ManşetÖlkə içi

23 yaşlı baş leytenant şikayət edir: “Aldadıb sənədə qol çəkdirdilər, indi 350 manat cərimə ödəyirəm”

Naxçıvandakı N saylı hərbi hissənin zabiti Seymur Məmmədov orduda üzləşdiyi təzyiqlərdən şikayət edir. O, ailə vəziyyəti ilə əlaqədar ordudan təxris olunması istəyini dilə gətirdikdə sonra, müxtəlif üsullarla incidildiyini bildirib.

JAMAZ.İNFO “Gündəlik Naxçıvan” səhifəsinə istinadən xəbər verir ki, S.Məmmədov bildirib ki, üç ay öncə təxris olunması ilə bağlı müraciət edəndə, bilirmiş ki, onu “sürprizlər” gözləyir. “Ancaq, ailə vəziyyətimə görə buna məcbur idim. Bir də qanuna tabe olmayan “arxalı” əsgəri cəzalandırdığıma görə hədəfə gəlmişdim. Bu olanlardan sonra məndən qisas almağa başladılar. Öncə, xidməti istifadəmdə olan soyuq silah və hərbi aksesuarları məndən xəbərsiz dəyişdirərək yerinə sınıq, yararsız əşyalar qoydular. Sonra buna görə məni üst-üstə 1256 manat cərimələdilər. Məni aldatdılar ki, soyuq silah və aksesuarları yarasız hala saldığımla bağlı sənədə imza atsam, məni təxris edəcəklər. İnandım, qol çəkdim. Məni tələyə salmaq üçün aldatdılar. İndi hər ay onsuz da az olan maaşımdan 350 manat cəriməyə görə kəsirlər”.

23 yaşlı kiçik leytenant bildirib ki, ona qarşı qərəzin arxasında N saylı hərbi hissənin komandiri polkovnik Aqil Cəbrayılov, diviziyon komandiri, mayor Nəsir Güləliyev və qərargah rəisi mayor Cəmil İsayev durur. Seymur Məmmədov həmçinin deyib ki, bu cür münasibət təkcə ona qarşı deyil. Digərləri qorxusundan səsini çıxarmır ki, həbs olunmasınlar: “Naxçıvandakı hərbi hissələrdə haqsızlıqlara görə, çox zabit ordudan təxris olunmaq istəyir. Üstəlik maaşlar azaldılıb, heç kim aşağı əməkhaqqı ilə xidmət etmək istəmir. Bu vəya digər səbəbdən ordudan təxris olunmaq istəyən hərbçilər şərlənir, cərimələnir, müxtəlif üsullarla onlardan qisas alınır. Heç kim qorxudan səsini çıxara bilmir. Mən də artıq bezmişəm deyə, dillənirəm. Artıq bundan sonra nə edirlər, etsinlər”.

23 yaşlı Seymur Məmmədov deyir ki, bundan sonra başına bir iş gələrsə, buna görə Naxçıvanın ordu rəhbərliyi məsuliyyət daşıyacaq.

Məsələyə münasibət öyrənmək üçün adı çəkilən hərbi hissənin rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmadı. Azərbaycan Müdafiə Nazirliyinin də məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button