Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada səfərdə olarkən bildirmişdi ki, Bakı Ukrayna ilə Rusiya arasında sülhün əldə olması üçün vasitəçilik edə bilər. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamadan sonra Rusiya mənbələri Moskvanın Kiyevlə anlaşmaq və danışıqlar aparmaq üçün bir neçə dövləti vasitəçiliyə cəlb etməyə hazırlaşdığı barədə xəbər yayıb.
Həmin xəbərlərdə əsasən Çin və Braziliyanın adı keçsə də, Azərbaycanın da buraya daxil ediləcəyi istisna edilmir.
Ermənistan mətbuatı isə, həm Azərbaycan Prezidentinin açıqlamasını, həm də rus mənbələrinin məlumatıda ölkəmizin adının keçməsini isterika ilə qəbul edib. Tribunainfo.az bildirir ki, “Hraparak” qəzeti bununla əlaqədar olaraq yazıb ki, Azərbaycan üçün dövrümüzün ən kəskin münaqişələrindən birinin həlli platformasına çevrilməsi mühüm imic və diplomatik əhəmiyyət kəsb edir. “Bakı indi özünü aparıcı regional ölkə kimi göstərməyə çalışdığından, Moskva ilə Kiyev arasında danışıqlar platformasına çevrilmək Prezident İlham Əliyevin regional lider obrazı ilə bağlı ideyaları çərçivəsinə uyğunlaşacaq”.
Erməni nəşri yazır ki, Rusiya üçün Azərbaycana belə statusun verilməsi ikitərəfli münasibətlər baxımından sərfəlidir. “Demək olar ki, Moskva və Bakının qarşısına uzaq hədəflər qoyulub. Bakının heç bir hərbi-siyasi blokun üzvü olmaması ilə yanaşı, həm də Moskvanın Cənubi Qafqazda etibarlı tərəfdaşı və müttəfiqidir. Və Ermənistanla siyasi münasibətlərin indiki gərginlik mərhələsində Bakının regionda çəkisi və dəyəri artır”.
“Hraparak” hesab edir ki, Kiyev üçün, məsələn, bir çox nüansları nəzərə alaraq Bakını bir tərəziyə, Ankaranı digərinə qoysa, yəqin ki, üstünlük Bakıya veriləcək. “Buna görə də, növbəti addımlara hazırlaşmaq üçün əhval-ruhiyyəni yoxlamağa cəhd edilir”.