AraşdırmaManşet

Amerikalı seysmoloqların Bakı üçün qorxulu proqnozu: Xəzərdəki vulkan püskürməsi nəyin xəbərçisidir?

Xəzər dənizində dünən baş verən vulkan partlaması insan təlafatı olmaması üzündə xoş hal kimi qarşılanır. Lakin bunun təkcə, dəniz üçün deyil, həm də Bakı üçün ciddi siqnal olduğu diqqətdən yayınır. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, mütəmadi olaraq fəallaşan vulkanlar yekunda ciddi zəlzələlərin xəbərçisi kimi xarakterizə olunur.

JAMAZ.İNFO xəbər verir ki, istər Xəzər dənizinin akvatoriyası, istərsə də Bakı şəhəri riskli bölgə olaraq xarakterizə edilir. Belə ki, hər iki ərazi seysmikdir və 2000-ci ilin noyabr ayında baş vermiş 7.5 bal gücündəki zəlzələ də bunun əyani sübutlarındadır. Onu da bildirək ki, Xəzər dənizində davamlı olaraq kiçik təkanlar hər gün qeydə alınır.

Hələ 2000-ci illərin əvvəllərində Bakıya dəvət olunmuş ABŞ şirkətlərindən biri ərazinin zəlzələ risklərini öyrənmək üçün ciddi araşdırmalar aparıb. Həmin araşdırmaların nəticəsi olaraq, hazırlanan hesabatda qeyd edilir ki, Bakı üçün yaxın 15-20 il ərzindən ciddi zəlzələlərin olması qaşılmazdır. Hesablamalara görə, Bakının geoloji quruluşu və seysmik ərazidə yerləşməsi onun risklərini artırır. Həm sürüşmə ərazilərinin olması, həm də davamlı olaraq təkanların baş verməsi paytaxt üçün ciddi hazırlıqları zəruri edir.

Amerika şirkəti öz hesabatında vurğulayır ki, Bakıda çoxlu sayda həyət evlərinin olması, yeni inşa edilən binaların zəlzələyə davamlılıq dərəcəsinin tam öyrənilməməsi baş verə biləcək zəlzələlər nəticəsində çoxsaylı insan ölümlərinə gətirib çıxara bilər. Həmçinin o da qeyd edilir ki, güclü təkanlar Bakıda sürüşmə zonalarının da aktivləşməsinə səbəb olacaq ki, onlar paytaxtda belə yerlərin sayının 7-8 olduğunu bildiriblər.

JAMAZ.İNFO xəbər verir ki, AMEA-nın Seysmoloji Mərkəzi Xəzərdə baş verən hadisə ilə bağlı açıqlamasında seysmik vəziyyətin sabit olduğunu, hər hansı bir güclü təkanın gözlənilmədiyini bəyan edib. Baş verən təkanların isə bölgə üçün xarakterik olduğunu, təhlükə yaratmadığını bildirib. Lakin zəlzələ elə bir şeydir ki, onu vaxtından əvvəl müəyyən etmək mümkün deyil və barəsində birmənalı nəsə demək də imkansızdır.

Digər tərəfdən, Bakının seysmik cəhətdən risk bölgəsi olduğu da inkar edilə bilməz. Buna görə də, məhz amerikalı mütəxəssislərin də qeyd etdiyi kimi, kompleks tədbirlərin görülməsi zəruridir. Həmin tədbirlər sırasında Bakıdakı yeni tikililərin zəlzələyə davamlılıq səviyyəsini müəyyən etmək, torpaqdan və daşdan inşa edilmiş kiçik həcimli evlərin təkanlara dözüb-dözməyəcəyini bəlirləməkdir. Bu işləri də FHN həyata keçirməlidir.

Xəzərdə dünən baş verən palçıq vulkanının partlaması isə istənilən halda xəbərdarlıqdır. Bu yerin geoloji qatlarında proseslərin getdiyi, zəlzələ riskinin artmasının xəbərçisi hesab oluna bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button