İqtisadiyyat

Azərbaycanda banklar vətəndaşa kredit verməməlidir – İqtisadçı səbəbləri açıqladı

Azərbaycanda əhaliyə onun ödəniş qabiliyyəti ilə müqayisədə çox kredit verilir. Bu da normal hal hesab edilmir. Ona görə ki, əhali krediti əsasən istehlakı üçün götürür. Odur ki, kreditlərin elə dövlət layihələrinə, sahibkarlığın inkişafına ayrılması daha məqsədəuyğundur. Çünki nəticədə yeni iş yerləri yaradılır və əhalinin məşğulluğu təmin olunur.

Jamaz.info xəbər verir ki, bu fikirləri Publika.az-a Mərkəzi Bankın kredit portfeli haqda məlumatı ilə bağlı açıqlamasında iqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirib.

“Mərkəzi Bankın təqdim etdiyi məlumatda qeyd olunur ki, ölkədə bank və digər kredit təşkilatlarının kredit portfeli 2022-ci ilin dekabrın 1-nə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artaraq, 20218,7 milyon manat təşkil edib. Burada göstərilir ki, həmin məbləğin 80,7 faizi (16312,5 milyon) uzunmüddətli kreditlərdir. Deməli, o kreditlərin mütləq əksəriyyəti iri dövlət layihələrinə, işğaldan azad edilmiş bölgələrdə bərpa-quruculuq işlərinə və s. ayrılıb. Açıqlanmasa da, uzunmüddətli kreditlərin faiz göstəricisinə əhaliyə ipoteka kreditlərinin verilməsini də təxmin etmək olar”, – deyə ekspert fikirlərinə əlavə edib.

Əkrəm Həsənov bildirib ki, əslində dövlətin iri layihələrə, sahibkarlığın inkişafına kredit ayırması müsbət haldır:

“Azərbaycanda əhalinin ödəniş qabiliyyəti aşağıdır. Amma buna baxmayaraq, ona çox kredit verilir. Bu da ki, anormal hal hesab edilir. Odur ki, kreditin sahibkarlığın inkişafına dəstək, yeni iş yerlərinin yaradılması məqsədilə ayrılmasının daha məqsədəuyğun olduğunu düşünürəm”.

Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Bankın təqdim etdiyi məlumatda 2022-ci il dekabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfelinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artaraq, milli valyuta ekvivalentində 20218,7 milyon manat təşkil etdiyi bildirilib. Dövlət Statistika Komitəsindən ümumi kredit portfelinin 16312,5 milyon manatının və ya 80,7 faizinin uzunmüddətli kreditlərin payına düşdüyü deyilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button