GündəmManşet

Armen Ayvazyan: “Qoşunlar geri çəkilərsə, Ermənistanın 70 kəndi müdafiəsiz qalacaq”

“Qoşunların geri çəkilməsi tezisi qətiyyən Ermənistanın maraqlarına uyğun deyil. Bunun bizim üçün çox təhlükəli nəticələri olacaq. Belə bir şey olarsa, bir anda 70 kənd müdafiəsiz qalacaq”. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə erməni hərbi tarixçi Armen Ayvazyan çıxış edib.

O qeyd edib ki, Ermənistanın kəndləri sərhəddə kifayət qədər yaxın yerləşir. “Qoşunların güzgü şəklində çəkilməsi bizdə işləməyəcək. Bu, yalnız Azərbaycanın maraqlarına uyğundur. Həmin kəndləri müdafiəsiz qoymaq, tərk etmək olmaz”.

Ayvazyanın sözlərinə görə, əgər vasitəçilər, ümumiyyətlə, Ermənistanın dövlət olaraq qalmasını istəyirlərsə, başa düşməlidirlər ki, Ermənistana münasibətdə qoşunların çıxarılması şərti proporsional şəkildə tətbiq oluna bilməz. “Çünki 70 kənd müdafiəsiz qalacaq. Nəzərə alaq ki, Ermənistan Türkiyə-Azərbaycan konfederasiyasının ortasındadır”.

O deyib ki, hazırda sülh üçün ən kiçik ilkin şərt belə yoxdur. “Paşinyan başlanğıc nöqtəsi kimi Ermənistan üçün ən təhlükəli və əlverişsiz müddəaları götürür. Azərbaycan Qarabağın boşaldılması planından açıq danışanda və ardıcıl olaraq bu yolla gedəndə, Ermənistanın suveren ərazisinin bir hissəsini “işğal” etdikdə və qalan hissəyə mütəmadi olaraq iddialar irəli sürəndə hansı sülhdən danışmaq olar? O (Paşinyanı nəzərdə tutur- red.) ən cahil tezislərə arxalanır və hazırlıqsız, çox təhlükəli fikirlər söyləyir. Çox güman ki, o fikirlər Azərbaycan, Türkiyə və onlara sponsorluq edən sözdə vasitəçilər tərəfindən qoyulur. Bu isə kapitulyasiyanın davam etməsi deməkdir”.

Erməni tarixçi Paşinyanın 1975-ci il xəritələrinə əsaslanması məsələsinə də münasibət bildirib. “Niyə o, 1975-ci il xəritələrini seçdi? Ermənistan üçün ən uğursuz variant olan xəritəni. Bəs, niyə 1921-28-ci illərdəki xəritələri seçilmədi? Yeri gəlmişkən, 1921-28-ci il xəritələrindən istifadə edilməsi məntiqli olardı. Çünki Ermənistan Sovet İttifaqına həmin illərdə qoşulub. 1930-cu illərdən sovet rəhbərliyi Ermənistanın bir hissəsini qoparıb Azərbaycana verib”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button