ManşetSiyasət

Atəşkəs niyə tez-tez pozulur? – KREML PAŞİNYANIN QƏLƏBƏSİNİ HƏZM ED BİLMİR

Son iki gündə Ermənistan hərbçiləri Kəlbəcər və Tovuz rayonları istiqamətində yerləşən mövqelərimizi atəşə tutublar. JAMAZ.İNFO xəbər verir ki, Müdafiə Nazirliyi bununla bağlı xəbər yayıb və itki olmadığını bildirib.

Qeyd edək ki, ilk hadisə iyunun 26-dan iyunun 27-nə kimi Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutmaqla başlayıb. İyunun 27-də isə Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bildirək ki, düşmənin Tovuz rayonunu ardıcıl olaraq iki dəfə atəşə tutması təsadüf sayıla bilməz. Çünki 44 günlük müharibədən sonra Ermənistan tərəfi dəfələrlə təxribata əl atsa da, silahdan istifadə etməyib. Lakin son bir həftə içində 3 dəfə (onun ikisi Tovuz istiqamətində qeydə alınıb) atəşkəsi pozması düşünülmüş planın tərkib hissəsi ola bilər.

JAMAZ.İNFO xəbər verir ki, ermənilər hələ ötən ilin iyulunda da Tovuz istiqamətində təxribata əl atmışdı. Tovuzun Qaraqaya ərazisini ələ keçirməyə çalışan düşmən itkiyə məruz qalaraq, geri çəkilmişdi. Həmin vaxt Ordumuzun generalı Polad Həşimov və onunla birlikdə 12 hərbçimiz şəhid olmuşdu.

Ermənilərin ötən il Tovuz istiqamətində təxribata əl atmasının sonradan bir səbəbi də ortaya çıxmışdı ki, düşmən BTC neft kəmərini hədəfə alıb və onu sıradan çıxarmaq istəyir. Hərçənd İrəvan bu sirrin üstü açıldıqdan sonra tələm-tələsik bəyanat verərək, belə bir niyyətlərinin olmadığını vurğuladı. Lakin həmin bəyanatda bir səhvə yol vermişdilər ki, bununla da niyyətlərini nümayiş etdirmişdilər. “Ermənistan tərəfi BTC neft kəmərinin təhlükəsizliyini üzərinə götürə bilər”. Elə bu kəlimə kifayət edirdi ki, İrəvanın nə istədiyi məlum olsun.

Bəs, müharibədən ciddi itkilərlə çıxan Ermənistanın yenidən Tovuz istiqamətində fəallaşmasının səbəbi nədir? Qeyd edək ki, Ermənistanda son parlament seçkilərində Nikol Paşinyanın yenidən qalib gəlməsi, Rusiyanın ciddi dəstək verdiyi Koçaryanın məğlub olması Moskvanın ürəyincə deyil. Qərbə inteqrasiya kursu götürmüş Paşinyanla üzdə anlaşmış kimi görünsələr də, Kreml arxa planda onunla yola getmədiyini dolayısı ilə nümayiş etdirir. Hazırda Moskva öz ekspertlərinin dili ilə İrəvana çatdırır ki, istər Qarabağda, istərsə də sərhəd məsələsində ciddi mövqe sahibi olmaq istəyirlərsə, Rusiya ilə daha genişmiqyaslı hərbi müttəfiqliyə dair saziş imzalamalıdır.

Təbii ki, Paşinyan bir müddət Rusiya ilə oynamaq məcburiyyətindədir. Çünki seçkidən yeni çıxıb, lazım olan dəstəyi əldə etmək üçün zaman lazımdır. Ölkədə bir çox şeyləri dəyişmək, vədlərin bir çoxunu həyata keçirmək üçün zamana ehtiyacı var. Daxildəki narazılığı aradan qaldırmaq, revanşistləri tamamilə küncə sıxışdırmaq da onun üçün zaman tələb edir. Bunu Kremlin gördüyü şübhəsizdir. Ona görə də, Moskva aranı qarışdırmaq, ara-sıra təxribatlar törətməklə Paşinyanın sıxışdırmaq istəyir.

İkinci məsələ, Ermənistan ordusunda Koçaryan və revanş istəyində olan qüvvələr seçkidəki məğlubiyyətlə barışmaq istəmirlər. Hələ müharibədən sonra bəlli idi ki, Koçaryan və Qasparyanın orduda xeyli sayda tərəfdarı var və onlar bu iki şəxsin sözünü geri çevirmirlər. Mümkündür ki, məhz onların təlimatı ilə (yenə Kremli unutmaq lazım deyil) erməni hərbçiləri ortalığı gərginləşdirməyə çalışırlar.

Bütün bunların fonunda yekun qənaət odur ki, Nikol Paşinyanın qələbəsi Kremlə pis təsir edib. Hər nə qədər özlərini tox tutsalar da, Rusiya Ermənistanı itirməmək üçün bütün imkanlarından istifadə edir. Son seçkilər məsələnin dinc yolla həlli üçün sonuncu şans idi. Artıq həmin şans qalmayıb və bu dəfə ordunun imkanlarından istifadə edərək, təxribatlara start veriblər. Güman etmək olar ki, yaxın günlərdə belə təxribatların sayı daha da artacaq.

Fərda Uğur,

JAMAZ.İNFO

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button