İqtisadiyyat

Üç türk ölkəsinin yaxınlaşması: Transxəzər qaz kəməri nəhayət reallaşa bilər?

“Neytral Türkmənistan” qəzeti Türkmənistan Parlamenti Xalq Məsləhətinin (yuxarı palata) sədri sədri Qurbanqulu Berdiməhəmmədovun Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşündən sonra belə bir məlumat yayıb ki, Aşqabadda “Türkmənistan-Azərbaycan-Türkiyə” formatında sammit keçiriləcək.
Berdiməhəmmədov qeyd edib ki, “Türkmənistan-Azərbaycan-Türkiyə” formatında üçtərəfli tərəfdaşlıq böyük əhəmiyyət kəsb edir və Aşqabad tərəflərin dekabrın əvvəlinə planlaşdırılan görüşünə ev sahibliyi etməyə hazırdır.
Üçtərəfli sammitə hazırlıq çərçivəsində ölkələrin xarici işlər, nəqliyyat və energetika nazirləri arasında ayrı-ayrılıqda görüşlər keçirilir və yüksək səviyyəli görüş zamanı imzalanacaq sənədlər üzərində iş aparılır.
Jamaz.info  xəbər verir ki, mövzu ilə bağlı qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, belə bir sammit enerji məsələlərində, Transxəzər qaz kəmərinin gələcək taleyində irəliləyişə nail olmaq yolunda ciddi addım ola bilər:
“Ümumiyyətlə, Türkmənistanın iqtisadi olaraq daha çox açılmasına da xidmət edə bilər. Türkiyə və Azərbaycan biznesi Türkmənistanda daha aktiv rol oynamağa başlayar. Bu sammit, ümumiyyətlə, qapalı iqtisadiyyata malik Türkmənistanda tədricən də olsa, iqtisadi açılımların baş verəcəyi mümkünlüyündən xəbər verir. Türkmənistan da enerji sektoruna bağlı iqtisadi modelə malikdir. Bununla yanaşı, Türkmənsitan həmçinin turizm, kənd təsərrüfatı, sənaye istehsalı sahəsində də potensiala malik ölkədir. Həmin potensialın açılması üçün də yeni biznes modellərə, yeni açılımlara ehtiyac var. Bu mənada Bakı ilə Ankara Türkmənistana daha çox yardımçı ola bilər.
Azərbaycan bölgədə loqistik mərkəz rolunu oynayır. Ölkəmizin bu rolu getdikcə daha da artır. Türkmənistandan keçməklə yeni loqistik xətlərin yaradılması da mümkün senarilərdən biridir. Çünki hazırkı məqamda Rusiyanın Ukraynaya hücumundan sonra dünyada yeni loqistik xətlərə ciddi ehtiyac yaranıb. Rusiya üzərindən keçən xətlər indi təhlükəli sayılır. Ona görə də keçirilən üçtərəfli sammit fonunda loqistika sahəsində, əsasən də 25 ilə qədərdir ki, müzakirə olunan Transxəzər qaz kəməri məsələsinin nəhayət reallaşmasında ciddi irəliləyişlərin ola biləcəyini düşünmək olar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button