ManşetMedia

…axırda səndən ruhsuz, ölü bir bədən qalır

Kəramət Böyükçöl

Adamlarla durduğum yerdə münasibətim pozulur. Məsələn, biri həyatına girir, dost olur, qısa müddətdə adam öz-özünə artıq elə bir dosta çevrilir, sənə ərklə zəng eləyib deyə bilir ki, bizim qohumun uşağı ağır xəstədir, kart hesabını paylaşmaq lazımdır. Deyirəm, əzizim, sən təsəvvür edirsənmi mənə belə müraciətlər nə qədər olur? Hər dəfə də müraciət olanda deyirəm ki, mən sənin kartını paylaşsam, bəs kartını paylaşmadıqlarım nə deyər? Yaxud, sənin kartını paylaşsam, bu tip müraciətlərin sayı çoxalmazmı? Onda mən neyləyim, hamının kartın paylaşım? Bəs onda da adıma söz çıxarmazlarmı ki, Kəramət faizə işləyir? Mən ölkəmi tanıyıram axı.

Cəmiyyətdə münasibətlər əsasən təmənna üzərində qurulur. Beş barmağın sayından da az təmənnasız münasibətlər var, ya yoxdur. Hətta hər şey o qədər təmənnalaşıb ki, kimsə kiminsə kiməsə qarşılıqsız, tamamilə insani hisslərlə yaxşılıq edə biləcəyinə inanmır. Şübhə ilə yanaşır ki, görəsən, məqsəd nədir? Əslində, hər şeyə şübhə ilə yanaşanlar haqsız da deyirlər. Azərbaycanda hansı ideyanı qaldırırsan, altından pul çıxır. Ona görə də bizim cəmiyyətdə heç bir ideya yerimir. Tutalım, biri başına 5-10 adam toplayır, guya təşkilat yaradır, guya hər hansı bir sahədə iş görür, qısa müddət sonra məlum olur ki, adamın məqsədi pul qazanmaqdır, səndən də alət kimi istifadə edir. Dostluqlar da eynilə bu məqsədə xidmət edir. Maraqlar var. Ən adi bir misal çəkim. Azərbaycanda insanlar qadınla kişinin dostluğuna niyə hələ də inana bilmir? Çünki bunun parlaq nümunəsi yoxdur. Bizim ölkədə adətən, qadın-kişi dostluğunun altından ayrı məqsədlər çıxır. Məqsədin başqadırsa, buna niyə dostluq adı qoyursan? Niyə? Çünki dostluq yaxşı sözdür, gözəl sözdür. Çünki dostluq sözünü bütün əclaf əməllərin qarşısına pərdə kimi çəkmək olur.

Ölkədə hamı hamını psixoloji əsarətdə saxlamaqla məşğuldur. Tutalım, birinin atası ölür, başqa birisi yasa gəlir. Məqsəd bilmirsən nədir. Hər halda yasa gəlməklə, yasda bir dəfə qucaqlaşmaqla qarşındakını psixoloji əsarətdə saxlayır. Deyə bilərsənmi yasa gəlmə? Yox. Gəlir. Sən isə sabah o adamla bağlı, məsələn, nəsə yazmaq lazım gələndə oturub fikirləşirsən ki, bu adam mənim atamın yasına gəlib axı. Mən yazı adamıyam deyə yazmaqdan nümunə çəkdim. Yasa gələn adam bütün sahələrdə əclaf kimi qarşına çıxa bilər, dəxli yoxdur, onun əsirisən. Yaxud, dara düşürsən, əlacsız qalırsan, kimsə gəlib sənə əl tutur. Məqsəd bilmirsən nədir. Amma sabah əl tutan adam ictimai maraqlara zidd bir açıqlama verəndə istər-istəməz oturub fikirləşirsən ki, o adam filan vaxtı mənə kömək eləmişdi axı. Yaxşılığın əsarətinə düşürsən.

Tutalım, xalam oğlu özünə ev tikir. İcra hakimiyyəti pul istəyir. Bu da məndən kömək istəyir. Deyirəm, yazım, ictimailəşdirim. Qayıdırlar ki, yox, yox, başına dönüm, zəng elə. Deyirəm, zəng eləyib nə deyim? Lap tutaq ki, zəng elədim, o da dedi ki, oooo, Kəramət müəllim, ey gözəl insan, nə xoş təsadüf… Biz az qanundan, hüquqdan danışıb axırda da deyəcək ki, sənin xalan oğludur deyə getsin evini tiksin, heç bir problem yoxdur. Vəssalam! Boynuna da bir minnət qoydu, düşdün adamın psixoloji əsarətinə. Mən sənə yaxşılıq eləmişəm, daha biz dostuq. Dost dostun qədrin bilər.

Ay xala oğlu, mən kiminsə əsarətinə düşən adamamsa, elə özümə bir gün ağlayaram da, 35 yaşım var, daha küçələrdə niyə kitab satıram?

Nəticədə nolur? Xalan oğluna kömək etmirsən. Beləcə qohum-əqrəba üçün heç bir işə yaramayan, yaralı barmağa çiş eləməyən, avara bir adam kimi xarakterizə olursan.

Yazıçılar Birliyinin qurultayında Anarı sevməyə-sevməyə onun sədrliyinə əl qaldıran adamlarn demək olar ki, hamısı Anarın psixoloji əsarətində olan adamlardır. Birinin işinə görə harasa zəng edib, birinə qonaqlıq verib, birinin üzünə gülümsəyib, birinin cibinə 100 manat qoyub, belə boş-boş şeylərlə adamların hamısını öz köləsinə çevirib.

Ölkədə hər şey yükdür. Təzə bir adamla tanış olanda oturub gözləyirəm ki, görəsən, bu nə vaxt mənə paz qoyacaq? Mıxını nə vaxt gəlib diriyəcək böyrünə? Biri məhlədən çıxanda səni maşınına mindirib Elmlərə aparır, bir həftə sonra zəng eləyir ki, bizim uşağın universitetdə kəsiri var, onu necə yoluna qoymaq olar? Gəl buna izah elə ki, ay qardaş, sən məni tanıyırsan? Sən mənim yazılarıma, çıxışlarıma baxırsansa, bu sözü mənə necə deyə bilirsən? Nə qışqıra bilirsən, nə söyə bilirsən. Əsəbdən adamın başının damarları şişir. İşim-gücüm barmağımla gicgahlarımı masaj eləməkdir. Tez-tez boynumun damarlarını ovxalayıram ki, başıma qan getsin, gözümə bir az işıq gəlsin.

O gün bir nəfər məndən müsahibə alıb. Dirəşib ki, müsahibəni paylaş. Dedim, paylaşaram. Əslində, paylaşmaq istəmirəm. Mənim heç harasa verdiyim müsahibənin linkini paylaşdığımı görmüsünüz? Sadəcə, adamla 3-4 dəfə çay içmişəm, məni öz psixoloji əsarətində necə saxlayıbsa, dedim, hə, paylaşaram. Fikirləşdim ki, paylaşmadığımı görər, özü başa düşər. A kişi, hara başa düşür? Ağzına gələni, gözünə görünəni mənə dedi. Cavab verməyə də halım olmadı.

Feysbuku-zadı bağlayıb, telefonu-melefonu da söndürüb yoxa çıxacaqsan, camaat deyəcək ki, hökumət qorxutdu, ya hökumət susdurdu.

Qızla tanış olursan. Əvvəl-əvvəl hər şey sənə xoş təsir bağışlayır. Amma bütün bu rahatlığı da qorxa-qorxa yaşayırsan, bilirsən ki, gec-tez bir zibili çıxacaq. Bir az keçir, parolunu istəyir. Bir az da keçir, keçmişini qurcalamağa başlayır. Bir az da keçir, deyir, niyə susqunsan, niyə hərəkətsizsən, niyə mənlə məşğul olmursan, məni sevmirsən, hə? Heç nə izah edə bilmirsən. İzahı olmayan bir bədbəxtçiliyin içindəcə özündə bircə sözə güc tapırsan: əl çək məndən!

Ata əsarəti, ana əsarəti, bacı, qardaş, dost-tanış, qohum-əqrəba əsarəti, hökumət, müxalifət, cəmiyyət, qadın əsarəti, yaxşılıq əsarəti…

Hamı ilə dost olmaq istəyərkən hamı ilə düşmən olursan.

Vurulursan, çıxılırsan, bölünürsən, toplanırsan, axırda səndən ruhsuz, ölü bir bədən qalıq qalır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button