İqtisadiyyat

Mərkəzi Bankın dolaşıq rəqəmləri: banklar qazanır, əhali yoxsullaşır

“Bunların hamısı məmur sahibkarlığından və digər sektorlarda olan inhisarçılıqdan qaynaqlanır. Banklarda bundan çox fərasətlə istifadə edirlər, əməliyyat xərclərini yalandan şişirdirlər”.

Bunu iqtisadçı Nazim Bəydəmirli Mərkəzi Bankın bank sektorunun aktivləri artdığı halda, mənfəətlərin azalması barədə yaydığı ziddiyyətli açıqlamaya şərh verərkən deyib.

Mərkəzi Bankın məlumatında bildirilir ki, bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 069,9 milyon manat təşkil edib. Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,8% artaraq 28 220,1 milyon manata, o cümlədən depozit portfeli 14,15% artaraq 22 125 milyon manata çatıb.

Həmçinin qeyd olunub ki, Azərbaycanın bank sektoru bu ilin yanvar-iyun aylarında 366,3 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,45% azdır.

N.Baydəmirli hesab edir ki, banklar çox qazansalar da, az ödəməyə davam edirlər: “Deyirlər ki, əməliyyat gəlirləri artıb, ancaq mənfəətdən toplanan verginin faizləri azalıb. Bu o deməkdir ki, banklar vətandaşların hesabına daha da varlanır, xidmətləri daha da artır, ancaq onlar həm də bu gəlirləri müxtəlif layihələrə xərcləyərək, zərərlərini artıq göstərərək daha az vergi ödəyirlər”.

Mərkəzi Bank məlumatına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi də artıb. Belə ki, bu rəqəm iyulun 1-nə 914,6 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 2,4% çoxdur. Qurumun məlumatında həmçinin bildirilir ki, əhaliyə verilən ipoteka kreditlərinin həcmi artıb. “İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 203,4 milyon manat ipoteka krediti verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur”, – deyə xəbərdə qeyd edilib.

N.Baydəmirli problemli kreditlərin artmasını belə şərh edib:

“Problem ona görə artır ki, insanların vəziyyəti pisləşdikcə, təbii ki, qaytarılmayan kreditlərin faizi artacaq. Yəni siz istehlak krediti götürmüsünüz və onu ödəyə bilmirsinizsə, bu kredit faizi gecikirsə, deməli, qaytarılmayan kreditlərin faizi artacaq”.

Ekspert onu da qeyd edib ki, banklar ipotekaya vəsait ayırmırlar: “İpoteka kreditlərinin şərtləri o qədər çətindir ki, bunu təxminən 800 manatdan yüksək maaş alan, ailənin gəlirləri 2000 manatdan yüksək olan vətəndaşlar ödəyə bilər. Ona görə də ipoteka kreditləri büdcədən maliyyələşir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button