ManşetSosial

Əcnəbi milyarderin məxfi Cəlilabad planı, yaxud…

Azərbaycanın bir kəndinin bütün əhalisinin Marsa köçürülməsinə dair məxfi plan üzrə hazırlıq işləri yekunlaşmaq üzrədir. Bütün dünyanın gözünü dikdiyi bu meqa-layihənin icrasında son mərhələ başlayıb, onun bu ilin payızında bitəcəyi gözlənilir. Daha sonra həmin kəndin əhalisinin Marsa köçürülməsi ilə bu sirli qırmızı planetin məskunlaşdırılmasına başlanılacaq.
Cəlilabad Rayon İcra Hakimiyyəti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və məşhur amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən imzalanmış gizli anlaşmanın icrasına 8 il əvvəl başlanılıb. Bəşər övladını Yerdən kənara, kosmosa daşıyıb orada yeni sivilizasiyalar qurmaq arzusunda olan İ.Mask NASA-nın “Phoenix Mars” aparatının Marsda su tapılmasına dair bəyanatının əsassız olduğunu bilən kimi çıxış yolunu Cəlilabad RİH-ə müraciət etməkdə görmüş və ondan kömək istəmişdi. Məqsəd susuz Marsda yaşamağa qadir olacaq insanlar yetişdirmək, onlar üzərində son tədqiqat işləri aparmaq idi. Beləliklə, həmin kəndin sakinlərinin suyu kəsilmiş, onlar üzərində “Susuz yaşamaq olarmı?” sualına cavab verməli olan eksperimentlər başlamışdı…
Əziz oxucu, nədir, inanmadın? Real deyil? İnandırıcı gəlmədi? Yaxşı, onda gəl sənə real və inandırıcı bir faktı deyim. Cəlilabad rayonu Günəşli kəndinin sakinləri 8 ildir ki, suvarma suyuna həsrətdir. 1200 ev təsərrüfatı, 11 000 nəfərdən çox əhalisi olan, dolanışığı əsasən əkin-biçindən, mal-qara saxlamaqdan çıxan böyük bir kənd hamının (mən aidiyyəti qurumları və bu qurumların qurama “vətənpərvər” rəhbərlərini nəzərdə tuturam) gözü qarşısında qətl olunur, məhv edilir, sitəm görür, zillət çəkir, sözün müstəqim mənasında qovurğa kimi qovurulur, yandırılır… Mal-qara tələf olur, bağ-bağat yanıb külə dönür…
Təkrar edirəm: hamının gözü qarşısında! Amma bunu nədənsə heç kim “görmür”, heç kimin vicdanı sızlamır. Halbuki minlərlə insanı yayın qızmar günlərində, Muğanın 40-45 dərəcəlik öldürücü istisində susuz qoymaqdan da böyük vicdansızlıq, namərdlik, qansızlıq təsəvvür etmək çətindir.
Bu kəndin azı 100 ildir böyük suvarma kanalı, mükəmməl meliorasiya sistemi var. O kanal hələ 30-cu illərdə ayağı patavalı dədə-babalarımız tərəfindən minbir zillətlə toxa-kətmənlə qazılıb. O vaxtdan da həmişə bol suyu olub. Ta 8 il əvvələ qədər. İndi isə kosmos əsridir, camaat az qala Ayda qarpız əkir, amma kəndə su gəlmir. Səbəb? Kənd camaatı bu sualı gahdan bir əlinə düşən irili-xırdalı məmurlara dəfələrlə verib. Eşitdikləri cavab, daha doğrusu, bəhanə isə bu olub ki, guya ölkədə suvarma suyu qıtlığı varmış. Gözlərinin içinə qədər yalan deyirlər! Su var! Özü də nə qədər istəsən! Ölkədə su qıtlığı varsa, Günəşli kəndindən cəmi 7-8 kilometr o yandakı qonşu kəndlərdə (Biləsuvarın kəndlərində) niyə bəs deyincə su var? O kəndlərə gələn su Günəşliyə niyə gəlib çatmır? Hansı məmurların əkin sahələrinə, camış fermalarına, balıq dambalarına axıdılır? O suyun qabağını qonşu kəndlərdə kəsən əjdaha kimdir? Nağıllardakı məşhur əjdaha yemək üçün günə bir qız istəyirdi. Bəs bu əjdaha günə neçə qız, pardon, neçə yüz manat istəyir? Meliorasiya və Su Təsərrüfatı ASC-nin bundan xəbəri varmı? Varsa, niyə tədbir görmür? Yoxdursa, yazdım, olsun!
Yaxşı, lap belə fərz edək ki, ASC-nin əvvəlki sədri Əhməd Əhmədzadə yaxşı rəhbər deyildi, əfəl idi, yarıtmaz idi, yaxud da əhlikef idi, hansısa kəndin su problemini vecinə də almırdı. Bəs təzə rəhbərlik? ASC-nin yeni sədri Zaur Mikayılov haqda bilgim çox da dərin deyil. Hamının bildiyi qədər bilirəm. Çoxu da adamın işini bilən menecer olduğunu deyir. Lap yaxşı. O zaman Zaur bəyə problemi göstərirəm: hörmətli sədr, bir kəndi, gözəl və zəhmətkeş əhalisi olan, dir-dirriyi torpaqdan çıxan böyük bir kəndi susuz yandırırlar, məhv edirlər, inlədirlər. Lütfən, bir tədbir görün. Kənddə kimi dindirirsən, “pul versək, suyumuz gələr” deyir. Sizə zəhmət, maraqlanın görün əhalidən pul istəyənlər kimlərdir, ümumiyyətlə, pul istəyən varmı. Varsa, kimlərdir? Bəlkə elə Meliorasiya və Su Təsərrüfatı ASC-nin adından istəyirlər, hə? Yoxdursa, su niyə gəlmir? Axı su var! Lap elə bu günlərdə Biləsuvardan həmin kəndə gedəndə şəxsən özüm görmüşəm. Kanallarda, arxlarda qəşəngcə ləpələnən, daşıb kənara yayılan bolluca su…
Günəşli kəndinin qızıl kimi qiymətli, qara, məhsuldar torpaqları var. Amma susuzluq ucbatından şoran-şorakət olub gedir, zay olur. Bu, torpağa, ölkəyə, vətənə xəyanət deyilsə, bəs nədir? Ölkə başçısı aqrar sektorun inkişafı ilə bağlı onlarla vacib sənəd imzalayıb. Ki, kəndli əksin, biçsin, bolluq yaratsın, həm özü yaxşı yaşasın, həm də ərzaq təhlükəsizliyi məsələsinin həllinə töhfə versin. On min hektarlarla sahədə taxıl əkmək gücündə (və belə təcrübəsi) olan kəndin suyunun illərdir kəsilməsinin adı dövlətin aqrar siyasətini sabotaj etmək deyilsə, bəs nədir?
Famil Cəfərli

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button