İqtisadiyyat

Gülbəşəkər rəqəmlər yenə “inkişaf nağılına” bəzək oldu…

Ukrayna və Rusiya savaşı gündəmi nə qədər zəbt eləsə də, ölkədə baş verən ciddi prosesləri gözdən qaçırmaq olmaz. Bu günlərdə Azərbaycanın Baş naziri Əli Əsədov hökumətin 2021-ci il üzrə hesabatını Milli Məclisə təqdim etdi. Yəni ancaq təqdim etdi. Nə bu barədə müzakirə keçirildi, nə də bu hesabata bir etirazını bildirən oldu.
Bir-iki millət vəkili isə guya danışdı.
Bu danışıqlar zamanı yadıma rayonlardan birində yaşamış rəhmətlik Validə xanım düşdü. Deməli, rayona prezident, deputat, nazir və ya başqa hörmətli qonaq gələn kimi icra başçısı Validə xanımı axtarırdı, o da çıxıb bir-iki tərif deyir, ardınca su quyusu, transformator problemlərini sadalayırdı. Axşam da bütün telekanalların ulduzu Validə xanım olurdu.
Azərbaycan hökuməti Sovet dövrünün naftalin qoxusu verən təfəkküründən hələ də qurtula bilmir.
Milli Məclisin 15 komitəsi var, bu hesabatın, demək olar, hamısına aidiyyatı var. Necə olur ki, ölkənin birillik hesabatı bir neçə saat içində verilir, olur-bitir?
Yaxşı YAP-ı başa düşdük, hakimiyyət partiyasıdır. Bəs bu parlamentdə olan “müxalifət” partiyalarının hansının İqtisadi məsələlər üzrə müavinliyi, müşavirliyi, bir sözlə, iqtisadçı komandası var?
Varsa, onlar hökumətin illik hesabatını dinləməyə və sorğulamağa komanda olaraq hazır idilərmi?
Rəy, təklif və iradlarını dünən və bu gün görə bildikmi? Və o müavinlərin hökumətin fəaliyyəti ilə bağlı son 1 ildə hansısa tənqidi fikrinə rast gəlmisinizmi?
Yox! Heç vaxt da olmayacaq.
Siyasi institut olaraq formalaşmamış, süni yaradılmış partiyalarla bu parlament davam etdiriləcəksə, hər il eyni tipli “hesabatlar”ın şahidi olacağıq.
Ölkə iqtisadiyyatına məsul qurumlar real iqtisadiyyatın problemləri ilə məşğul olmaq əvəzinə, vaxtının çoxunu ümumi sözlərdən ibarət çıxışlara yönəlmiş tədbirlər, aylıq, rüblük, illik hesabatlar hazırlamağa ayırır. Onların bu hesabatları da özlərinə aid media – yalan təbliğat maşını üçün materiala çevrilir.
Təsəvvür edin, bəşəriyyət Üçüncü Cahan Müharibəsinin astanasındadır. Bütün iqtisadi münasibətlər, demək olar ki, alt-üst olub. Biz hələ də şişirdilmiş rəqəmlərlə baş aldadırıq və bizim Baş nazir ölkə vətəndaşının ağır durumuna və dövlətin iqtisadi problemlərinə çəhrayı gözlükdən baxır. Halbuki ağır sosial-iqtisadi problemlər içində boğulan ölkə vətəndaşının durumu dünyanın iqtisadi çöküşünün fonunda daha da ağırlaşacaq.
Baş nazirin niyə belə dediyinin və parlamentin səssiz şəkildə dinləməsinin səbəbləri, əlbəttə ki, bizə yaxşı məlumdur, ölkənin yarıtmaz, orta səviyyədən də aşağı iqtisadi siyasətini bu yolla gizlətməyə çalışırlar.
Məsələn, istəmirlər ki, onların Azərbaycan xalqının 500 milyon dollarını necə havaya sovurduğu ortaya çıxsın. Rusiyanın özünə faydası olmadığı, bu ölkənin milli valyutasının dayanıqlı olmadığı Ukrayna böhranından əvvəl də məlum idi. 500 milyon dolları aparıb VTB-də rubl kimi batırınca, onu min iş adamı arasında bölüşdürüb, kifayət qədər iş görmək mümkün idi.
Əziz xalqım, biz artıq rəqəmsal transformasiya çağındayıq. Bu çağda ərazilərin böyüklüyü, kiçikliyi deyil, innovasiya, loyal ekosistem önəmlidir. Sinqapur bizim Göyçay boydadır, ancaq bu balaca cırtdan ölkənin illik ixracı 518 milyard dollardır. Fantastik rəqəmdir, ancaq realdır.
Bəs bizdə? Ölkənin içində bütün sahələr üzrə idarəetmə iflasa uğrayıb.
Azərbaycan iqtisadiyatının inkişafı kameralar önündə məmuru danlamaqla qurulmur.
Ölkənin bugünkü iqtisadi durumu bağlı qapılar arxasında dövriyyəyə girən başqa mətləblərdən dolayı bu vəziyyətdədir.
Çünki məqsəd bu xalqın başının sosial-iqtisadi problemlərdən qaldıra bilməməsini təmin etməkdir.
Hakimiyyətin siyasəti budur ki, Azərbaycan insanı maliyyə azadlığı əldə edə bilməsin, düşünə bilməsin, daim hökumətin qəpik-quruşuna möhtac qalsın…
Hərdən əməkhaqqı və təqaüdlər üzrə edilən cüzi artımlar da göz boyamaq üçündür. Həmin 15-20% artım avtoritar rejimi qorumaq üçün həyata keçirilən sosial siyasətin əsl mahiyyətidir. Yəni anlayacağınız, bir tikə çörək verirlər ki, hər gün onu da itirmək təhlükəsini xatırlayaq!
Fikrimiz-zikrimiz çörək dərdi olsun, başqa heç nəylə maraqlanmayaq.
Mədəmizin durumu demoktatiya haqqında düşünməyə imkan verməsin. O demokratiya ki, azad seçkinin təməlidir və bu səbəbdən də dəfələrlə deyirik, xalq aktiv siyasətə qoşulmalıdır ki, parlamentdə onun seçmədiyi saxta millət vəkilləri oturmasın.
Nə vaxta qədər ki, saxta millət vəkilləri və oyuncaq süni partiyalar parlamentdə olacaq, elə bu xalqa da belə saxta hesabatlar sırınacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button