İqtisadiyyat

Vasif Talıbov ailəsinə məxsus olduğu deyilən holdinqlə bağlı qərar verildi

Vasif Talıbov ailəsinə məxsus olduğu deyilən “Gəmiqaya şirkəti” MMC barəsində 8 protokol tərtib edilib.

Jamaz.info APA-a istinadən xəbər verir ki, protokolların valyuta tənzimi qaydalarının pozulmasına görə tərtib edildiyi bildirilib.

Qeyd olunub ki, şirkət İnzibati Xətalar Məcəlləsinin  430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi üzrə təqsirli bilinir.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Protokollar baxılması üçün adiyyatı üzrə Naxçıvan şəhər Məhkəməsinə göndərilib.

“Gəmiqaya şirkəti”-nin rəsmi saytında verilən məlumata görə, mərkəzi Naxçıvan şəhərində yerləşən qurum, 2008-ci ilin dekabr ayında təsis edilib. Hazırda 14 şirkəti özündə birləşdirən “Gəmiqaya Holdinq” Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir.

APA bildirir ki, Vasif Talıbovun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya” Holdinqin prezidenti olub. O həmçinin Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır. Bir müddət əvvəl onun vəzifədən azad olunması ilə bağlı xəbərlər yayılsa da, xəbər rəsmi təsdiqini tapmayıb.

Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sabiq sədri Vasif Talıbov ötən ay vəzifəsindən istefa verib.

Bir müddət sonra onun qardaşı Məhərrəm Talıbov da Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsindən azad olunub.

Vasif Talıbov vəzifəsindən azad ediləndən sonra Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Prezident İlham Əliyevin sərəncamıyla Fuad Nəcəfli xüsusi nümayəndə kimi Naxçıvana göndərilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button