmmədovun işi ilə bağlı Kadıköy Polis İdarəsi araşdırmalara başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumatı hazırda İstanbulda yaşayan keçmiş siyasi məhbus, Bayram Məmmədovun yaxın dostu Elgiz Qəhrəman verib.

O bildirib ki, hadisə barədə Kadıköy Polis İdarəsi Bayram Məmmədovun ölümünü “şübhəli olmayan” kimi qeyd etsə də, sonradan bu qərarlarını dəyişdiriblər. Onun sözlərinə görə, hazırda ictimai-siyasi fəalın ölümü ilə bağlı istintaq “şübhəli ölüm” kimi araşdırılır. Bundan başqa, işi aparan müstəntiq Bayram Məmmədovun ölümü ilə bağlı kamera görüntülərinin əldə edilməsi üçün təhqiqat başladıb.

Xatırladaq ki, ictimai-siyasi fəal Bayram Məmmədov may ayının 2-də İstanbulda müəmmalı şəkildə ölüb. Belə ki, onun nəşi dənizdən tapılıb. İstanbul polisinin yaydığı ilkin məlumata görə, Bayram Məmmədov mayın 2-si saat 15:00 radələrində sahilə gəlib, ayağındakı başmağı suya düşüb, onu çıxarmaq üçün suya girib və boğularaq, dünyasını dəyişib. Polis hətta iddia edib ki, bununla bağlı şahidlər var. Lakin həmin şahidlərin kimliyi ilə bağlı heç bir məlumat verilməyib. Üstəlik, hadisənin baş verdiyi Kadıköy rayonunun Polis İdarəsi ilk gün videogörüntülərin olmadığını bildirsə də, bu gün görüntülərlə bağlı təhqiqata başladığını açıqlayıb.

Bildirək ki, Azərbaycan ictimai-siyasi sektoru Bayram Məmmədovun ölümünü müəmmalı hesab edirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button