ManşetSiyasət

Bakı səfərinin sirri açılır: Lukaşenko Putinlə Qarabağı müzakirə etdi

Bu gün Rusiya prezidenti Vladimir Putin və Belarusiyanın dövlət başçısı Aleksandr Lukaşenko telefonla danışıblar. JAMAZ.İNFO xəbər verir ki, tərəflər bir sıra məsələləri müzakirə ediblər.

Həmin müzakirə olunan məsələlərdən biri də Qarabağla bağlı olub. Kremldən verilən açıqlamaya görə, Lukaşenko ilə Putin Qarabağ ətrafındakı vəziyyəti, münaqişənin həlli yollarını müzakirə ediblər.

Xatırladaq ki, ötən gün Belarusiyanın prezidenti Aleksandr Lukaşenko Bakıya rəsmi səfərə gəlmişdi. Həmin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Lukaşenko arasında 5 saatlıq təkbətək görüş olmuşdu.

Yerli ekspertlərin rəyinə əsasən Lukaşenkonun səfəri maliyyə sıxıntısı ilə bağlı olub və o, Azərbaycandan borc istəyib. Lakin bu gün Putinlə Qarabağla bağlı müzakirələrdən belə anlaşılır ki, Lukaşenkonun səfəri təkcə, maliyyə sıxıntısı ilə bağlı olmayıb. Həm də ona Qarabağ məsələsində Rusiya və Ermənistanla Azərbaycan tərəfindən vasitəçilik missiyası da verilib.

Qeyd edək ki, belarus prezidentinin Azərbaycan tərəfindən vasitəçi kimi Ermənistanla danışıqlar aparması əvvəllər də baş verib. Onun Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla danışıqlar apardığı və Qarabağ məsələsinin dinc yolla həll edilməsini müzakirə etdiyini İrəvan və Bakı gizlətməyiblər. Hazırkı dönəmdə Lukaşenkonun yenidən eyni missiyanı həyata keçirməsi isə olduqca maraqlı faktdır.

Nə baş verir? Gedişat onu deməyə əsas verir ki, Azərbaycan artıq Rusiyanın Qarabağda sülhyaratma missiyasına inanmır və ya güvənmir. Eyni zamanda, müharibə dövründə vasitəçiliyi üzərinə götürmüş Putinin sözündən qaçdığı və öncədən vəd etdiyi şərtlərə əməl etmədiyi diqqəti çəkir. Məhz bu səbəbdən də Azərbaycan tərəfi “İsgəndər” raketi ilə bağlı məsələni gündəmə gətirərək, Moskvadan izahat tələb etməyə başlayıb. Halbuki hələ fevral ayında Prezident İlham Əliyev ermənilərin Qarabağda “İsgəndər” raketlərindən istifadə etdiyinə dair məlumatlarının olmadığını vurğulamışdı. Üzərindən iki ay keçdikdən sonra məlum raket məsələsinin gündəmə gətirilməsi və rəsmi olaraq izahatın istənilməsi isə o deməkdir ki, Bakı Moskvaya güvənmir, ondan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyir, müharibə dönəmində verdiyi vədlərə əməl etməsinin tələb edir.

Lukaşenko bu missiya üçün nə qədər uğurlu tapıntıdır, demək çətindir. Lakin bilinən odur ki, “Batka”nın Putinlə münasibətləri olduqca yaxşı səviyyədədir. Habelə bu gün onun Bbelarusiya prezidenti kimi vəzifə başında qalmasında Putinin heç də az əməyi olmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button