AraşdırmaManşet

Arayikin erməni bicliyi: “güc nazirləri”ni niyə istefaya göndərmədi?

Qarabağdakı separatçıların rəhbəri Aarayik Harutyunyan bu gün komandasının bir qismini istefaya göndərib. JAMAZ.İNFO xəbər verir ki, 9 “nazir”i işdən çıxaran Arayikin belə bir addımı məhz KTMT-nin İrəvan sessiyası zamanı atması bəzi suallara səbəb olub.

İlk olaraq onu qeyd edək ki, Qarabağdakı separatçılar hələ də ümid edirlər ki, onlar “müstəqillik” əldə edəcəklər. Bu prosesdə güvəndikləri iki ölkə var ki, onlardan biri Rusiya, digəri isə Fransadır. Rusiyanın bğlgədə oynadığı rol məlumdur. Onlar sülhməramlı adı altında bölgəyə gətirdikləri hərbçilərini Qarabağdan çıxarmaq istəmirlər. Bunun üçün çoxsaylı oyunlar oynamaqdan da qalmırlar. Məsələn, bu yaxınlarda rusların Qqarabağa silah daşıyaraq, onları separatçılara verməsi xəbəri yayılmışdı. Ondan əvvəl isə Ağdamda yerləşən Rus-Türk Monitorinq Mərkəzindən çıxan bir qrup rus hərbçisinin də Qarabağa silah keçirmələri üzə çıxmışdı.

Rusların eyni zamanda, separatçıları gücləndirərək, daha sonra Xankəndi və ətrafında bir sıra təxribatlara əl atacaqları da sirr deyil. Zaman içində bunun dəfələrlə şahidi də olmuşuq.

Qarabağda rus icmasının yaradılmasın da bu prosesin tərkib hissələrindən biridir. Rusiya bununla bölgədə özü üçün “bəhanə” və ya “əlyeri” saxlayır. Gələcəkdə, onları bəhanə edərək, hansısa təxribatlara gedəcəyi də istisna deyil.

Fransaya gəldikdə isə onların niyyətləri də ruslarınkından fərqlənmir. Sadəcə, yanaşmalarda müəyyən fərqlilik var ki, bu da Qarabağın Azərbaycan tərkibindən kənarda qalmasından ibarətdir. Hərçənd ruslardan fərqli olaraq, fransızlar Qarabağda hərbi toqquşmanın tərəfdarı deyillər. Onların hədəfi Qarabağdakı erməni separatçıların “müstəqil” şəkildə subyekt kimi qalmasıdır.

Qarabağda baş verən son hadisələr isə onu deməyə əsas verir ki, Xankəndidə təkcə, rusların oyunu oynanılmır. Həmçinin fransızların, qismən də Ermənistanın da maraqlarını qorumaq məsələsi ön plana keçib. Son istefa məsələsindən də aydın görünür ki, Arayikin bu addımı rusların bölgəyə göndərdiyi Ruben Vardanyanın təzyiqləri nəticəsində mümkün olub. Belə ki, erməni milyarder “dövlət naziri” olduqdan sonra öz komandası ilə işləmək fikrində olduğunu gizlətməmişdi. Bəlli olan odur ki, Vardanyan Arayikdən bu güzəşti qoparmağa nail olub.

Lakin Arayik Harutyunyan ruslara hər nə qədər etibar etsə də, öz əlini gücləndirən, eyni zamanda Ermənistan və Fransanın maraqlarını da nəzərə alıb. Bu da onunla diqqəti çəkir ki, Arayik istefaya yalnız humanitar sahələrin “nazirləri”ni göndərib. Əsas rol oynayan “struktur”ları isə əlində saxlayıb. Məsələn, “müdafiə”, “polis” və “xüsusi xidmət” “nazir”lərinin istefaya göndərilməməsi və yerlərində qalması bunun elementlərindən biridir. Adları qeyd olunan “nazir”lərin yerində qalması, həm də o deməkdir ki, Arayikin Vardanyana hər nə qədər ehtiyacı olsa da, gücü əldən vermək fikrində deyil. Və bunu öz gələcəyi üçün atılmış addım da hesab etmək olar.

Harutyunyanın hal hazırda əsas məqsədi 2024-cü ilə qədər öz postunu qoruyub, saxlamaqdır. Həmin müddətə qədər digər “nazir”ləri qurban versə də, güc “nazir”lərini əldən verməməyə çalışacaq. 2024-cü ildən sonrakı dövr isə onun üçün maraqlı deyil. Ona görə ki, Arayik həmin müddətdən sonra separatşıların rəhbərliyindən gedəcək. Yerini kimin tutması isə onun üçün elə də əhəmiyyət daşımır.

Niyə məhz 2024-cü il? İstər Arayik, istərsə də ətrafında olan adamların böyük əksəriyyəti yaxşı bilir ki, onların Qarabağda gələcəyi yoxdur. Rusların bölgədə olması, fransızların dəstəyi, Ermənistanın maliyyə yardımları da heç nəyi dəyişməyəcək. Həmçinin Azərbaycan rus sülhməramlılarının Qarabağdan çıxarılması üçün bütün addımları atacaq ki, bu da orada yaşayan separatçıların sonu deməkdir.

Bundan əlavə, 2025-ci ilə qədər Azərbaycanın Qqarabağ məsələsini bitirmək niyyətində olduğu da gizli deyil. Həmin müddətə qədər Arayik aradan çıxmaq istəyir ki, adı ermənilər arasında satqın kimi çağırılmasın. Çünki qalarsa, Qarabağın Azərbaycanın tərkibinə qayıtması prosesində içtirak etmiş şəxs kimi çəkiləcək. Hərçənd 44 günlük müharibədəki məğlubiyyəti onun tənqid və təhqir olunması üçün yetərli olub. Bir də bunun üzərinə Qarabağın Azərbaycanın yurdiksiyasına qoşulması prosesi əlavə olarsa, onu daha ağır ittihamların gözləyəcəyi qaçılmaza çevriləcək.

Fərda Uğur   

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button