ManşetMedia

10 manatlıq şirkət KTN-in binasını 195 minə, ASAN Xidmətin isə 3.5 milyon manata təmizləyəcək

Kənd Təsərrüfatı Nazirliyi maraqlı bir tender elan edib. Daha doğrusu, artıq tenderin qalibi də məlumdur. JAMAZ.İNFO xəbər verir ki, söhbət Kənd Təsərrüfatı Nazirliyinin binasının yuyulmasından gedir.

Rəsmi məlumata görə, nazirlik hazırkı əyləşdiyi binasında təmizlik, fasad şüşələri və bütün fasadların yuyulması xidmətlərinin satın alınması üzrə tender keçirib. Həmin tenderin qalibi isə məşhur “PARLAQ MƏKAN” MMC olub.

E-tender.gov.az saytındakı qeydə əsasən nazirlik MMC-yə bu xidmət üçün 195.693,56 manat ödəyəcək. Tərəflər arasında müqavilə isə iyulun 16-da bağlanılıb.

Tenderdə maraqlı nüanslar var. JAMAZ.İNFO-ın araşdırmasına görə, binanın fasadı ümumi yuyuylsa da, təmizlik işləri yalnız 1,2, 6 və 13-cü mərtəbədə aparılacaq. Təmizlik işlərinin aparılacağı ümumi sahə isə 9677.17 kvadrat metr təşkil edəcək.

Bəzi məlumatlara görə, KTN-in birinci mərtəbəsi istisna olmaqla, təmizlik işləri aparılacaq mərtəbələr nazirliyin rəhbərliyinin əyləşdiyi yerlərdir. Yəni, o mərtəbələrdə əsaslı təmizlik işləri aparılacaq ki, orada nazirvə onun müavinləri əyləşirlər. Görünən odur ki, nazir Məcnun Məmmədov üçün təmizlik çox önəmli məsələdir. Elə bu səbəbdən də 195 min manata qıyaraq, kabinetini, oturduğu mərtəbəni təmizlətdirmək qərarı verib.

“Parlaq Məkan” MMC-yə gəldikdə isə bu, şirkətin dövlət qurumları ilə arası çox yaxşıdır. Bunu açıq mənbələr də təsdiq edir. 07 noyabr 2016-cı ildə dövlət qeydiyyatına alınmış və Nizamnamə kapitalı 10 manat olan şirkətin indiyə qədər ASAN Xidmət və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin də binalarının fasadlarını yumağı və otaqların təmizləməsini həyata keçirib. JAMAZ.İNFO rəsmi qaynaqlara istinadən xəbər verir ki, qanuni təmsilçisi Əvəz İsmayıl oğlu Qurbanov olan şirkət ASAN Xidmətin 7 saylı mərkəzində təmizlik işlərinin görülməsinə görə, 528.954,73 manat alıb.

Bundan başqa, “Parlaq Məkan” 2024-cü ilin ilk 4 ayında Bakı və digər bölgələrdə yerləşən “ASAN Xidmət” mərkəzlərində təmizlik işlərinin satın alınması ilə bağlı elan etdiyi 17 tenderin də qalibi olub. Bu tenderlərin ümumi maliyyə dəyəri isə 3 milyon 524 min manat təşkil edib.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” isə “Parlaq Məkan” MMC ilə 2021-ci ildən tanışdır. Amma bu qurum digərlərindən fərqli olaraq, təmizlik işlərinə böyük vəsaitlər xərcləməyib. Dövlət Agentliyi bu məqsədlə 47,208 manatlıq satınalma müqaviləsi imzalayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button