İqtisadiyyatManşet

Azərbaycanın bank sistemində ən böyük talan – 150 milyard manatlıq oğurluq

Keçmiş maliyyə naziri Fikrət Yusifov özünün sosial şəbəkə hesabında maraqlı bir paylaşım edib. JAMAZ.İNFO xəbər verir ki, keçmiş nazir 90-cı illərin ortalarında Azərbaycanda baş vermiş 150 milyard manatlıq talançılıq barəsində yazıb.

Yusifov yazır ki, cəmi 1 il, o vaxtkı Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərov Azərbaycanın bank sistemi tarixində ən böyük talanın müəllifidir. “Bankın sədri vəzifəsində işlədiyi 1 il müddətində o vaxtın pulu ilə 150 milyard manat krediti bankın yerli filialları və ilk növbədə Səbayil rayonunun Bayıl ərazisində yerləşən və onun özünə şəxsən aid olan filialda mal-qara tədarükü adı altında nağdlaşdıraraq mənimsəmişdir”.

Sabiq nazir qeyd edir ki, o dövrdə Əmanət Bankının nəzarət zərfi dövlətə məxsus idi. “Dövlət adından isə Maliyyə Nazirliyi çıxış edirdi. Dövlətə aid bu payı idarə edən Respublika Maliyyə Naziriliyi və bir nazir kimi mən, Əmanət Bankında baş verən bu talana qarşı biganə qala bilməzdik. Mən bankda baş verən bu talanı araşdırmaq üçün Maliyyə Nazirliyinin mütəxəssislərindən ibarət təftiş qrupu ayırdım. Qısa zaman içərisində bütün bu oğurluqların üstü açıldı. Təsəvvür edin, mütəxəssislər o zaman hesblamışdılar ki, bankın filiallarından Hüseyin Səfərovun bilavasitə tapşırıqları ilə mal-qara tədarükü adı altında ayrı-ayrı adamların adına kredit kimi verilib, nağdlaşdırılaraq oğurlanan bu pullara əgər həqiqətən mal-qara alınsaydı, onda bu mal-qaranın yerləşə biləcəyi ərazi Abşeron yarımadasının ərazisindən 3 dəfə böyük olmalı idi”.

JAMAZ.İNFO xəbər verir ki, keçmiş maliyyə naziri vurğulayır ki, pulların daha çox nağdlaşdırıldığı Əmanət Bankının Bayıl ərazisində yerləşən və Hüseyin Səfərova bilavasitə aid olan filialda Maliyyə Nazirliyinin mütəxəssisləri yoxlama apararkən, Hüseyn Səfərovun silahlı adamları Maliyyə Nazirliyinin 3 müfəttişini oğurlayıb naməlum istiqamətdə aparmışdılar. “Müfəttlişlərdən biri (o, hal hazırda da Respublika Maliyyə Nazirliyində çalışır) “Azneft” meydanından qalxaraq onları naməlum istiqamətdə aparan maşın hərəkətdə olarkən, onun qapısını açaraq Azərbaycan Dövlət Akademik Filarmoniyasının yanında özünü yerə atmış və qaçıb Prezident Aparatına daxil olaraq xilas olmuşdu. Təbii ki, bundan sonra ölkə rəhbərliyi və Baş Prokurorluq bu məsələyə qarışdı və Maliyyə Nazirliyinin Hüseyn Səfərov tərəfindən oğurlanmış iki müfəttişi də tapıldı”.

O qeyd edir ki, son müsahibəsində bəzi məmurları rüşvət və korrupsiya hallarına görə tənqid etməyi Azərbaycanın bank tarixində ən böyük talanı həyata keçirmiş sözügedən şəxsin xoşuna gəlməyib: “Hesab edib ki, o, bu məsələyə münasibət bildirməlidir. El gözü tərəzidir. Qoy, mənə dövlət bankını talan etdiyinə görə işdən qovdurduğum biri yox, yaxından tanıyanlar və fəaliyyətimə bələd olanlar qiymət versinlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button