İqtisadiyyat

Qaşqay İsmayıl: “Qarabağda reallaşdırılan layihələrin məcburi köçkünlərə heç bir faydası yoxdur”

“Qarabağın bərpasının ölkənin ümumi iqtisadi inkişafına təkan verəcəyi ilə bağlı ümidlərin sona çatdığını əminliklə söyləyə bilərik”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər “FİNANCE” Şəffaf Büdcə İctimai Birliyin sədri Qaşqay İsmayıla məxsusdur.

Onun sözlərinə görə, işğaldan azad olunmuş rayonlarda tikilən hava limanları, “ağıllı kəndlər”, epizodik investisiya layihələri növbəti “Eurovision” kimi, vitrin olaraq yaradılır. “Ənənəyə uyğun olaraq, böyük məbləğdə dövlət investisiyaları tenderlər vasitəsilə bölüşdürülür və kiçik bir qrupun daha da varlanmasına gətirib çıxarır. İqtisadiyyata, eləcə də məcburi köçkünlərə bu layihələrin faktiki olaraq faydası yoxdur”.

Qaşqay İsmayıl hesab edir ki, texnoloji inkişafın son pilləsinə yuvarlanmış, təhsil və səhiyyə sistemi deqredasiya etmiş Azərbaycanda süni şəkildə “ağıllı kəndlər” yaratmaq əvəzinə, ölkədə azad biznesə imkan vermək kifayətdir. “Belə olarsa, nəinki qarabağlılar, eləcə də digər regionlardan olan iş adamları və iqtisadi fəal əhali bu torpaqlara axışacaq, banklar istifadəsiz qalmış pul vəsaitini kredit qoyuluşuna yönəldə biləcəklər, dövlət isə zəruri infrastrukturla məşğul olacaq. Kəndlərin, şəhərlərin bərpası təbii formada, biznesin və əhalinin marağı sayəsində baş tutacaq”.

İqtisadçı ekspert qeyd edir ki, bunun üçün bir sıra addımların atılması zəruridir. “Bunun üçün ilk növbədə ölkəni tam nəzarətinə almış monopoliyaya son qoymaq, əhalinin büdcədən qidalanması mexanizmini dəyişmək, kiçik və orta biznesi vergi terrorundan xilas etmək zəruridir. Bütün bunları isə hakimiyyət mövcud siyasi sitemə təhlükə görməklə yanaşı, belə bir çətin manevri həyata keçirmək üçün özündə legitimlik, maliyyə və kadr resursları görə bilmir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button