İqtisadiyyat

130 minlik tenderini udan şirkətin sahibi AMEA-da yüksək vəzifədə çalışır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Service and Supply Ltd” MMC olub.

“Service and Supply Ltd.” MMC AMEA-ya 2021-ci ildə illik müxtəlif sərfiyyat və xüsusi tətbiqetmə malları satacaq. Satılacaq məhsullar üçün AMEA-dan 129 min 964 manat alacaq.

“Service and Supply Ltd.” MMC 07.12.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 11 manat olan MMC Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 25 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızıdır.
Tenderlə bağlı diqqət çəkən məqam odur ki, müsabiqənin qalibi olan MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı eyni zamanda AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.
“Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yaxılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir. Amma göründüyü kimi, satınalan təşkilat olan AMEA-nın keçirdiyi tender müsabiqəsinin qalibi olan podratçı şirkətin – “Service and Supply Ltd.” MMC-nin direktoru AMEA-dan əmək haqqı alan vəzifəli şəxsdir.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimli bildirdi ki, o “Service and Supply Ltd.” MMC-nin qanuni təmsilçisi yox, təsisçisidir: “Şirkəti mən yaradıb başqasına həvalə etmişəm, onun işlərini idarə edən də direktordur”.
Tender müsabiqəsini keçirən AMEA İşlər İdarəsinin müdiri sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovdur.
İşlər İdarəsinin müdir müavini isə AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəninin qardaşı Fikrət Əli Səftər oğlu Əliyevdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button