ManşetMedia

17 Şəhid ailəsinin problemi niyə həll olmur?

Fikrət Fəraməzoğlu

Qaradağda baş verənlərin açıqlaması elə də qəliz bir şey deyil. Çünki ortada qəliz olacaq bir məsələ yoxdur. Şəhid valideynləri torpaq uğrunda canından keçmiş övladlarının suyun içində deyil, normal bir yerdə dəfn olunmasını istəyirlər. Və istəklərində haqlıdırlar. Bunu etmək də çətin bir iş və proses deyil.

Amma və lakin… Məsələnin əmması odur ki, indiyə qədər Şəhid ailələrinin səsini eşitməmək, görməzdən gəlmək, laqeyd yanaşmağın adı bacarıqsızlıq, məsuliyyətsizlik, səriştəsizlik və qorxusuzluqdur.

Bacarıqsızlıq odur ki, vəzifə başında oturan adam üçün cəmiyyət, xalq maraqlı deyil. Onu bu vəzifəyə təyin edəndə də əsas kriteriya olaraq kimi adamı olması əsas götürülüb. Yəni, fərdi bacarıq, idarəçilik qabiliyyəti və sairə önəmli olmayıb. Adam qəfildən məmur təyin edilib. Özü də təyinat aldığı sahədən xəbərsizdir. Belə olanda həmin məmurdan bacarıq gözləmək, 1 dəlinin quyuya atdığı daşı 100 adamın çıxara biləcəyinə inanmaqdır.

Səriştəsizlik odur ki, onu bacarıqsızlıqla da eyniləşdirmək olar. Adam işinin ancaq pul yığmaq olduğunu düşünür və bütün səriştəsini, istedadını o istiqamətdə kökləyir. Yəni, onu başqa işlər maraqlandırmır.

İşin məsuliyyətsizlik tərəfi isə odur ki, məmur onu həmin vəzifəyə təyin etdirənə və ya onu həmin pilləyə çatdırana daha çox bağlıdır, nəinki onun əmrini verənə. Əgər məsuliyyət hissi olsaydı, məmur Şəhid ailəsinin qarşısına çıxıb, onun dərdini dinləyər, ona yardım edərdi. Bunu etmirsə, deməli, o nə anlamır, nə başa düşmür, nə də məsuliyyət hiss etmir. Onu maraqlandıran sahibinə daha çox sədaqətli olmaqdır. Oonun məsuliyyəti xalqın qarşısında yoxdur. O, hesab edir ki, yalnız sahibinin qarşısında məsuliyyət daşıyır. Vəssəlam…

Qalır, işin içindəki qorxusuzluq məsələsi. O da yenə “dayday”la bağlı məsələdir. Məmur talamaqda, yığmaqda, yağmalamaqdadır. Və bütün bunları təkcə özü üçün deyil, həm də sahibi üçün edir. Məmur bir növ “daydayın” kassiri, pulyığanı funksiyasını həyata keçirir. Bbəziləri də olur ki, onun işi inkassatorluqdur. O zaman adam nədən qorxsun ki? Onu tuta bilməyəcəklər. Onu işdən çıxarmayacaqlar. Belə bir risk yaranarsa, “dayday” özünü yetirəcək və imdadına çatacaq. Lap bu işdən çıxarsalar da, bir müddət sonra başqa bir “yağlı yerə” təyinat alacağından əmindirsə, o zaman niyə qorxsun?

Gələk o məsələyə ki, işlər bu yerə çatandan sonra yuxarıda sadalanan məsələlər nəyə çevrilir? Proses bu yerə qədər gəlib çatdıqdan sonra məsələ bacarıqsızlıq, məsuliyyətsizlik, səriştəsizlik və qorxusuzluqdan çıxaraq, əclaflığa, vicdansızlığa çevrilir.

Vətəndaşın cibinə göz dikib, büdcənin pulunu dədəsinin malı kimi görən məmur zatən, vicdansız və əclafdır. Şəhid ailəsinin haqqını tapdayıb, onları qəbul etməyi belə özünə sığışdırmayan məmur onsuz da simasını və vicdanını itirib. Şəhid ailəsinin haqlı tələbinə qulaq asıb, onun dərdini ovundurmaq yerinə, onların üzərinə dəstə göndərməyə cəsarət edən birilərindən vicdan gözləməyin özü elə vicdansızlıqdır.

Bu ölkədə məmur postunda əyləşən bir çoxlarının anlamadığı və dərk etmədiyi məsələlər var. Məmləkətdə Şəhid məsələsi həddindən artıq həssas bir mövzudur. Xüsusən indiki vəziyyətdə bu riskli və təhlükəli məsələdir. Məmur anlamır ki, Şəhid ailəsinin üzərinə getmək, odun üzərinə benzin tökməkdir. Məmur anlamır ki, Şəhid müqəddəsdir və onun ailəsi də bizə əmanətdir. Məmur anlamır ki, əziyyətlə, uçuq daxmalarda, bir qarnı ac, bir qarnı tox, zəhmət və min bir müsibətlə böyütdüyü övladını Vətən yolunda qurban vermiş valideyn, onsuz da bir ömür dərd içində yaşayacaq və onu ovundurmaq üçün kiçik şeylərlə də mümkündür. Bəs, bunu etmək o qədərmi çətindir ki, 17 Şəhid ailəsi günlərdi küçələrdə haqlarını tələb edirlər və bir əhəddün nasın qulağı onu eşitmir?

Aydın məsələdir ki, bəzi məmurlar üçün nə Qarabağ, nə Şəhid, nə də Şəhid ailəsi anlayışı var. Onlar üçün müharibə bitib. Amma talamaq davam edir. Onlar üçün Şəhid məsələsi sonrakı plandadır. Ççünki onlar üçün “vacib” məsələ soymaqdır, yağmalamaqdır.

Bilirsiz, günlərdir 17 ailənin səsi niyə eşidilmir? Çünki bu işdə pul yoxdur. Sabah dövlət məsələyə pul ayırsın, o zaman mərəkəyə baxın. Məmurlar özlərini ortaya atıb, “Vətən, Millət, Sakarya” deyib, yağmalamaq üçün min cür yollar axtaracaqlar. Sifətdən sifətə düşəcəklər. Dondan dona girəcəklər. Ona görə ki, xislətləri budur.

Və son. O ailələr sizdən nə pul, nə sərvət, nə ev, nə də başqa bir şey istəmirlər. Onlar Vətən üçün canlarını qoyub, qanlarından keçərək, 10 min kvadrat kilometr ərazini düşməndən azad edən övladlarının əbədi həyatda rahat olsunlar deyə, cəmi 2 kvadrat metr bir yer istəyirlər. Çoxmu bir şey istəyirlər? Haqsızdırlarmı?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button