İqtisadiyyat

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Mərkəzi Bankın tənzimləmə və nəzarət sahəsində səlahiyyətləri artırılır

Jamaz.info xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, kredit təşkilatlarının və poçt rabitəsinin milli operatorunun fəaliyyətinin tənzimlənməsi və nəzarəti üzrə Mərkəzi Bank qanunla səlahiyyətinə aid edilmiş məsələlər üzrə normativ xarakterli aktları qəbul edir, qanunla müəyyən edilmiş hallarda və qaydada maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla kredit təşkilatlarında, habelə onların törəmə təsərrüfat cəmiyyətlərində yoxlamalar aparır.

Layihəyə əsasən isə maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulduğu halda nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsi üzrə Mərkəzi Bank:

– nəzarət subyektlərinin fəaliyyətini, o cümlədən prudensial fəaliyyətini və bazar d davranışını tənzimləyən normativ xarakterli aktlar qəbul edir;

– nəzarət subyektlərinin fərdi və konsolidasiya əsasında hesabatlarının tərtib və təqdim edilməsi qaydalarını müəyyən edir;

– nəzarət subyektlərinin sistem əhəmiyyətliliyi meyarlarını müəyyən edir;

– nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər səlahiyyətləri həyata keçirir.

Maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulduğu halda nəzarət subyektlərinin fəaliyyətinə nəzarət üzrə Mərkəzi Bank:

– nəzarət subyektlərinin fəaliyyətinə dair lisenziya və icazələr verir, onları məhdudlaşdırır, dayandırır və ləğv edir;

– nəzarət subyektlərindən prudensial, statistika, maliyyə və digər hesabatları alır və təhlil edir;

– nəzarət subyektlərində yerində yoxlamalar aparır;

– nəzarət subyektləri və onların rəhbər işçilərinə qarşı təsir, təshih tədbirləri və sanksiyalar tətbiq edir, habelə nəzarət subyektlərinin fəaliyyətində aşkar olunmuş pozuntuların aradan qaldırılması və ya pozuntulara səbəb ola biləcək halların qarşısını almaq məqsədilə icrası məcburi olan digər göstərişlər verir;

– cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə nəzarət etdiyi subyektlərə münasibətdə sahəvi risk qiymətləndirməsini həyata keçirir və risk qiymətləndirilməsinin nəticələrini təhlil edir;

– nəzarət subyektinə müvəqqəti inzibatçı təyin edir, rezolyusiya tədbirlərini həyata keçirir;

– nəzarət subyektinin məcburi ləğvi və ləğvedicinin təyin edilməsi barədə məhkəməyə müraciət edir;

– nəzarət subyektlərinə nəzarətlə bağlı digər səlahiyyətləri həyata keçirir.

Mərkəzi Bank nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsi və fəaliyyətinə nəzarətlə bağlı həmçinin aşağıdakı səlahiyyətlərə malikdir:

– nəzarət tədbirləri çərçivəsində nəzarət subyektinin səlahiyyətli idarəetmə orqanlarının iclaslarının, o cümlədən növbədənkənar iclaslarının keçirilməsini tələb etmək, həmin tələb yerinə yetirilmədikdə səlahiyyətli idarəetmə orqanlarının və daxili komitələrinin iclaslarını çağırmaq və (və ya) həmin iclaslarda müşahidəçi qismində iştirak etmək;

– nəzarət subyektinin fəaliyyətinin monitorinqi məqsədilə bu Qanunun 53-2-ci maddəsinə uyğun olaraq nəzarət subyektinə səlahiyyətli nümayəndə göndərmək;

– əsaslandırılmış mülahizədən istifadə etmək;

– nəzarət subyektlərində informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müəyyən etmək və kibertəhlükəsizlik sahəsində nəzarət subyektlərinin fəaliyyətini əlaqələndirmək;

– maliyyə bazarları sahəsində tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi ilə əlaqədar, o cümlədən lisenziya və icazələrin verilməsi zamanı müraciətlərə baxarkən aidiyyəti dövlət orqanlarına (qurumlarına) sorğu ilə müraciət etmək və onlardan zəruri məlumatları almaq;

– istehlakçıların və investorların hüquqlarının qorunması məqsədilə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışını həyata keçirmək;

– nəzarət subyektlərinin fəaliyyəti ilə bağlı tövsiyə xarakterli metodoloji sənədlər qəbul etmək;

– maliyyə bazarlarında istehlakçıların və investorların qanuni maraqlarının pozulması və ya pozulmasına şərait yaradan halların aradan qaldırılması barədə nəzarət subyektlərinə icrası məcburi olan göstərişlər vermək;

– nəzarət subyektinə aidiyyəti olan şəxslərin aşkar edilməsi üçün digər qurumlardan mühüm iştirak payına malik olan şəxslər barədə, habelə həmin şəxslərin cari fəaliyyətinə və hüquqi şəxs olduqda, onların idarə edilməsinə aid lazımi məlumat və sənədləri əldə etmək.

Mərkəzi Bank maliyyə bazarlarının sabitliyini və dayanıqlılığını qorumaq məqsədilə nəzarət tədbirləri çərçivəsində əldə etdiyi informasiyanın konfidensiallığını təmin edir. Mərkəzi Bankın tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlar barəsində mübahisələrə məhkəmə qaydasında baxılır. Qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button