GündəmManşet

Arayikdən etiraf: “Bakı ilə danışıq aparmalıyıq, nə ruslar, nə də beynəlxaq təşkilatlardan ümid gözləməyin”

Qarabağda “blokada” nağılları davam etdiyi ərəfədə, separatçıların rəhbərləri Arayik Harutyunyanla Ruben Vardanyan arasında dava davam edir. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, tərəflər arasında münasibətlər o qədər gərgindir ki, artıq bir birlərinə xəbərdarlıqlar etməkdən də çəkinmirlər.

Erməni nəşri yazır ki, son günlər vəziyyət daha ciddi şəkil alıb. Dünən isə Arayik Harutyunyan rus sülhməramlılarının müşayəti ilə İrəvana gəlib, orada da Rusiyaya gedib. “Səfərin məqsədi siyasi vəziyyətin həlli yollarını tapmaqdır. Arutyunyan təklif edəcək ki, Rusiya və Qarabağda yerləşən sülhməramlılar növbədənkənar seçkilərin keçirilməsinə təminat versinlər və ya onunla Ruben Vardanyan arasında seçim etsinlər. Çünki o, əmindir ki, Vardanyan dövlət naziri vəzifəsində olduğu müddətdə azərbaycanlılar yolu açmayacaqlar”.

Xatırladaq ki, hələ yanvarın 14-də həm Vardanyanın, həm də Harutyunyanın mümkün istefaları ilə bağlı xəbər yayılmışdı. Həmin xəbərə görə, azərbaycanlılar Vardanyanın istefasını tələb edib, lakin o qəbul etməyib.

JAMAZ.İNFO bildirir ki, həmin vaxt Harutyunyan yeni “parlament” və “hökumət” qurmaq üçün növbədənkənar seçkilərə getmək üçün istefa verəcəyini bəyan edib. Lakin ruslar seçkilərin keçirilməsini təmin etməkdən imtina ediblər.

Erməni nəşrləri yazır ki, bu hadisədən sonra Qarabağdakı separatçılar “konstitusiya böhranı” yaranacağını, nəticədə bölgədəki müqəddəratlarını itirəcəklərini bildiklərindən həmin fikirdən vaz keçiblər. Üstəlik, bu hadisə baş versəydi Azərbaycan üçün işlər daha asan şəkil alacaqdı. Çünki nəzarətsiz və idarəolunmayan bölgəni götürüb, orada qayda-qanun yaratmaq artıq zərurətə çevriləcəkdi. “Belə olan halda Arayik istefa verməsin deyə Bako Saakyan və Arkadi Qukasyan araya girib, tərəfləri sakitləşdirməyə nail oldular. Lakin bu hadisədən iki həftə keçdikdən sonra münasibətlər yenidən gərginləşib. Məsələ burasındadır ki, Arayik Harutyunyan və Ruben Vardanyan hakimiyyəti rəvan şəkildə ötürməyə və növbəti seçkilərə qədər Qarabağın iqtisadi imkanlarının artırılması üzərində birgə işləməyə razılaşsalar da, Vardanyanın kəskin bəyanatları və addımları Arayik Harutyunyan üçün başağrısına çevrildi”.

“Juqovurd” qəzeti bu barədə yazır ki, Qarabağaın gələcəyi ilə bağlı Arayiklə Rubenin mövqeləri fərqlidir. Belə ki, Harutyunyan Azərbaycanla rusların vasitəçiliyi ilə danışıq aparmağın, bəzi yerdə görüşməyin tərəfdarıdır. Vardanyan isə qəti şəkildə əleyhinədir. O deyir ki, müqavimət göstərməli, bir santimetr də ərazi verməməlidirlər. Bunu da onunla əsaslandırır ki, sülhməramlılar onların təhlükəsizliyi təmin edir.

Sözügedən qəzet belə bir iddia ilə çıxış edib ki, son günlər Arayik və Rubenin ayrı-ayrılıqda Qarabağdakı ermənilərlə görüşlər keçirməsi bölgədə seçkilərin keçirilməsinin təzahürüdür. “Son günlər Harutyunyan və Vardanyanın Qarabağ camaatı ilə ayrı-ayrılıqda görüşləri olub. Bu görüşlər yaxşı işıqlandırılmasa da, onların bir-birində eyb axtarmağa çalışaraq uzaqdan debata getdikləri nəzərə çarpır. Deyəsən, seçki kampaniyası başlayıb. Xalqın rəğbətini qazanmaq problemi var. Üstəlik, bazar günü Harutyunyanla keçirilən görüşdə deyib ki, onlara Azərbaycanla danışıqlara getmək üçün xalqın mandatı lazımdır. Hətta o deyib ki, Azərbaycan Qarabağdakı separatçılarla danışıqlar aparmayacaq. “Bunu unudun, danışmağa getməliyik, bu görüşlər ona görədir ki, insanların nə istədiyini başa düşə bilək”. Arayik həmin görüşdə deyib ki, o, müharibədən əvvəl sosial proqramla “prezident” seçilib, əslində onun belə bir mandatı yoxdur. O, həmçinin əlavə edib ki, hazırda seçkilər və referendum xalqın qərar verməsi üçün real deyil, ona görə də belə görüşlərlə başa düşməlidir ki, bu məsələdə xalqın dəstəyi varmı, sabah azərbaycanlılarla görüşsə, onlara satqın deyilməyəcək ki”.

Harutyunyan həmçinin görüşlərindən birində vurğulayıb ki, Azərbaycan tərəfi ilə rusların vasitəçiliyi ilə görüş keçirilməlidir. Lakin o, rus sülhməramlılarına çox da etibar etmək lazım gəlmədiyini də deyib. “Ruslara çox da arxalana bilmərik. İndiyə qədər nə əldə etmişiksə, birbaşa danışıqlar yolu ilə nail olmuşuq. Ötəni ilin avqust hadisələrini xatırlayıb. Yol bağlanmışdı. Azərbaycanla dfanışçıq apardıq, Sərsəng su anbarına maneəsiz girişlərinə razılaşdıqdan sonra yolu açdılar”.

Arayik qorxularını da dilə gətirib. O, Azərbaycanla müharibə aparmaq düşüncəsində olmağın ağılsızlıq olduğunu deyib. “Təəssüf ki, regionda bu gün tək qaldıq. Bölgə hardasa Türkiyənin nəzarətindədir, bunu bilməliyik. Şuşada Türkiyə-Azərbaycan bəyannaməsi imzalanmışdı, Türkiyə Azərbaycanı müdafiə etməyə hazır olduğunu qəbul etmişdi. Yəni Azərbaycana qarşı müharibə Türkiyəyə qarşı müharibə deməkdir. Qarabağ və Ermənistan buna hazırdırmı?Bugünkü müharibə Qarabağ və Qarabağ xalqı üçün son səhifə deməkdir. 1 milyonluq türk ordusu ilə döyüşmək mümkün deyil. O, bu gün Ağdamdadır”.

Araik Harutyunyan iclasda həmçinin deyib ki, bu gün Qarabağda Ermənistandan daha çox silah və sursat var. “Lakin bu kifayət deyil, vaxt qazanmaq, güclənmək lazımdır. Azərbaycan 26 il hazırlaşdı. Nəhayət, Türkiyə dəstək verdikdən sonra Azərbaycana uğur qazandı”.

Separatçıbaşı daha sonra maraqlı bir məqama da toxunub. O, Ermənistanın Qarabağ məsələsinə qarışmayacağını, bundan sonra Azərbaycanla yalnız öz məsələlərini müzakirə edəcəklərini vurğulayıb. “Ermənistan Bakı ilə Xankəndi arasında danışıqlarına başlamasını istəyir. İrəvanda açıq deyiblər ki, onlar bizimlə danışıqlarda iştirak etməyəcəklər. Təbii ki, bu danışqılar  Rusiyanın vasitəçiliyi ilə aparılmalıdır. Lakin nəzərə alaq ki, ruslar sırf aktordurlar. Bütün məsələlərin həlli isə öz əlimizdədir. Azərbaycanın müxtəlif rəsmiləri ilə mütəmadi əlaqələr olub. Nəticədə 1600-dən çox meyit və 6 insanı sağ ala bilmişik. Avqustda yol bağlı olanda da nə beynəlxalq təzyiq, nə də Rusların vasitəçiliyi nəticə verdi. Əksinə, biz görüşdük və razılaşdıq, problem də həll olundu”.

Onu da bildirək ki, Vardanyan da Ağdərədə ermənilərlə görüşüb. O, Arayikdən fərqli olaraq, Azərbaycanın heç bir təklifi ilə razılaşmayacaqlarını bildirib. “Past” qəzeti bu barədə yazır ki, Vardanyan nəyin bahasına olursa olsun müqavimət göstərməyin tərəfdarıdır.

Qəzet yazır ki, Arayik Harutyunyanın Moskvaya səfər etməsi, Kremldə görüşlər keçirməsindən sonra Qarabağda vəziyyətə tam aydınlıq gələcək. “Qarabağda Arayiki səbirsizliklə gözləyirlər. Onları maraqlandıran budur ki, Moskva kimə üstünlük verəcək: Arayik Harutyunyana, yoxsa Ruben Vardanyana? Azərbaycanla birbaşa dialoq tərəfdarına, yoxsa Azərbaycanla müharibə və sərt qarşıdurma tərəfdarına?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button