İqtisadiyyat

Bahalaşma nə zamana kimi davam edəcək? – İqtisadçıdan PROQNOZ

Azərbaycanda qiymət artımının sürəti azalmır. Rəsmi rəqəmlər də onu göstərir ki, iki ildir ölkədə inflyasiyanın artım tempi dayanmır. Buna görə də, çox güman ki, növbəti ildə də qiymət artımları davam edəcək.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli növbəti ildə də bizi gözləyən bahalaşmadan, onun səbəbləri və aradan qaldırılma yolları barədə danışarkən deyib. Ekspert bildirib ki, bahalaşmanın səbəbləri aradan qaldırılmadıqca, qiymət artımı davam edəcək:
“Bu səbəbləri aradan qaldırmaq üçün müxtəlif yollar var. Biri orta-uzun vadəli yollardır, digəri isə qısa vadəli yollardır.
Orta-uzun vadəli yollar odur ki, yerli istehsal artır, sənaye müəssisələri, istehsal sahələri yaradılır, yerli istehsalı artırmaq yolu ilə bazarda bolluğun olmasına şərait yaradılır. Təəssüf ki, bununla bağlı çox qısa zamanda irəliyə doğru ciddi bir artımın olacağını söyləmək mümkün deyil”.
N.Cəfərli bildirib ki, geosiyasi gərginlik, Rusiyanın Ukraynaya təcavüzünün davam etməsi də qiymət artımına təsir göstərir:
“Çünki biz dünyadan, idxaldan çox asılı ölkəyik. Yerli istehsal yox səviyyəsindədir, biz özümüz özümüzü ərzaq məhsulları ilə cəmi 25 faiz təmin edirik. Dərman preparatlarıylasa cəmi 4 faiz təmin edə bilirik, 96 faiz isə dünyadan asılıyıq. Bütün bunlar onu deməyə əsas verir ki, qısa vadəli təsir göstərə biləcək qərarların alınmasına ehtiyac var. Biz bunu aylardır təklif edirik ki, Azərbaycan hökuməti ərzaq və dərmanlarda vergi və gömrük güzəştlərinə getməlidir. Vergilər aşağı salınmalıdır, Əlavə Dəyər Vergisi ərzaq və dərmanlarda 18 faizdən 2 faizə salınmalıdır. Dərman preparatlarında gömrük rüsumları sıfırlanmalıdır. Çünki biz onsuz da istehsal edə bilmiriksə, gömrük rüsumunun yuxarı saxlanmasına ehtiyac yoxdur. Bütün bu addımlar atılmalıdır ki, 2023-cü ildə qiymət artımının qarşısını ala biləcək ciddi bir təməl yaransın”.(Tribuna)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button