GündəmManşet

Avia.Pro: “Ankaranın Bakını silahlandırması Zəngəzura hücum hazırlığıdır”

Rusiya Azərbaycanla Türkiyə arasındakı yaxınlaşmanın dərinləşməsindən narahat olmağa başlayıb. Əslində, bu yaxınlaşma ilə bağlı narahatlıq bu günə aid deyil. Elə ilk əvvəldən Kreml Bakı ilə Ankara arasındakı münasibətlərin ən yüksək həddə olmasından məmnun deyildi.

JAMAZ.İNFO xəbər verir ki, bu yaxınlaşma və Bakı ilə Ankaranın bundan sonra atacağı addımlarla bağlı rus mediası yeni iddialar gündəmə gətirməyə başlayıb. Rusiyanın hərbi-sənaye kompleksinə yaxın saytlarından birincisi olan Avia.pro saytı bu barədə iddia sürənlərin önündə gedir. Sayt Türkiyə tərəfinin bu yaxınlarda Azərbaycana hərbi dəstək verəcəkləri ilə bağlı açıqlamanı başqa şəkildə şərh edib. Belə ki, bu dəstəyin təkcə, hərbçilərin hazırlanması və siyasi anlam deyil, həm də hərbi texnika verilməsini də əhatə edir. “Düzdür, türk hərbçilər Azərbaycana silah və sursat veriləcəyi barədə heç nə demirlər. Lakin açıqlamadan aydın görünür ki, bu indiyə qədər Türkiyənin Azərbaycana ən iri partiya silah göndərməsini ehtiva edəcək”.

Rus saytı bununla da kifayətlənməyib, bir qədər də irəli gedərək başqa bir iddia irəli sürüb. “Tərəflərin Dağlıq Qarabağ məsələsində atəşkəs razılaşması əldə etmələrinə baxmayaraq, bölgədə vəziyyət gərgin olaraq qalır. Türkiyə Azərbaycana iri partiya silah və hərbi texnika göndərməyə başlayıb. Bura PUA-lar, reaktiv artilleriya qurğuları, Havadan Müdafiə Sistemləri, tanklar və döyüş vertalyotları daxildir. Əldə etdiyimiz məlumata görə, Türkiyə Azərbaycanın hərbi potensialını və imkanlarını yeniləməyə qərar verib”.

Avia.pro bu iddianın fonunda hansısa ekspertlərə istinad edərək yazır ki, Türkiyənin məqsədi yeni torpaqları “ələ keçirməkdir”. “Bəzi ekspertlər hesab edirlər ki, hazırda Bakı və Ankara Dağlıq Qarabağda apardıqları müharibəni davam etdirməyə hazırlaşırlar. Onların təxminlərinə görə, bu dəfəki hədəf Ermənistanın Sünik (Zəngəzur) vilayətidir”.

Maraqlı məqam odur ki, Avia.pro yazıda bizim gözümüzü “qorxutmağa” da çalışır. Məsələn, sayt yazır ki, Zəngəzur əyalətində Rusiyanın ən böyük və “güclü” hərbi bazası yerləşir. “Nəzərə alaq ki, Sünik vilayətində Rusiyanın ən böyük və güclü hərbi bazası yerləşir. Hər hansı hücum olarsa, təbii ki, rus hərbi bazası da prosesə qoşulmaq məcburiyyətində qalacaq”.

Qeyd edək ki, Rusiya mediasının mütəmadi olaraq belə mövzulara baş vurması səbəbsiz deyil. Məsələ odur ki, Kreml Ankara ilə Bakının bu qədər yaxınlaşmasından narahatdır və proseslərin öz əleyhinə çevrilməsindən ehtiyatlanır. Digər tərəfdən, uzun illər silah satdığı Azərbaycan, artıq zəruri bildiyi hərbi texnika və silahları artıq Türkiyədən almağa başlayıb ki, bu da ruslar üçün maliyyə itkisi deməkdir.

Qaldı, Azərbaycanın Zəngəzuru “işğal” edəcəyi barədə iddialara, bunlar da əsassızdır. Çünki Azərbaycan əvvəl gündən bəyan edib ki, heç bir dövlətin ərazisində gözü yoxdur və hər hansı bir ölkəni də işğal etmək niyyətində deyil. Rusların ortaya atılıb, belə bir iddialarla çıxş etmələri də ara qarışdırmaq, könül bulandırmaq, ağıllarıyca oyun oynamaqdır. Daha anlamırlar ki, indi əvvəlki dönəm deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button