İqtisadiyyat

Ərzaq bahalaşacaq

Ötən həftəsonu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından etibarən neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib. Bu qərardan sonra neft qiymətlərində təxminən 5 dollara yaxın artım olub.

Neft hasilatının azaldılması ilə bağlı müsbət proqnozlarla yanaşı, bunun digər sahələrdə qiymət artımına və inflyasiyanın sürətlənməsinə səbəb olacağı ehtimal edilir.

Bəs “Qara qızıl”la bağlı yeni qərar Azərbaycana necə təsir edəcək?

Jamaz.info xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, neftin qiymətinin artması Azərbaycan üçün pozitiv xəbərdir:

“Azərbaycan neft və qazdan asılı ölkədir. Ona görə də, istənilən halda neft və qazın qiymətinin artması Azərbaycan üçün pozitiv xəbərdir. Neftin qiymətinin hər bir dollar artımı 400-450 min dollar əlavə gəlir gətirir. 5 dollarlıq artım onsuz da Azərbaycana əlavə 3 milyon gəlir gətirir. Bu, həm də onu göstərir ki, Azərbaycan kifayət qədər neft-qazdan asılı ölkədir. Bundan əlavə, qeyd edim ki, qiymətin artması ilə yanaşı, enməsi haqda da düşünmək, iqtisadiyyatı ona hazırlamaq lazımdır”.

Ekspert hesab edir ki, yeni qərar xaricdən gələn məhsulların qiymətinin artmasına səbəb ola bilər: “Neftin qiymətinin artması dünyada qiymətləri də artırır. Çünki logistika xərcləri artır. Azərbaycan idxaldan asılı ölkə olduğu üçün xaricdən gələn məhsulların qiymətində artım ola bilər”.

Beynəlxalq iqtisadiyyat üzrə ekspert Orxan Bağırov isə bildirib ki, neft hasilatının aşağı salınması inflyasiyanın sürətlənməsinə birbaşa imkan yarada bilər:

“Neftin qiymətinin qalxması OPEC üzvlərinə sərf edir. Çünki bu, onların gəlirlərini artırır. Qlobal inflyasiya onsuz da yüksəkdir. Məsələn, ABŞ neft qiymətlərinin qalxmasında maraqlı deyil. Çünki daxili bazarda qiymət qalxır. Bir çox ölkələr istehsal prosesində enerji daşıyıcılarından istifadə edir. Bu durum isə qlobal inflyasiyanı sürətləndirəcək və qiymət artımlarına səbəb olacaq”.

Ekspert düşünür ki, son proseslər Azərbaycan üçün inflyasiya idxalını artıra bilər: “Bu, bir yandan Azərbaycanın neft gəlirlərini artırmış olacaq, digər tərəfdən qiymətlərdə artım yarada bilər. Bunlar bir-birini kompensasiya edə bilən amillərdir. Dəyişiklikdən sonra neftin qiyməti elə də kəskin artmayıb. Ona görə də, bunun təsirləri çox yüksək olmayacaq, eləcə də irəliləyən günlərdə kəskin qiymət artımına səbəb olma ehtimalı yoxdur. Neftin qiymətində 5-10 dollarlıq dəyişiklik müxtəlif aylarda özünü göstərir. Yəni bu aralıqda qiymətlər arta və düşə bilir”.

O.Bağırov əlavə edib ki, enerji daşıyıcılarının qiyməti artanda istehsal prosesi baha başa gəlir:

“Məhsulun istehsalında elektrik enerjisindən və enerji daşıyıcılarından istifadə olunur. Neft-qazın qiymətinin qalxması avtomatik istehsal prosesinə təsir edir və məhsulun maya dəyərini qaldırır. Bu, həm də daşıma xərclərinə təsir edir. Çünki daşınma üçün istifadə edilən nəqliyyat vasitələri də enerji daşıyıcılarından ayrılan məhsullarla işləyir. Artım ərzaq qiymətlərinin qalxmasına da səbəb ola bilir. Çünki məhsullar istixanalarda istehsal olunur. Həmin istixanaları qızdırmaq, normal temperaturda saxlamaq üçün avtomotik enerji daşıyıcılarından istifadə edilməlidir. Əlbəttə, bu da prosesə təsir edir. Tətbiq olunan gübrənin qiymətinin artması digər məhsulların istehsalına təsir etmiş olur. Ancaq yaxın dövrdə böyük artımlar gözləməyə ehtiyac yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button