İqtisadiyyat

Qubad İbadoğlu: “Formula-1 yarışlarının gəlirləri şişirdilir, məsrəflər isə kiçildilır”

“Bakıda keçirilən beşinci Formula 1 yarışı dünən başa çatıb. Yarışın təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin saytı bu yarışın başladığına dair internet səhifəsində məlumat yerləşdirsə də, qurtarması barədə heç nə yazmayıb. Əslində düz edib, Formula 1 yarışı  bundan sonra ən azı 3 il də Bakıda keçiriləcək”. JAMAZ.İNFO xəbər verir ki, bunu tanınmış iqtisadçı, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Bakı bu yarışa ilk dəfə ev sahibliyinin 2016-cı ildə edib. “Elə o vaxtdan da kiçik bir qrupun ağ günləri, paytaxt sakinlərinin isə qara günləri başlayıb. Belə ki, Bakı şəhərində yaşayanlar, xüsusilə də həmin dövrdə  şəhərdən çıxmağa imkanı olmayan kasıb təbəqənin təmsilçiləri ötən il istisna olmaqla son 5 ildir ki, ildə bir dəfə ən azı bir həftə bu bəlanı ağrı-acısını yaşayırlar. Amma bu yarışdan yüz milyonlar qazananlar əksinə hər il daha çox varlanırlar. Varlandıqca da, xalqla daha az məlumat bölüşürlər”.

İbadoğlu deyir ki, indiyə qədər Formula 1-ə görə büdcədən nə qədər xərclənib, büdcəyə nə qədər vəsait daxil olub, bir sözlə gəlirlər, xərclər, cərimələr barədə məlumat açılanmır. “Ara-sıra mətbuata sızan məlumatlar da şübhə doğurur. Çünki, gəlirlər şişirdilir, məsrəflər isə kiçildilır. Gəlirlərin hesablanması metodikası bəlli olmadığından onun birbaşa və dolayı hissəsinin necə hesablandığı da məlum deyildir”.

Hərəkat lideri hesab edir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin saytı yalnız marketinq məqsədləri üçün yaradılıb. “Saytda bir dənə də olsun, hesabat yoxdur. Bunun başlıca səbəblərindən biri də şirkətlərin vergi ödəmələrinə dair məlumatların kommersiya sirri sayılması və əlaqədar dövlət orqanları tərəfindən açıqlanmasının yasaqlanmasıdır. Hakimiyyətə məxsus olan bu şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin gizli saxlanılması qazanılmış vəsaitlərdən dövlətin faydalanmasına da şübhə yaradır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button